пятница, 10 декабря 2021 г.

Sülhə inanan insan haqda. Erməni və azərbaycanlı həmkarları Əvəz Həsənovun xatirəsini anır

 10.12.2021

Şahin Rzayev

Sona Martirosyan

Azərbaycanda hüquq müdafiəçisi, Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, Azərbaycanda və Ermənistanda sülh quruculuğu sahəsindəki fəaliyyəti ilə tanınan Əvəz Həsənov vaxtsız vəfat edib. Onun 50 yaşı vardı.

Əvəz qarabağlı idi və 1990-cı illərin əvvələrində birinci Qarabağ müharibəsindən sonra məcburi köçkün düşən insanlardan biri olmuşdu. O, sülhün alternativinin olmadığına və ağrının hamı üçün eyni olduğuna əmin idi.

2000-ci ildə hüquq müdafiəçisi Həsənov 1992-1994-cü illərdə Qarabağda müharibə zamanı itkin düşənlərin axtarışı ilə məşğul olan Beynəlxalq İşçi Qrupla işləməyə başlayıb.

Bu qrup tərkibindəki fəaliyyəti sayəsində Həsənov atəşkəs haqda razılaşma əldə ediləndən sonra (1994) Dağlıq Qarabağa səfər edən, doğmalarını axtaran yüzlərlə ailə ilə görüşən, onların hekayələrini dinləyən və hər bir həyatın önəmli olduğuna dair əminliyi bölüşdüyü erməni hüquq müdafiəçiləri ilə dostlaşan nadir azərbaycanlılardan biri olub.

Bakı və Yerevanda uzun illər boyu Əvəzlə işləyən və dostluq edənlər onunla bağlı xatirələrini bölüşürlər.

Eldar Zeynalov, Bakı: “O, münaqişələri söndürməyi bacarırdı”

Eldar Zeynalov – Azərbaycan İnsan Hüquqlarını Müdafiə Mərkəzinin direktoru

“Yadımdadır, birinci Qarabağ müharibəsi zamanı işğal olunmuş Kəlbəcər rayonundan dağlıq yollarla piyada qaçaraq möcüzə nəticəsində sağ qalan Əvəz Bakıya gəlib çıxmışdı və Sosial Demokrat Partiyasının qərargahına gəlmişdi.

Təxminən eyni vaxtda “demokratlar” hökuməti daha əvvəl kommunistlərin ləğv etdiyi senzuranı bərpa etdi. Köçkün kimi özünün çoxsaylı problemlərinə baxmayaraq, Əvəz mənim senzura ilə mübarizə çağırışıma dərhal və enerjili qoşuldu. 1993-cü ilin aprelində Azərbaycan Hüquq Müdafiə Mərkəzinin həmtəsisçilərindən biri oldu.

1990-cı illərdə çoxlarına elə gəlirdi ki, hüquq müdafiəsini çox asanlıqla siyasətlə əvəz etmək mümkündür, amma bu illüziya idi. İndi çoxları Əvəzin ünsiyyətlə nəzakətli olmasını, münaqişələri söndürmək, ümumi dil və ağıllı kompromis tapmaq bacarığını xoş xatırlayır. Amma o vaxt bütün bunlar populyar deyildi və müxalifət tərəfindən tənqid edilirdi. O vaxt sözdə radikallıq daha çox bəyənilirdi.

Əvəz müəyyən tərəddüdlərdən sonra hüquq müdafiəsinin xeyrinə seçim edə bildi. Hətta Gənclər və İdman Nazirliyinin eksperti qismində bir-iki il müddətində gənclər konsepsiyası üzərində işini də bu kontekstdə nəzərdən keçirirdi.

“Hakimiyyətə daxil olduğu” qısa təcrübə onun sonralar həm hakimiyyətlə, həm də müxalifətlə eyni uzaq məsafəni saxlamağa çalışması üçün yetərli olmudu. Bu da onu daxil olduğu istənilən komandanın ən faydalı üzvünə çevirirdi.

Aqunik Qukasyan, Yerevan: “O, sərhədin hər iki tərəfində ağrının eyni olduğunu bilirdi”

Aqunik Qukasyan – dinc zamanda hərbi xidmətdə həlak olan əsgərlərin qohumlarını birləşdirən “Atəşkəs: insan itkisinin ağrısı” ictimai təşkilatının sədri.

“Əvəz çox xeyirxah insan idi və çox gülümsəyirdi.

Biz ilk dəfə Kosovo qurbanlarına həsr olunmuş memorial kompleksin qarşısında görüşmüşdük.

Oğlumun orduda xidmət zamanı həlak olduğunu biləndə yaxınlaşıb, məni qucaqladı. Əvəz əmin idi ki, sərhədin hər iki tərəfində ağrı eynidir. O, bunu çox yaxşı bilirdi, çünki onun qardaşı oğlu da orduda həlak olmuşdu.

