воскресенье, 7 января 2018 г.

Bizdə 37-ci il başa çatmaq bilmir


2018 Yanvar 03 (Çərşənbə)  14:21:47
Kamal Əli

Bakılı Aza Rəhmanova öz vəsaiti ilə qəbirstanlıqda qohumları və Sovet siyasi repressiyalarının qurbanı olmuş bütün azərbaycanlılar üçün kiçik ailə panteonu tikdirib. Rəhmanovlar ailəsinin 17 üzvü kommunizm təzyiqinə məruz qalıb.

Azərbaycanda kommunizm qurbanlarına həsr olunmuş abidə yoxdur. Bundan başqa, SSRİ-nin dağıldığı zamandan etibarən Azərbaycan Respublikasının rəhbərləri, tək-tük hallar istisna olmaqla, xüsusi xidmətlərin arxivlərini açmaqdan imtina edirlər (İnformator Elçin Behbudovun adı açıqlanıb). Daxili işlər Xalq Komissarlığı - DTK tərəfindən törədilmiş dövlət cinayətlərinin gizlədilməsi xətti bu gün də davam etdirilir.

"Ömrüm boyu fədakarlıqla xidmət etdikləri rejim tərəfindən təqsirsiz olaraq repressiyaya məruz qoyulmuş, məhv edilmiş doğmalarımın - atamın, əmimin məzarının olmaması fikri mənə rahatlıq vermirdi. Əlimə imkan düşən kimi Bakı qəbirstanlığında repressiyaya məruz qalmış qohumlarımın və dəhşətli repressiya illərində həlak olmuş bütün azərbaycanlıların xatirəsinə abidə ucaltdım", deyə A.Rəhmanova ailənin faciəsindən danışıb.

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin icraçı direktoru Eldar Zeynalov Turan-la söhbətində Stalin gülləbaranından 80 ildən çox vaxt keçməsinə baxmayaraq, ölkə rəhbərliyinin repressiyaya məruz qalanların cinayət işlərini açmaq istəməməsinə təəccübünü bildirib. "Arxivləri ona görə açmırlar ki, gizli informatorların-xəbərçilərin, məhkəmədənkənar "üçlüyün" və təqsirsiz insanlar barəsində hökm çıxaran digər dövlət qurumlarının üzvlərinin adlarının və milliyyətlərinin üzə çıxmasından qorxurlar", Zeynalov belə ehtimal edir.

2013-cü ildə MTN A.Rəhmanovanın atasının 80 il əvvəlki (1937-ci il) işi ilə tanış olmasına imkan yaratmaqdan imtina edib. Bunun iş üzrə şahid ifadəsi verən şəxslərin - yəni xəbərçilərin və yalançı şahidlərin hüquqlarının müdafiəsi məqsədilə edildiyini izah ediblər. İmtina edərkən qanunvericiliyə istinad ediblər, odur ki, bu, keçmiş MTN rəhbərliyinin öz təşəbbüsü deyildi.

2017-ci ilin sentyabrında DTX-yə xahişlə müraciət edən digər bir azərbaycanlıya da imtina cavabı verilib. "İş" 1934-cü ilin dekabrında Kirovun qətlindən sonra həbs edilmiş və 1935-ci ildə mühakimə edilmiş Azərbaycan almanına aid idi. Onun işinin kimin maraqlarına toxuna biləcəyi aydın deyil. Amma almanın nəticəsinin işlə tanış olmasına icazə verməyiblər. Dövlət yüz ilə yaxın bir müddətdən sonra böhtana məruz qalanların hüquqlarını pozaraq, böhtançıların hüquqlarını müdafiə edir, bir halda ki, hər ikisi artıq dünyasını dəyişib, deyə Zeynalov bildirib.

Azərbaycanda Rusiyanın təcrübəsini təkrar edirlər. 2016-cı ilin yanvarında Rusiya Federasiyasının Dövlət Sirrinin Müdafiəsi üzrə Komissiyası 1917-ci ildən 1991-ci ilə qədər xüsusi xidmətlərin işi haqqında məlumatların məxfilikdən çıxarılması haqqında ərizəni təmin etməkdən imtina edib. Komissiya Ümumrusiya Fövqəladə Komissiyası - Daxili İşlər Xalq Komissarlığı - Dövlət Təhlükəsizliyi Komitəsinin iş metodları haqqında məlumatın aktuallığının hələ də davam etdiyi, onların yayılmasının RF milli təhlükəsizliyinə ziyan vura biləcəyi barədə qərar verib, - deyə komissiyanın ərizə müəlliflərindən biri vəkil İvan Pavlova cavabında bildirilir.
Ukraynada xüsusi xidmət arxivlərinin açılması prosesi prezident V.Yuşenko zamanında başlayıb. Prezident V.Yanukoviç zamanında proses dayandırılıb. Amma Yanukoviçi əvəz edən prezident V.Poroşenko arxivləri açmayıb.
Bu sahədə ən cürətli qanunvericilik xüsusi xidmət arxivlərini məxfilikdən çıxaran Çexiyada qəbul edilib.

