вторник, 13 декабря 2022 г.

Əvəz Həsənov mükafatı təsis edildi

Bir qrup hüquq müdafiəçisi Əvəz Həsənov adına mükafat təsis edib.

Hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib ki, mərhum həmkarları Əvəz Həsənov hələ 44 günlük Vətən müharibəsindən illər əvvəl Ermənistan-Azərbaycan -Qarabağ münaqişəsi ilə məşğul olub, bu işdə dövlətinə və xalqına maksimum töhvələr verib. O, qeyd edib ki, Həsənov eyni zamanda Əsir və İtkin düşmüş insanlarla əlaqədar  İşçi Qrupunun üzvü kimi ciddi fəaliyyət göstərib:

“Əvəz Həsənov Şuşaya, Daşaltıya gedərək itkin düşən insanların axtarılması işində xüsusi fəallıqla seçilib, insanlara kömək etmək üçün əlindən gələni edib. Əvəz Həsənov eyni zamanda  insan hüquqlarının müdafiəsi işində fəal olub, ayrı-ayrı insanların hüquqlarını müdafiə edib. Onun fəliyyət sahəsi geniş idi və hər bir işdə böyük enerji ilə işləyirdi”.

Səidə Qocamanlı qeyd edib ki, 44 günlük vətən müharibəsi zamanı Əvəz Həsənov Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu ilə komanda halında informasiya  bülletenlərinin hazırlanması və dünyaya yayılmasında fəal iştirk edib:

“Erməni terrorçularının Gəncə, Tərtər, Bərdə və digər şəhərlərdə mülki insanları hədəfə alması, şəhərlərə raket hücumları, mülki və hərbi cinayətlər yaydığımız bülletenlər sayəsində dünyaya çatdırılıb. Əvəz Həsənov bizi çox tez tərk etdi. Qərara almışıq ki, onun xidmətlərini nəzərə alaraq Əvəz Həsənov Mükafatı təsis edək”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, onlar Əvəz Həsənov adına mükafatı hər ilin martın 28-də elan etməyi planlaşdırırlar. O, qeyd edib ki, mükafatın bu tarixdə elan olunması təsadüfən seçilməyib: “28 mart tarixi həm də Əvəz Həsənovun doğum günüdür. Biz hesab edirik ki, Əvəz Həsənov xatirələrdə yaşamalıdır. O, uzun illər bizimlə həmkar olaraq çalışıb, xüsusi intellekti ilə seçilib”.

Hüquq müdafiəçisi Eldar Zeynalov da mərhum Əvəz Həsənov adına mükafatın təsis edilməsini alqışlayıb, buna ehtiyac olduğunu deyib. O, xatırladıb ki, Əvəz Həsənovla İnsan Hüquqları Mərkəzində uzun illər birlikdə işləyib: “Kəlbəcər işğal edildikdən sonra Əvəz Həsənov Bakıya köçmüşdü, evsiz, pulsuz vəziyyətdə belə insan hüquqlarının müdafiəsi ilə məşğul olurdu. Son dövrlər həm də qısa metrajlı sənədli filmlər çəkir, cəmiyyətin diqqətini əsas problemlərə yönəldə bilirdi.  Doğulduğu Kəlbəcərlə bağlı da film çəkmək onun üçün ən gözəl arzu idi. Təəssüf ki, zaman buna imkan vermədi”. Daha sonra hüquq müdafiəçiləri Əvəz Həsənov mükafatının təsis edildiyini elan ediblər.

Təsisçilər hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Mirvari Qəhramanlı, Eldar Zeynalov, Çingiz Qənizadə, Zaliha Tahirova və Arzu Abdullayevadır.

Tarix: 13 Dekabr 2022, 12:09 

https://pravda.az/news/99739

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.