Mən həlak olan azərbaycanlıların həyat yoldaşları və analarının qarşısında dayanıb, öz oğlum haqda danışanda halım pisləşdi. Bu zaman Əvəz mənə su gətirdi, yanımda durdu və çıxışımın sonuna qədər yanımda qaldı.

Əvəz əmin idi ki, müharibə insanların istəyinin yox, böyük siyasətin nəticəsi idi. O deyirdi ki, heç bir ana bizim yaşadığımız itki ağrısını yaşamamalıdır. Əvəz çox ədəbli idi, o hesab edirdi ki, hər bir həyat vacibdir.

O, öz vətənini sevən azərbaycanlı idi, amma heç vaxt düşmənə çevrilmədi”.

Şahin Rzayev, Bakı: “Dostumun xatirəsinə”

Şahin Rzayev – müstəqil jurnalist və siyasi icmalçı

“Mən Əvəz haqda nekroloq yazmağı heç istəməzdim. Bunun çox səbəbi var. Birincisi odur ki, mən onun ölümünə inana bilmirdim. Cavan, sağlam. Necə ola bilər? birdən-birə öldü? Gizlətməyəcəm, göz yaşımı saxlaya bilmədim.

İkincisi, mən sadəcə nekroloq yaza bilmirəm. Axı ölənlər haqda ya yaxşı danışmalısan, ya da susmalısan. İndi necə olsun, əgər mən rəhmətliyi bəzən ittiham etmişəmsə?

Düşündüm və Əvəzlə çoxlarımız arasındakı fərqi anladım. O, həqiqətən də sülh qurucusu idi. Bizim çoxumuzdan fərqli olaraq.

Qafqazlı sülh qurucularının çoxu mütəmadi olaraq nə deyir? “Biz sülh tərəfdarıyıq, siz bizimlə razı deyilsizsə, biz sizin boynunuzu qıracağıq!”

Əvəz başqa idi. O, dinləyirdi, dözürdü, dilə tuturdu, güzəştə gedirdi. Bəzən problemlərin həllinə kömək edirdi. O, həmişə barışıq və kompromis yolu axtarırdı.

Əvəz hökumətlə əməkdaşlıq edirdi. O, bunu inkar etmirdi. O, vətəndaş cəmiyyəti və prezident administrasiyası arasında körpü idi. İndi bizim belə bir körpümüz olmayacaq.

Və sonda şəxsi təəssüratlarım haqda yazmaq istəyirəm.

Mən “cəbhə xəttinin o tayında” birlikdə olduğum insanlara dəyər verirəm. Əvəzi 1993-cü ildən tanıyıram. Əvəzlə dəfələrlə “cəbhə xəttinin o tayında” olmuşam. Biz onunla müxtəlif layihələr edirdik, yeni bir film çəkməyə hazırlaşırdıq, qismət olmadı.

O, bizim Suraxanıda kirayədə yaşayırdı, çünki Kəlbəcərdən məcburi köçkün idi. Qızlarımızın adı eynidir. Onun əmisi hələ də bizim küçədə yaşayır, amma bu önəmli deyil.

Son təəssüratım. 2021-ci ilin noyabrında biz birlikdə Avropa İttifaqının tədbirində olmuşduq. Əvəz məni qeyri-hökumət təşkilatlarının ekskursiyasında iştirak etmək üçün Şuşaya dəvət edəcəyinə söz vermişdi.

Mən cavab vermişdim ki, “çox sağ ol, amma Şuşaya özüm, dostlarımın evnə qonaq gedəcəyəm”. Gülümsəmişdik.

Məni çox həəmkarlarım tanıyır. Kifayət qədər münaqişəyə meyilli adamam. Mən həmkarlarımla, hətta yaxın dostlarımla da tez-tez mübahisə edirəm. Bəzən onlar məndən inciyir. Amma niyə isə Əvəzlə heç vaxt mübahisə etməmişəm, hətta bəzən onu təhrik etsəm də.

O, həqiqətən də sülh adamı idi. Çünki əgər dostlarınla sülhə nail ola bilmirsənsə, qarşı tərəflə necə mümkün ola bilər?

Bilmirəm, necə bitirim. “Sülh içində yat”? Sülh hələ yoxdur. Allaha inanmıram. Bilmirəm, Əvəz. Qoy bu dəhşət bitsin”.


Soldan sağa: Eldar Zeynalov, Əvəz Həsənov, Şahin Rzayev. Foto Şahin Rzayevin Facebook səhifəsində bu yazı ilə paylaşılıb: “Bığlı Əvəz, arıq Şahin və hələ ağsaqqal olmayan Eldar”

Artak Kirakosyan, Yerevan: “O həqiqəti axtarırdı”

Artak Kirakosyan “Vətəndaş Cəmiyyəti İnstitutu” ictimai təşkilatının rəhbəridir

“Əvəzlə təxminən 20 il əvvəl tanış olmuşuq. Birlikdə bir neçə sülhməramlı proqram həyata keçirirdik, bunların üzərində işlədiyimiz zaman dost olduq.

