пятница, 10 мая 2019 г.

Stalinlə Bakını və Lənkəranı nə bağlayır?

10 May 2019  21:15

Azərbaycan əksər dahi və nüfuzlu şəxslərin həyatında dərin iz qoyub. Bu dəfə biz keçmişə səyahət edib, tarixin ən çox öyrənilmiş 100 şəxsiyyətlərindən biri olan, siyasi xadim, Sovet İttifaqı lideri İosif Vissarionoviç Stalinin Bakı ilə olan bağlılığı və partiya fəalı olduğu dönəmlərdəki kriminal keçmişi barədə danışacağıq.

Bu gün Bakıda “dəmir hökmdar”la əlaqəli heç nə qalmasa da, onu Azərbaycanla çox şeylər bağlayıb. Stalinin keçmişdə yatdığı əksər cəzaçəkmə müəssisələri çoxdan sökülüb. Məsələn, sonunculardan olan Bayıl həbsxanası 2009-cu ildə sökülüb. Hazırda onun yerində Bayraq meydanı göz oxşayır. XX əsrin əvvəllərində Bayıl həbsxanasının 39 nömrəli kamerasında “Koba”, Qayoz Nijeradze, Zaxar Melikyans ləqəbləri olan İosif Cuqaşvili cəza çəkib...

“Koba”nın Bakıda peyda olması ilə bağlı müxtəlif mənbələr fərqli rəqəmlər açıqlayır. Ancaq rəsmi məlumata görə, Stalin Bakı quberniyasına 1904-cü ilin noyabr ayında gəlib.

Stalinin bioqrafiyasının müəllifi, fransız yazıçı və ictimai xadim Anri Barbüsa (1873-1935) isə fərqli fikirdədir:

“Qatı siyasi rəqib - eser Semyon Vereşyak iddia edir ki, 1903-cü ildə Bakıda Stalinlə bir həbsxanada “yatıb”. Yeri gəlmişkən, sözügedən cəzaçəkmə müəssisəsi rəsmi olaraq 400 nəfərin saxlanılması üçün nəzərdə tutulsa da, əslində, orada 1500-ə yaxın məhbus cəza çəkirdi”.

“Bir gün bolşeviklərin kamerasında yeni bir sima peyda oldu. Mənə gizli şəkildə onun “Koba” olduğunu dedilər. Vereşyak növbəti dəfə Stalinlə həbsxanada görüşəndə onu ən çox Stalinin bolşeviklərin sarsılmaz qələbəsəinə inamı heyran etmişdi. Çox keçmədən “Koba” Bayıl “türməsinin” üçüncü kamerasında artıq ağıllı-başlı kurslar təşkil etmişdi”.

Maraqlıdır ki, Stalinin rəsmi bioqafiyasında Bayıl həbsxanasından qaçışı barədə bir kəlmə deyilmir. Halbuki həbsxananın tarixçəsində onun qaldığı kameranın nömrəsi (39) belə göstərilib. “Koba”nın qaçışı həbsxananın tarixində ilk uğurlu qaçış olub. Yeri gəlmişkən, ehtimala görə, 1903-cü ildə yer alıb.

Həmin dönəmlər Bayıl “türmə”sində mövcud olmuş  atmosferi şərh edən tanınmış hüquq müdafiəçisi, Azərbaycan Hüquq Müdafiə mərkəzinin direktoru Eldar Zeynalov Oxu.Az-a çar hakimiyyəti dövründə həbsxananın lazımi səviyyədə qorunmadığını bildirib.

Məhbuslar bir-birilə rahat şəkildə ünsiyyət qura və cəzaçəkmə müəssisəsinin ərazisində rahat şəkildə hərəkət edə bilirdi. Hətta həbxsana rəhbərliyi ərzaq dalınca bazara ən nümunəvi məhbusları göndərirdi. Belə bir şəraitdə Bayıl həbsxanasından qaçmaq elə də müşkül məsələ deyildi.

