Ombudsman birini şəxsən tanıyır
25 Apr 2019 11:10
Oxu.Az kriminal tarixdə dərin iz qoymuş səs-küylü cinayət işləri və
kriminal aləmin nümayəndələri barədə silsilə materialların dərcinə
başlayır.
Bu dəfə “qanundankənarlar”ın həyatının bəzi gizli aspektlərini
işıqlandıracaq, Azərbaycanda cinayətkarlığa qarşı mübarizədən söz
açacağıq.
Yəqin ki, çox az adam Qobustan qapalı həbsxanasında hazırda əfsanəvi
“Qurbaşı” dəstəsinin üzvləri - Çingiz Paşayev və Əli Quliyevin cəza
çəkdiyini bilir. Bu cəzaçəkmə müəssisəsinin divarları arasında zaman
olduqca ləng gedir, bir dəqiqə əsrə bərabərdir. Dəmir barmaqlıqlar
arxasında keçirilən 30 il bir ömrün yarısına bərabərdir. Paşayevlə
Quliyev həbsxanada məhz bu qədər cəza çəkib. İndi onlar cinayət işinə
yenidən baxılacağına və cəzalarının yüngülləşdiriləcəyinə ümid edirlər.
Ölüm cəzasına məhkum olunmuş “Qurbaşı” dəstəsinin beş üzvündən yalnız
Paşayev və Quliyev sağ qalıb. Dəstənin başçısı Babayev Qurbanəli Bayıl
həbsxanasının “edam cəzasına məhkum olunmuşların beşinci korpusu”nda
canını tapşırıb. Firudin Rufullayev və Gülağa Məmmədov həbsxananın
divarları arasında dünyasını dəyişib.
Azərbaycanın hüquq-müdafiə mərkəzinin direktoru Eldar Zeynalov Oxu.Az-ın
əməkdaşı ilə söhbətində “Qurbaşı” işinin Azərbaycanın ədliyyə
praktikasının ən qalmaqallı cinayət işlərindən olduğunu söyləyib.
“Qurbaşı” soyğunçulardan ibarət dəstə idi. Onlar Sovet respublikalarında
əməkhaqlarının verilməsi vaxtı kassaları soyaraq, sonradan Azərbaycana
qayıdır və bir müddət “saya otururdular”. Məhz buna görə Sovet
hüquq-mühafizə orqanları uzun müddət cinayətkarların izinə düşə
bilməyib.
Ombudsman Elmira Süleymanova “Qurbaşı” dəstəsinin ömürlük azadlıqdan məhrum edilmiş bir üzvünü şəxsən tanıyır.
Maraqlıdır ki, dəstə üzvlərinin beşi də Azərbaycan SSR Milli Elmlər
Akademiyasının Neft-Kimya İnstitutunun təcrübə-sənaye zavodunda işləyib.
Zeynalov bildirib ki, onlardan birini – Əli Quliyevi ombudsman Elmira
Süleymanova şəxsən tanıyır. Bir vaxt Quliyev sifariş əsasında onun elmi
işi üçün cihaz hazırlayıb. 11 il ərzində Quliyev kimyəvi məhsulların
hazırlanması üzrə qurğuda ən yüksək – beşinci dərəcəli baş əməliyyatçı
işləyib, istehsalat müəssisəsinin qabaqcıl işçilərindən olub, onun şəkli
zavodun şərəf lövhəsindən asılıb. Heç kimin təsəvvürünə belə gəlməzdi
ki, belə nümunəvi insan kassaları yara, insanları qətlə yetirə bilər.
Dövlət ittihamçıları “Qurbaşı” dəstəsinin üzvlərinin yalnız bir neçə
ittiham üzrə (onlardan ikisi qətllə bağlı olub) mühakimə olunmasına nail
olub, halbuki hüquq-mühafizə orqanları onları onlarla ağır cinayət
törətməkdə şübhəli bilirdi.
Dəstə üzvləri yönləndirmə əsasında fəaliyyət göstərib. Onlara maaşların
veriləcəyi ərəfədə hansı kassaya nə vaxt pul kütləsinin daxil olduğu ilə
bağlı məlumatlar çatdırılıb. Öz mənbələrindən məlumatları aldıqdan
sonra dəstə üzvləri işdən bir neçə günlük icazə alaraq maşınla qonşu
respublikalardan birinə yollanır, kassaları qarət edir və müqavimətlə
rastlaşdıqda ağına-bozuna baxmırdılar. İlk dönəmlərdə hüquq-mühafizə
orqanları bu qarətlərin bir-biri ilə əlaqəli olduğunu düşünmürdü. Ancaq
bütün sirlər gec-tez açılır.