Azərbaycanda repressiyaya məruz qalanların sayı haqqında dəqiq rəqəm oxdur. Professor Eldar İsmayılovun məqaləsindən:

- 31 yanvar 1938-ci il tarixində bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu ayrı-ayrı respublikalar, vilayətlər və əyalətlər üzrə yeni "repressiyaya məruz qoyulacaq əlavə say" normasını müəyyən edir. Bu dəfə yaxın üç ayda Azərbaycanda 2000 nəfər güllələnməli, 1000 nəfər uzunmüddətli həbs cəzasına məhkum edilməli idi.

İsmayılov İ.Stalinin birbaşa A.Rəhmanovanın ailə üzvlərinə aid əmrindən sitat gətirir. Stalinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ünvanına 26 sentyabr 1937-ci il tarixli şifroqramında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında kütləvi repressiyaların başlanması haqqında göstəriş verilir. İki qardaşın - Azərbaycan SSR Xalq Komitəsi Şurasının sədri Hüseyn Rəhmanovun və partiyanın Naxçıvan bölgə komitəsinin birinci katibi Həsən Rəhmanovun həbsinə icazə verən Stalin daha sonra yazır: "Sizdən Həsən Rəhmanov tərəfindən batırılmış Naxçıvan Respublikasını bütün alçaqlardan təmizləməyi xahiş edirik. Nəzərə alın ki, Naxçıvan Respublikası bütün Zaqafqazyada ən təhlükəli məntəqədir. Orada rəhbərliyə əsl sınanmış bolşevistlər qoyulmalıdır...".

Yaxın aylar ərzində ümumilikdə 275 000 nəfər "üçlük" tərəfindən həbs və mühakimə edilməli idi. Əmrdə qeyd edilirdi ki, birinci kateqoriyaya, başqa sözlə güllələnməyə 82700 nəfər, uzunmüddətli həbsə 193000 nəfər məhkum edilməli idi. Azərbaycan üçün norma Bolşeviklərin Ümumsovet Kommunist Partiyasının Siyasi Bürosunun 10 iyul 1937-ci il tarixli qərarına əsasən müəyyən edilmişdi.

Həbs, mühakimə və məhkəmədənkənar hökmlərin icrası hallarını məxfi saxlayaraq, Azərbaycan cinayətkarlarla əlbirlik edir və gələcəkdə bu cür dövlət əməllərinə son qoyulacağına ümid vermir.

Eldar Zeynalov:

- Qanunda belə bir ifadə var ki, "müstəsna hallarda, dövlət və xalqın maraqları naminə" "əməliyyat-axtarış metodlarının üstünü açmamaq" və "orqanlarla əməkdaşlıq edən insanların hüquqlarını pozmamaq" üçün repressiyaya məruz qalanların işlərini müəyyən edilmiş müddət keçdikdən sonra da məxfi saxlamaq olar. Amma həmin vaxt hansı metodların tətbiq edildiyini, casusların hansı yalan məlumatları verdiyini və bu mühakimələrin rəsmi olaraq həm SSRİ dövründə, həm də müstəqillik dövründə olduğunu nəzərə alsaq, məxfiləşdirmə xalqın və dövlətin maraqlarına cavab vermir. Özü də, söhbət 1920-30-cu illərdən gedirsə, onlardan kim 110 yaşına qədər yaşayıb? Daxili İşlər Xalq Komissarlığının o vaxtki bütün casusları ölüb, ata-babalarının cinayətləri isə onların övladlarına və nəvələrinə aid deyil.

Övladlar atalarının təqsirinə görə cavabdeh deyil, amma Azərbaycanda repressiyaya məruz qalanların övladları onların harada dəfn edildiyini, ata-babalarının necə və kimin xəbərçiliyi ilə "enkavedeçilər" tərəfindən güllələndiyini öyrənə bilmirlər. Bizdə 37-ci il başa çatmaq bilmir...

http://www.contact.az/ext/news/2018/1/free/Social/az/67972.htm

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.