Əvəz bütün tanıdıqlarım arasında ən həssas və incə insan idi. Heç vaxt ondan bircə nəzakətsiz söz eşitməmişdim və məsələ ancaq bizim iş əlaqələrimizdə deyil.

Bizim reallaşdırdığımız layihələr çox mürəkkəb və incə idi. Onlardan birini biz hər iki tərəfdən həlak olanların valideynləri ilə, digərini isə sərhədyanı kəndlərdə yaşayan insanlarla eləmişdik.

2016-cı il aprel müharibəsində biz sərhəddə dinc əhali ilə bağlı insidentləri qeyd edir və bu haqda məlumat yayırdıq.

Belə bir şey ancaq sözsüz qarşılıqlı etibar şəraitində mümkün idi. Əvəz bunu qazanmışdı. Onun vasitəsilə çoxları erməniləri və azərbaycanlıları tanımışdı.

2020-ci ilin dekabrında, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra biz erməni həmkarlarla bir müzakirə aparırdıq. Həmin günlərdə bizim mənəvi vəziyyətimizi təsəvvür edə bilərsiz? Amma mən təklif etdim ki, bu görüşdə Əvəz də iştirak etsin. Mən dedim ki, ona əmin olmaq olar. O, çox ağıllı adamdır. O, həmsöhbətinə hədsiz hörməti ilə seçilir və onun üçün “bu haqlıdır, o haqsız” anlayışı yxdur. O, hamıda və hər yanda həqiqət axtarırdı.

Müharibə zamanı Əvəzlə söhbətlər ağır və kədərli olurdu, amma bir şey dəyişməz idi: sülhə və birlikdə yaşama inam.

Əlbəttə, fərqli modellər təsəvvür edirdik. Mən azərbaycanıların Artsax Respublikasının ərazisində yaşaması kimi, o, ermənilərin Azərbaycanda yaşaması kimi. Amma biz bununla bağlı çox da mübahisə etmirdik, siyasi qərarlar isə mübahisələndirilə bilər”.

Hüseyn İsmayılbəyli, Bakı: “O, kömək etmək istəyənlərdən idi”

Hüseyn İsmayılbəyli – JAMnews-un Azərbaycandakı redaktoru

“Əvəzi ilk dəfə 1991-ci ildə görmüşdüm. Bütün ölkə və bütünlüklə region üçün üçün ağır zamanlarda eyni gənclər təşkilatında üzv idik. Bizim cəmi 18-10 yaşımız vardı və biz Azərbaycanı bütün insan haqlarının qorunduğu həqiqi demokratik ölkə kimi görmək istəyirdik.

Bizim Əvəz hələ onda prinsipiallığı ilə seçilirdi. Açıqsözlü idi, öz düşüncələrini gislətmirdi, həmişə ciddi idi. Əlbəttə, bütün intellektuallar kimi nöqtəatışı zarafatları da sevirdi.

O, illərlə görüşməsən də, kömək üçün müraciət etsən, dərhal köməyə tələsəcəyindən əmin olduğun biri idi.

Hamımız üçün onun yeri görünəcək. Artıq görünür”.

Albert Voskanyan, Stepanakert (Azərbaycanda Xankəndi adlandırılır): “Əvəz jəyatda və işində dürüst insan idi”

Albert Vooskanyan – müstəqil jurnalist və piblisist

“Mən Həsənovla təxminən 20 il əvvəl itkin düşmüşlərlə bağlı Beynəlxalq İşçi Qrupda birgə fəaliyyətimiz zamanı tanımışam.

İşçi qrupunun fəaliyyəti həm də Dağlıq Qarabağda aparılırdı. Əvəz bura gəlirdi, əsirlərin və itkin düşənlərin qohumlarını ziyarıt edirdi.

Onu əsas fərqləndirən onun təmizliyi və dürüstlüyü idi. O, işdən qorxmurdu, hər hal üzərində gücünü əsirgəmədən, bütün məsuliyyəti ilə çalışırdı. Onun üçün “başqasının ağrısı” anlayışı yox idi. İnsan onun üçün ən yüksək dəyər idi”.

2009-cu ildə “Mənim düşmənim, mənim dostum” filmi çəkilmişdi və bir növ Əvəz Həsənov və Albert Voskanyanın, sərhədin qarşı tərəflərindən olan və sülh xəyalı quran kinodialoqu olmuşdu.

Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.

https://jam-news.net/az/sulhə-inanan-insan-haqda-erməni-və-azərbaycanli-həmkarlari-əvəz-həsənovun-xatirəsini-anir/

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.