1989-cu ilin əvvəlində 14 nəfərdən ibarət qrup həbs olunur. Ən son
saxlanılan Quliyev və Paşayev olur. 14 müttəhimdən beşi ən ağır cəza –
ölüm cəzasına məhkum edilir. Yeri gəlmişkən, dəstə üzvləri üç ayrı SSRİ
ərazi subyektinin Cinayət Məcəlləsi əsasında mühakimə olunub. Azərbaycan
SSR-nin Cinayət Məcəlləsinə (1984-cü il redaksiyası) əsasən, yuxarıda
qeyd olunan şəxslər quldurluqda, iri məbləğli talanda, ağır hallarda
dəstə şəklində qəsdən adam öldürmə, qəsdən adam öldürmənin təşkili,
həyata keçirilməsi və iştirakda təqsirləndirilib. RSFSR Cinayət
Məcəlləsi üzrə onlara quldurluq, qəsdən adam öldürmədə iştirak kimi
ittihamlar tövsif olunub. Dəstə üzvləri, bundan başqa, Gürcüstan
Respublikasının Cinayət Məcəlləsi əsasında mühakimə olunub.
Cinayət işi materiallarına əsasən, 29 noyabr 1984-cü ildə gecə
saatlarında Əli Quliyev onunla əlbir olan üç nəfərlə birlikdə
Gürcüstanın Laqodexi rayonunun İnkikori kəndinə yollanıblar. Orada
“Drujba” kolxozunun xidməti binasına basqın edərək, linglə seyfi
dağıdaraq, içində olan 6086 rublu oğurlayıblar.
Həmin hadisənin üzərindən üç il keçir. 1987-ci il sentyabrın əvvəlində
23:00 radələrində Voronejdə Adəm Məmmədov adlı azərbaycanlı öldürülür.
Məmmədov altı nəfərdən ibarət dəstənin növbəti quldurluq əməli zamanı
həyatını itirir. Quliyev həmin dəstədə yer alsa da, istintaq zamanı onun
qətldə iştirakı sübuta yetirilməyib.
Məmmədovun qətlindən bir neçə gün sonra – sentyabrın 9-da dəstə
Gürcüstanın Bolnisi rayonunun Kazareti qəsəbəsinə yola düşüb. Orada
silahlı qarət zamanı Koseşvili dövlət qurumunun mühafizəçisi qətlə
yetirilir. Ancaq oradan quldurlar əliboş, qanıqara qayıtmalı olurlar,
belə ki, kassanı yara bilmirlər.
Noyabrın 4-də (1987) gecə saat 02:00 radələrində Stavropol diyarının
Koçubekovski rayonunun Vrevsk kəndinə gəlirlər. Onlar qarovulçu Zabolini
ölümlə hədələyərək, iri məbləğdə dövlət əmlakını oğurlayırlar.
1987-ci ilin dekabr ayında isə Binəqədi rayonu ərazisində Suraxanı rayon
Polis İdarəsinin istintaq şöbəsinin rəisi Nəsirov Azər Vəli oğlu
silahlı hücuma məruz qalır. Nəsirov səhər tezdən evdən çıxıb işə
yollanan zaman maşına mindiyi əsnada ona bir neçə “Naqan” tipli
tapançadan atəş açılıb. Cinayətkarlar Nəsirovun öldüyünü güman edərək
hadisə yerindən qaçırlar. Ancaq Nəsirov sağ qalır.
Keçmiş rəisin həmkarlarının dediyinə görə, Nəsirov o vaxtlar “QAZ-24”
markalı avtomobilini çəkinmədən ora-bura sürən tək-tük cavan polislərdən
idi. Sovet dövründə bədxərclik, sui-istifadə halları kəskin şəkildə
məzəmmət olunurdu, hətta cəzalandırılırdı. Ancaq Nəsirovda tam fərqli
vəziyyət idi. Çünki atası – Vəli Nəsirov tanınmış azərbaycanlı professor
idi. Elm sahəsindəki nailiyyətlərinə görə dövlət Nəsirova “QAZ-24”
markalı avtomobil bağışlayıb. Bu isə partiyanın rayon komitəsinin
diqqətindən kənarda qalmayıb.
1985-ci ildə Orconikidze Suraxanı raykom partiyasının ikinci katibi
Vaqif İsgəndərov polis əməkdaşlarının iştirakı ilə iclas keçirir. Orada
asayiş keşikçilərinin bahalı avtomobillər sürməsinin başucalıq gətirən
hal olmadığını bildirib. Deyib ki, sadə vətəndaşları bu mənzərə
qıcıqlandırır, onlar həmin avtomobilin cinayət yolu ilə əldə olunduğu
ilə bağlı bədgümana düşür. Ancaq Nəsirov onun bostanına atılmış daşı
cavabsız qoymur. Ayağa qalxaraq, işə gəlib-getdiyi avtomobilin onun
halal zəhməti ilə qazanmış atasına məxsus olduğunu dilə gətirir.
Avtomobili ona sıradan bir məmur yox, respublika rəhbərliyi elmi
xidmətlərinə görə hədiyyə edib.
Bu arada, Nəsirova qarşı sui-qəsd cəhdi ilə bağlı istintaq iki il
ərzində heç bir nəticə verməyib. İş üzrə əvvəl Nəsirovun həmkarı M.C.
şübhəli şəxs qismində saxlanılsa da, sonradan bəraət alıb və sərbəst
buraxılıb.