İnqilab və çar rejiminin devrilməsi üçün pula ehtiyac var idi. Çünki, həmrəy, həmfikir olanların bağışladığı pullar kifayət etmirdi. Həmin vaxt marksizm nəzəriyyəçisi və Rusiyanın sosial-demokrat fəhlə partiyasının yaradıcısı Vladimir Lenin ətrafına ən sadiq silahlaşlarını, o cümlədən, “Koba”nı yığır.

İnqilabçılar silahlı qarətlər, soyğunçuluq və reket fəaliyyəti həyata keçirən bir neçə qruplaşma yaradır. Cinayət yolu ilə toplanan pullar partiyanın ehtiyaclarının ödənilməsinə gedir.

25 yaşlı bolşevik “Koba” da elə bu məqsədlə Bakıya gəlir. Gündəmdə tətillərin və hakimiyyət uğrunda mübarizənin təşkili dayanırdı.

Koba banklara, poçt qatarlarına və neft mədəni sahiblərinə qarşı silah qarətlər həyata keçirib. Hətta bəzi məlumatlara görə, Stalin milyonçu və mesenat (el və incəsənət hamilik edən varlı –red.) Musa Nağıyevi girov götürüb. Neft maqnatı kifayət qədər iri məbləğli pul mükafatının müqabilində azad edilib.

Azərbaycanda olduğu müddət ərzində Stalin beş dəfə dəmir barmaqlıqlar arxasına düşüb. Yalnız bir dəfə siyasi motivlərlə həbs olunub. Dördüncü dəfə quldurluqla əlaqədar Lənkəran qalasının divarları arasına salınıb.

Yeri gəlmişkən, ona qarşı açılan ilk cinayət işi də elə Lənkəran bankının qarəti olub. Cinayət planını həyata keçirdikdən sonra yerli fermerlərin birinin evində gizlənib. Evi tərk edəndən sonra Stalin fermerə “Koba burada gizlənib” yazılı kağız verir və onu qoruyub-saxlamağını tapşırır.

Uzun illər sonra fermeri qolçomaqlıqdan salan zaman məhz bu yazı onun ciddi problemlərdən qurtulmasına kömək olub.

İkinci dəfə Lənkərana Stalin poçt qatarına silahlı qarətin təşkili ilə bağlı gəlir. Bu dəfə onun “bəxti gətirmir”, dəmir barmaqlıqlar arxasına düşür. Ancaq həbsdə çox qalmır; kamera yoldaşları ilə əlbir olub həbsxanadan qaçır.

İddiaya görə, çayın və sitrus bitkilərin bu zonada yetişdirilməsi məhz İosif Stalinin təşəbbüsü olub. Bu barədə Lavrentiy Beriya 1934-cü ildə Ümumittifaq Kommunist Partiyasının XVII qurultayında etdiyi çıxışda da söz açıb:

“Sitrus meyvələri bu gün Cənubi Qafqazda və Qara dəniz sahillərində yetişdirilir. Ancaq sitrus bitkilərinin yetişdirilməsi üçün ondan pis şəraiti olmayan rayonlar da var. Belə rayonlar Xəzər dənizi sahilində yerləşən Lənkəran və İranla sərhəddə yerləşən Astaradır. Cənab Stalin də bunu qeyd edib. Çay kimi sitrus bitkiləri də kolxozçuların rifahının yaxşılaşdırılması üçün güclü mənbəyə çevrilir. Artıq geridə qoyduğumuz ildə kolxozçuları 200-300 ağacdan yığılan məhsulu dövlətə təhvil verdikdən sonra böyük məbləğdə qazanc əldə ediblər”.

Ancaq gəlin, çar dövrünə geri dönək. Bakıya gəlişindən dərhal sonra, 1904-cü ilin dekabr ayında Stalinin rəhbərliyi altında Bakı fəhlələrinin tətili keçirilir. Tətil dekabrın 13-dən 31-nə kimi davam edir və Rusiyanın fəhlə hərəkatının tarixində ilk dəfə olaraq neft sənayeçiləri ilə kollektiv müqavilənin bağlanması ilə nəticələnir.

