22.10.2016, 14:16
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda ötən il 7830 nəfər azadlıqdan məhrum edilib. Onlardan 4-ü ömürlük cəza alıb.
Bu rəqəm 9 milyon əhalisi olan ölkə üçün çox görünsə də, əslində, ötən illərlə müqayisədə aşağı göstərici hesab olunur. Belə ki, 2013-cü ildə ömürlük cəza alanların sayı 15 nəfər, 2014-cü ildə bundan 13,3 faiz az, yəni 13 nəfər olub.
Ümumilikdə isə qeyri-rəsmi rəqəmlərdə Azərbaycanda ömürlük həbs cəzası alanların sayının 270 nəfər olduğu bildirilir.
Hüquq müdafiəçisi Eldar Zeynalov Yeni Müsavat-a mövzu ilə bağlı maraqlı faktlar sadalayıb. O bildirib ki, ömürlük cəza alan məhbusları Qobustan Həbsxanasının 4, 5, 6 saylı rejim korpuslarına yerləşdirirlər: “Habelə xəstə ömürlüklər ”vərəm koloniyasının" (3 saylı) və Tibbi Müəssisəsinin (Mərkəzi xəstəxanada) rejimli korpuslarında yatırlar. Ömürlük azadlıqdan məhrumetmə cəzasının qüvvəyə mindiyi tarixdən ölkədə bu cəza ilə həbs olunan 80 nəfər məhbus artıq dünyasını dəyişib. Onların ölümlərinin əsas səbəbləri xəstəliklər və özünəqəsdlərdir. Bu şəxslərin də üçdə biri, yəni 72 nəfəri, keçmiş “smertniklər”dir (ölüm cəzası verilənlər). Məlum olduğu kimi, 1998-ci ilədək bizdə ömürlük həbs cəzası yox idi. O vaxta qədər ölüm hökmü qüvvədə idi. Ömürlüklərin bir hissəsi 1990-cı illərin siyasi oyunlarının qurbanlarıdır. Misal üçün, Samux icra başçısı vəzifəsində çalışmış mərhum Vaqif Hüseynov və onun oğlu Maqsudun, Qubadlının “Qaranquş” könüllü dəstəsinin üzvləri olan Qayıbov, Şahmuradov və digərlərinin adını qeyd edə bilərik.
“Qarabağ partizanları” adı ilə tanınan dəstənin ömürlük həbs cəzası almış üzvü Məmməd Məmmədovun işi də çox maraqlıdır. Məlumdur ki, bu dəstənin üzvləri 2003-cü ildə bir qrup gənclə dəstə yaradaraq Qarabağda partizan müharibəsi başlamaq istədiklərinə görə həbs ediliblər. Həmin ilin avqustunda 23 nəfər dəstə üzvü keçmiş Milli Təhlükəsizlik Nazirliyi (artıq ləğv edilib) tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub və onlar müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Yalnız Məmməd Məmmədov ömürlük həbs cəzası alıb. Belə ki, əvvəl də onlar qanunsuz silahlı dəstə yaratmaqda ittiham olunmuşdular. Ancaq bu maddə yalnız o zaman keçərlidir ki, konstitusiya əsasında yaranmış qurumlara hücum edirsən. “DQR” və separatçı ordu belə qurumlardan deyildi. Müttəhimlərdən bu maddəni ləğv etdilər. Lakin Məmmədin hökmündə bu maddə qaldı və o, ömürlük həbs cəzası aldı".
E. Zeynalov bildirib ki, təxminəm 3 il bundan əvvəl Qobustan həbsxanasında ümumi vəziyyət kafi olub: “Ancaq özünə qəsdlər və xəstəliklərin səbəbindən ölənlərin sayı da az deyil. Orada ömürlük həbs cəzası alanlar üçün nə təhsil, nə iş, nə də idman üçün şərait var. Dörd divar arasında yatırlar. Bəllidir ki, bu, psixoloji duruma çox pis təsir edir.
Sonda bir məqamı da qeyd edək. Cinayət Məcəlləsinin 57.3-cü maddəsində deyilir: “Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər”.
Hüquq müdafiəçiləri hesab edirlər ki, bu məhbusların bir qisminin cəzası müddətli həbslə əvəz olunmalıdır. Belə ki, onların məhkum olunduqları dövrdə ömürlük həbs kimi bir cəza növü olmayıb.
Qaynarinfo.Az
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.