пятница, 13 ноября 2015 г.

Eldar Zeynalov: Ədliyyə Nazirliyinin qərarı əsassızdır

Dərc olunub 13 noyabr 2015
[SİYASƏT]  

Meydan TV

“Hesab edirəm ki, “qohumluq əlaqələrinin olmaması” ilə əlaqədar imtina əsas ola bilməz, çünki müsahibə üçün rəsmi icazə istənilir"

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin "Turan İA"nin direktoru Mehman Əliyevin həbsdə olan hüquqşünas İntiqam Əliyevdən müsahibə almasına icazə verilməməsini əsassız hesab edir.

Cəzaların İcrası Məcəlləsinin 22.2.-ci maddəsində jurnalistlərin Ədliyyə Nazirliyinin icazəsi ilə penitensiar müəssisələrə baş çəkməsi (şəxsi qaydada deyil, peşə fəaliyyəti ilə əlaqədar) nəzərdə tutulur.

22.4-cü maddəyə əsasən, müsahibə alınması, foto, videoçəkiliş, audioyazı aparılması məhbusun razılığı ilə aparıla bilər. İslah müəssisəsinin təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin foto və videoçəkilişinin aparılması 22.5-ci maddəyə əsasən müvafiq icra orqanının icazəsi ilə həyata keçirilə bilər.

“Hesab edirəm ki, “qohumluq əlaqələrinin olmaması” ilə əlaqədar imtina əsas ola bilməz, çünki müsahibə üçün rəsmi icazə istənilir. Amma Məcəllədə ayrı-ayrı şəxslərin ziyarəti də nəzərdə tutulub"-, deyə Zeynalov bildirib.

“Digər əsasların olmaması” ifadəsinə gəlincə, Məcəllədə birbaşa və birmənalı şəkildə məhbusların KİV-lə əlaqə imkanları nəzərdə tutulur. “Doğrudur, bunun üçün Ədliyyə Nazirliyinin də, məhbusun da icazəsi tələb olunur, amma imtina əsassızdır”, deyə o bildirib.

Və nəhayət, jurnalistin müraciətinin “İctimai iştirak haqqında” qanuna uyğun olmadığı haqqında iddia tənqidə belə layiq deyil. KİV bu qanunun iştirakçıları arasında olsa da, o, dövlət orqanlarına müraciət formasını tənzimləmir.

Məhbusların müsahibə verdiyi hallar az deyil. Bundan başqa, Penitensiar Xidmətin özünün bəzi məhbusların mətbuat üçün bəyanat yaymasına kömək etdiyi hallar olub, deyən Zeynalov ədliyyə nazirinə, ombudsmana şikayət etməyi və ya həttə məhkəməyə verməyi təklif edib.

* Oktyabrın 15-də Mehman Əliyev ədliyyə naziri Fikrət Məmmədova AR Cəzaların İcrası Məcəlləsinin 22.2-ci maddəsinə uyğun olaraq jurnalist qismində İntiqam Əliyevlə görüşü üçün şərait yaradılması xahişi ilə müraciət edib.

Penitensiar Xidmətinin rəis müavini Rafiq Ramazanovun imzaladığı cavab məktubunda bu görüşə icazə verməkdən imtina olunub.

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.