Bibiheybət sənaye rayonu və Balaxanı fəhlələri fəaliyyəti dayandırır. Tətilçilər, əsasən, aşağıdakıları tələb edirdi:

Həftədə bir istirahət gününün verilməsi, istirahət günü və bayramlar ərəfəsində işlərin günorta 14:00-a kimi dayandırılması, fəhlə nümayəndələrinin işə qəbul və qovulma məsələlərində iştirakı, bütün kateqoriyalardan olan fəhlələr üçün minimum əməkhaqqının təsbit edilməsi, əməkhaqqı ayda azı iki dəfə ödənilsin, mayın 1-nin bayram günlərinin siyahısına daxil edilməsi.

Dekabrın 18-də tətillərə Bakının əksər müəssisələri qoşulur. Qoşunların yeridilməsi mitinqlərin və nümayişlərin qarşısını ala bilmir. Nəticədə, sənayeçilər tətil təşkilatçıları ilə danışıqlara getməyə məcbur olur.

Kollektiv müqavilə əsasında bütün fəhlələr üçün doqquz saatlıq iş günü müəyyən edilir, gecə növbəsi və qazma partiyaları üçün isə  səkkiz saatlıq. Əməkhaqqı 80 qəpikdən 1 rubla qədər artırılıb, həmçinin, ayda dörd günlük ödənişli məzuniyyət tətbiq olunub. Kapitalistlər həm də fəhlələrin iş şəraitini yaxşılaşdırmağı öz öhdələrinə götürüb.

Stalinin bir yığın ləqəb və təxəllüsləri olub – “Koba”, “K.Kato”, “Soso”, “İ.Besoşvili”, “İvanoviç”, “Totomyans” və “Stalin”. Süd içməyi çox sevdiyinə görə hərbi polis ona “Moloçnıy” (“Südlü”) ləqəbi vermişdi.

1907-ci ilin iyun ayında Rusiya Sosia-Demokratik Fəhlə Partiyasının Londonda keçirilən beşinci qurultayından qayıdan Stalin Bakıya gəlir. O, Bakıda kütlələrin Lenin şüarları altında bolşevik sıralarına qoşulmasına xidmət edir, bununla bağlı aktiv fəaliyyət aparır.  

Stalin menşeviklərin Bakının fəhlə rayonlarından (Balaxanı, Bibiheybət, Qara şəhər, Ağ şəhər) sıxışdırılıb çıxarılması üzrə mübarizəyə başlayır və bolşeviklərin qanunsuz və ya qanuni fəaliyyət göstərən nəşriyyatlarına (“Bakinskiy proletariy”, “Qudok”, “Bakinski Raboçiy”), həmçinin, III çağırış Dövlət Dumasına mandat qazanmağa namizəd olan fəhlə deputatların seçki kampaniyasına rəhbərlik edib.

Nəticədə, Bakı bolşevizmin istinadgahına çevrilir. Məhz Bakıda olan zaman Stalinin “Bakinskiy Raboçiy” və “Qudok” qəzetlərində rus dilində yazıları çıxır. Onun qələmindən çıxan yazıların çoxu imzasız, anonim şəkildə dərc olunub.

1907-1909-cu illər terrorun daha geniş vüsət alması, müxtəlif anarxist yönümlü qruplaşmalar, məsələn, anarxist-kommunistlər, “Qırmızı yüzlük”, “Qara qarğalar”, “Terror” və başqa təşkilatlar arasında amansız çəkişmələrin yer alması ilə əlamətdar olur. Təkcə iki il ərzində (1907-1908) 300 minlik əhalisi olan Bakıda mindən çox insan qətlə yetirilir, elə bir o qədər də quldurluq və silahlı hücumlar qeydə alınır, əksər hücumlarda  gizli emalatxanalarda kustar üsulla hazırlanan “Makedonka” adlı bombalardan istifadə olunur.

Ona görə “Qudok” qəzetinin 30 mart 1908-ci ildə tarixli buraxılışında “İqtisadi terror və fəhlə hərəkatı” adlı məqaləsində Stalin terroru bu sözlərlə pisləyir:

“Biz açıq şəkildə burjuaziyaya qarşı çıxmalıyıq, hər zaman, üzərində tam zəfər çalana qədər onu qorxu içində saxlamalıyıq. Bunun üçün iqtisadi terror yox, fəhlələri mübarizəyə qaldırmağa qadir olan güclü kütləvi təşkilatlanmaya ehtiyac var”, - deyə o yazıb.