20 dekabr 1988-ci ildə Bakının keçmiş Lenin rayonu (Sabunçu) ərazində
yerləşən sənaye binasına basqın olur. Quldurlar zor tətbiq etməklə
kassir Korolyovadan içində pulla dolu çantanı oğurlayaraq, hadisə yerini
tərk ediblər.
5 sentyabr 1989-cu ildə axşam 20:00 radələrində Bakı-Fatmayı yolunun
15-ci kilometrliyində naməlum şəxslər “Xırdalan” pivə zavodunun
direktoru Fazil Şirəliyevi təqib edib və “Naqan” tipli tapançadan dörd
əl atəş açmaqla onu qətlə yetiriblər.
Bu, sovet Azərbaycanının ilk sifarişli qətllərindən biri sayılır. Məsələ
ondadır ki, zavod rəqiblər arasında mübahisə predmeti olub. Direktoru
aradan götürmək üçün kimlərsə “Qurbaşı” dəstəsinə çıxıb və Şirəliyevin
qətli üçün iri məbləğdə pul təklif edib.
İstintaqın gedişində kriminalistlər belə bir nəticəyə gəlib ki, Nəsirov
və Şirəliyevə eyni tapançadan atəş açılıb. Törədilən sui-qəsddən beş gün
sonra izlər müstəntiqləri dəstə üzvlərinə gətirib çıxarıb. Yeri
gəlmişkən, Şirəliyevin qətli Quliyevə qarşı irəli sürülmüş əsas ittiham
olub. Halbuki sonuncu onu qətlə yetirmədiyinə əmin edir.
İş üzrə materiallara əsasən, Quliyev “KQB” (Dövlət Təhlükəsizlik
Komitəsi) əməkdaşı adı altında pivə zavodunun ərazisində olub. O qədər
mahiranə şəkildə cildə girib ki, bütün işçilər ona inanıb. O, zavodun
bütün giriş-çıxışlarını, iş qrafikini, risk dərəcəsini araşdırıb və başa
düşüb ki, planlaşdırılan sui-qəsdi müəssisənin ərazisində həyata
keçirmək olmaz. Şirəliyevi özünün bağ evinin yaxınlığında güllələyiblər.
Bir nömrəli “qanqster”, Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat
müvəkkili Hacı Məmmədov “Qurbaşı” dəstəsinin üzvünə hücum çəkib, onun
qabırğasını sındırmaq üçün masaya qalxdı...
Quliyev 11 sentyabr 1989-cu ildə həbs olunub. Zeynalov istintaq
tədbirləri zamanı Quliyevin qətlləri etiraf etməsi üçün ona işgəncələrin
verildiyini bildirib. Nəticədə, onun bir qabırğası sınıb, böyrəyinin
biri zədələnib. 26 dekabr 1989-cu ildə intihara cəhd edib. Özünü Dövlət
Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında asmağa çalışıb,
vaxtında müdaxilə edildiyindən onu xilas etmək mümkün olub.
Maraqlıdır ki, Quliyevə verilən işgəncələrdə bir nömrəli “qanqster”, 10
mart 2005-ci ildə “Qara Kəmər” adlı xüsusi əməliyyatın gedişində
saxlanılmış və sonradan ömürlük azadlıqdan məhrum edilmiş (2017-ci ildə
kamerada özünü asıb) Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat
müvəkkili Hacı Məmmədov da iştirak edib
Eldar Zeynalovun sözlərinə görə, Quliyev ona işgəncə verən Məmmədovu
2005-ci ildə qəzet baş səhifələrində şəkillərinin çıxmasından sonra
xatırlayıb. Quliyev bu barədə aidiyyəti strukturlara göndərdiyi
şikayətlərdə yazıb, hətta Məmmədovun ona hansı işgəncələr verdiyini
göstərib.
“Orada diqqət çəkən bir hal var idi. Quliyevi qandallayaraq döşəməyə
uzatmışdılar. Hacı Məmmədov onun üzərinə çıxıb, qabırğasını sındırmaq
üçün masanın üzərinə qalxmışdı. Elə alındı ki, həmin an masanın bir
ayağı əyildi, nəticədə, Məmmədov yıxıldı və öz ayağı çıxdı. Əməliyyatçı
bir neçə gün işə gəlmədi və bu günlər ərzində sistematik işgənclərdən
bir qədər dincəldi”, - deyə Zeynalov bildirib.
Quliyevin şikayətinə baxılmasından sonra Hacı Məmmədovun, həqiqətən,
Sovet dönəmində “Qurbaşı” dəstəsinin işi üzrə araşdırmanı apardığı
ortaya çıxıb. Ancaq onun bütün cinayətləri işgəncələr altında etiraf
etməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin olunmayıb.
P.S. Hazırda Azərbaycanda 280 nəfər ömürlük həbs cəzası çəkir.
Onlardan on ikisi artıq 25 ildən çoxdur ki, dəmir barmaqlıqlar
arxasındadır. Aralarında 30 il cəza çəkən Quliyev və Paşayev də var.
Ramella İbrahimxəlilova
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.