среда, 3 января 2018 г.

Yerimiz də dar, kefimiz də pis...

Kamal Əli
Deməyə sözüm var... 

2018 Yanvar 02 (Çərşənbə axşamı) 15:23:11 Contact.az

Ötən illərdən fərqli olaraq, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində ölkəmizdə gözlənilən prezident amnistiyası elan edilmədi. Penitensiar müəssisələrdə saxlanılan bir çox şəxs şən bayramı kamera yoldaşları ilə xüsusi həvəs, şampan, ev plovu və salatları olmadan qarşılamaq məcburiyyətində qaldı.

Almaniyada isə ötən həftə milad amnistiyası elan olundu. Almaniya həbsxanalarının 2000-ə yaxın məhbusu evlərinə, ailələrinin yanına buraxıldı. Uzaq Danimarkada da məhbuslar bayrama gözəl hədiyyə aldılar. Orada bu yaxınlarda Qundslev şəhəri yaxınlığında Storstryom həbsxanası açılıb. Beynəlxalq standartlara əsasən, bu həbsxana dünyada ən rahat penitensiar müəssisə kimi qəbul edilib. Daily Mail-in məlumatına görə, 250-yə yaxın məhbusun yerləşdirildiyi binanın tikintisinə təxminən 135 mln. avro xərclənib.

Dünyada "ən humanist" həbsxananın memarı bildirib ki, adi həbsxana kameraları ilə müqayisəyə belə gəlməyən təmtəraqlı apartamentlər məhbuslara maksimum rahat şərait yaratmaq üçün nəzərdə tutulub. Bunun residivistlərin sayının azalmasına şərait yaratdığı düşünülür. Hər bir "nömrə" soyuducu, 22 düymlük televizor, böyük pəncərə və qarderob, işıqlı yazı masası və şəxsi hamam otağı və rahat yataqla təchiz edilib. Bir kameranın sahəsi təxminən 40 kvadrat futdur (bir kvadrat fut 0,09290304 kvadrat metrə bərabərdir - red.).

Penitensiar müəssisədə həmçinin geniş ümumi zallar, məhbusların yemək hazırlaya biləcəyi mətbəxlər, habelə kilsə, idman meydançası və zalı var.

Bu arada, Azərbaycanda məhbusların saxlanma şəraiti ilə bağlı vəziyyəti 2017-ci il dekabrın sonlarında "Zəif əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində keçirilmiş "Azadlıqdan məhrumetmə yerlərinə ictimai nəzarət və dövlət nəzarəti mexanizmlərinin qarşılıqlı fəaliyyəti" mövzusunda seminar-treninqdə müzakirə olunub. Layihə UNDP və Azərbaycan Hüquq Müdafiə Mərkəzi (AHM) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.

AHM rəhbəri Eldar Zeynalovun Turan-a verdiyi məlumata görə, Azərbaycan həbsxanalarında məhbusların saxlanma şəraiti əvvəlki kimi, ürəkaçan deyil. Bunu ölkənin regionlarında islah müəsisələrində bu yaxınlarda aparılmış monitorinqin nəticələri göstərir. Belə müəssisələrin əksəriyyətində bir məhbusa düşən yaşayış sahəsi normaya cavab vermir, regionlarda həbsxana tikintisinə zərurət var. Amma bu problemin həlli maliyyələşmədən asılıdır.

"Ölkəmizdə yaşayış sahəsi standartı 2000-ci ildən dəyişmir. Həmin vaxt bir məhbus üçün 4 kv. m və bir xəstə məhbus üçün 5 kv. m-lik normativ təsdiq edilib. Amma bu, o demək deyil ki, hər yerdə bu normaya riayət olunur. Monitorinqlər göstərib ki, bir çox həbsxanalarda bir məhbusa ən çox 2,5 kv m yaşayış sahəsi düşür. Bu, həddindən artıq azdır. Baxmayaraq ki, bəzi müəssisələrdə şərait milli standarta çatır. Avropa standartına - bir nəfərə 6 kv m - yalnız Şəkidəki yeni həbsxanada və ömürlük məhbuslar üçün yeni vərəm korpusunda riayət olunub", deyə hüquq müdafiəçisi qeyd edir.

Onun sözlərinə görə, penitensiar müəssisələrdə sıxlıq dedikdə, bu, növbə ilə yatmaq və tualetə getmək demək deyil, insanın normaya uyğun 4 kv m sahə ilə təmin edilməməsidir. Yatmağa hamının yeri var, bəzi yerlərdə hətta yer limiti tükənməyib, amma adambaşına təxminən 3 kv m düşür. Yeni tikilən həbsxanalarda milli standarta deyil (4 kv m), Avropa standartına (6-7 kv m) riayət olunur. Təəssüf ki, penitensiar müəssisələrin infrastrukturunun müasirləşdirilməsi çox zəif gedir.

Həbsxanalarda sıxlığın səbəblərindən biri Azərbaycanda kriminal vəziyyət, cinayətkarlığın artmasıdır. Rəsmi məlumatlara görə, bu gün azadlıqdan məhrumetmə yerlərində 24 mindən çox insan cəza çəkir. Cəmiyyətdə belə bir fikir hökm sürür ki, vətəndaş fəalları saxta ittihamlarla həbs edilməsəydi və məhkəmələr cinayətin ağırlıq dərəcəsindən asılı olmayaraq ittiham hökmləri "ştamplamasaydı", məhbusların sayı xeyli az ola bilərdi. Bundan başqa, bizdə kiçik hüquqpozmaya görə insanı həbsə atırlar.

"Hər bir cinayət işi polisin rüşvət alması üçün bəhanədir. Hər bir məhbus isə nəzarətçilər üçün "yem təknəsidir". Penitensiar sistemdə məhbuslarla əməkdaşlıq edən işçilər var. Onlar məhbuslara alkoqol, narkotik və hətta mobil telefon keçirirlər... Qəribədir ki, məişət zorakılığına görə heç kimi həbs etmirlər, amma mağazadan bir şüşə araq oğurlasan cəza "yeyirsən". Qərbdən fərqli olaraq, Azərbaycanda kiçik hüquqpozmalara görə alternativ cəza tətbiq edilmir. Görünür, bu, hüquq-mühafizə orqanlarına sərf etmir", deyə Zeynalov qeyd edir.

http://www.contact.az/ext/news/2018/1/free/Want%20to%20Say/az/67960.htm

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.