Stalindən qaynaqlanan təzyiqlər Nobel qardaşlarından da yan keçmir. Nəticədə, partiya kassası 50 min rubla qədər pulla dolur.

Bir neçə il ərzində Stalinin quldur dəstəsi tərəfindən törədilən bütün qarətlərdə toplanan qənimətlərin ümumi məbləği üç milyon rubla çatır. “Koba”nın kriminal fəaliyyətinin zirvəsi 1908-ci ildə “İmperator I Nikolay” paroxoduna etdiyi hücum sayılır.

Poçt gəmisi limandan ayrılmağa hazırlaşdığı əsnada polis formasında olan bir qrup şəxs qatı cinayətkarların axtarışı bəhanəsi ilə göyərtəyə qalxır.  Çox keçmədən “Silahları yerə qoyun, bu basqındır” sədası ətrafa yayılır.

 Stalin öz dəstə üzvləri ilə birlikdə seyfi oğurlayır. Şəhərin ən “peşəkar” seyf oğrusu Əhməd onu açaraq, bir milyon iki min rubl pulu üzə çıxarır.

 25 mart 1908-ci ildə Stalin həbs olunur. Həbs olunan vaxt özünü Qayoz Nijeradze kimi təqdim edir. Ancaq polis onu dərhal tanıyaraq, Bayıl “türməsinə” göndərir. Həbsi zamanı onun üzərində “Qudok” qəzetində dərc olunması nəzərdə tutulan bir sıra yazılar və məqalə konspektləri olub: qeydlər işsizlik səviyyəsi, milli maskalı zubatovçuluq (polis sosializmi; zubatovçuluq, güclənməkdə olan fəhlə hərəkatı ilə mübarizə etmək üçün çar hökumətinin tətbiq etdiyi üsullardan biri idi; söz Moskva xəfiyyə polis naçalniki Zubatovun adından götürülüb – red. ) barədə idi, bəzilərində daşnaqlar pislənirdi.

9 noyabr 1908-ci ildə “Koba” polis müşayiəti altında Voloqodsk quberniyasına iki il müddətinə sürgün olunur. Ancaq bir müddətdən sonra -  24 iyun 1909-cu ildə sürgündən qaçır və artıq iyulda yenidən Bakıda peyda olur.

Bakı mühafizə bölməsinə 1909-cu ilin iyul ayında casus tərəfindən  göndərilmiş donosda belə deyilir:

“Bakıya “Koba” – Qafqazda kifayət qədər tanınan sosial-demokrat partiyası fəalı gəlib. Sibirdən gəlib, böyük ehtimalla, oradan qaçıb, çünki 1908-ci ildə ora sürgün olunmuşdu... Burada, əlbəttə ki, mərkəzi mövqe tutacaq və dərhal iş başına keçəcək”.

Hərbi polis xəfiyyələri Stalini addımbaaddım izləyirdi. Sonda 23 mart 1910-cu ildə növbəti dəfə Bakıda həbs olunur. Bu dəfə ələ keçəndə isə özünü Zaxar Melikyans kimi qələmə verir

26 mart tarixində yenidən Bayıl “türməsinə” göndərilir. Orada sentyabrın 23-nə (1910) kimi saxlanılır, sonradan Solvıçeqodska sürgün edilir.

1912-ci ilin fevralın sonunda Stalin növbəti dəfə sürgündən qaçır. Mart ayında artıq Bakıda olur. Aprelin 1-də isə Bakıdan Peterburqa gedir.

Sonuncu dəfə Koba Bakıda 1920-ci ilin payızında olub. Artıq Azərbaycan paytaxtına milli məsələlər üzrə xalq komissarı kimi təşrif gətirmişdi. Təmtəraqlı görüşlərdən dərhal imtina edərək, Azərbaycan SSR-dəki ümumi ictimai-siyasi vəziyyətin öyrənilməsinə diqqət ayırır.

Noyabr ayında isə Bakıdan Dağıstana, oradan isə Moskvaya yolllanır.

Ramella İbrahimxəlilova

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.