http://www.bbcazeri.com
11 İyun, 2005 - Published 13:58 GMT
Azərbaycanda hakimiyyət orqanları ilə QHT-lər arasında ilk dəfə olaraq ölkədəki siyasi məhbus məsələsinə dair müzakirələr başlanıb. Müzakirələr Avropa Şurası Parlament Assambleyasının iyunun 22-ə planlaşdırılan sessiyası ərəfəsində keçirilir. Hakimiyyət nümayəndələri bildiriblər ki, siyasi məhbuslarla bağlı rəsmilər və üçüncü sektor nümayəndələri arasında dialoqun olmaması Avropa Şurasına bu məsələ ilə bağlı şişirdilmiş siyahıların göndərilməsi ilə nəticələnib.
Hazırda Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Malkolm Bryusun ilkin hesabatında ölkədə 107 ehtimal olunan siyasi məhbusdan söhbət gedir. 107 nəfərlik siyahını quruma Azərbaycan İnsan Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov göndərib.
Rəsmilər bildirirlər ki, hüquq müdafiəçiləri artıq azadlıqda olan şəxslərin də adlarını siyasi məhbus siyahılarına daxil ediblər. Prezident aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun sözlərinə görə, siyahıda prezidentin fərmanı ilə əfv olunmuş, amnistiyaya düşmüş şəxslərin adlarına rast gəlinir. Bu səbəbdən də onlar AŞ PA-ya göndərilən siyahını birgə araşdırmaq qərarına gəliblər.
Siyahının müəllifi Eldar Zeynalov isə deyir ki, belə natamam siyahının göndərilməsinin səbəbi onun bu barədəki sorğularına rəsmi qurumların cavab verməməsidir.
Eldar Zeynalovun sözlərinə görə, keçən ildən bəri Ədliyyə Nazirliyinə 78 məhbusla bağlı 4 sorğu göndərib və onların heç birinə cavab ala bilməyib.
Məhz belə fikir müxtəlifliyinin aradan qaldırılması üçün Prezident aparatı, Xarici İşlər Nazirliyi, millət vəkilləri və hüquq müdafiəçilərinin daxil olduğu qeyri-rəsmi işçi qrup yaradılıb. Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin üzvü və adıçəkilən işçi qrupun təmsilçisi Gültəkin Hacıyeva deyir ki, rəsmi qurumlar, eləcə də, işçi qrupa daxil olan millət vəkilləri Azərbaycanda siyasi məhbusların olması fikrini yenə də qəbul etmirlər.
Bu məsələ ilə bağlı fikir ayrılığına baxmayaraq, qrup üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı rəsmilərlə təmaslarını yüksək qiymətləndirir:
“ Nəhayət ki, uzun illərdən bəri bizim dediyimiz məsələ öz həllini tapdı. Biz neçə ildir ki, bir masa arxasına əyləşib bu məsələni birgə həll etməliyi təklif edirik. Biz belə qərara gəldik ki, Azərbaycanda insan hüquqlarının birmənalı bərqərar olması üçün əməli, müştərək işə ehtiyac duyulur”.
Səidə Gacamanlı bildirdi ki, onların siyasi məhbus siyahısında 41 nəfərin adı var.
Azərbaycanda siyasi məhbus məsələsi Avropa Şurası Parlament Assambleyasının iyunun 22-də keçiriləcək sessiyasının gündəliyinə salınıb. O vaxta qədər işçi qrupun üzvləri siyasi məhbus məsələsi ilə bağlı vahid fikrə gələcəklərini düşünürlər.
https://www.bbc.com/azeri/news/story/2005/06/printable/050611_polit_prison
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.