четверг, 10 мая 2018 г.

Sandarmox

80 il bundan qabaq Azərbaycan sakinləri Kareliyada güllələniblər.

1980-ci illərin sonlarında Azərbaycan ictimaiyyəti Stalin epoxasından sağ çıxmış dustağın, Oleq Vasilyeviç Volkovun "Zülmətə qərq olmaq" xatirələrinin sayəsində Solovkini təkcə məşhur monastır kimi deyil, həm də 1928-29-cu illərdə məhkum edilmiş bir çox həmvətənlimizin son dayanacaq yeri olan dəhşətli həbs düşərgəsi kimi tanımış oldu. On illər boyunca beyni Azərbaycanın uğurlu "sovetləşdirilməsi" yalanları ilə yuyulan insanlara müqavimətin hələ uzun zaman davam etməsi fikri fantastik gəlirdi. 


SLON (xüsusi təyinatlı Solovetsk düşərgəsi, 
rusca: Соловецкий Лагерь Особого Назначения), 1925

Təəssüf ki, Volkovun xatirələri Solovetsk tarixinin qaranlığından ancaq qısa bir fraqmenti gün üzünə çıxartmış oldu. Xüsusi təyinatlı Solovetsk düşərgəsi 1933-cü ildə bağlanıb Belomor-Baltik islah əmək düşərgəsinə (Belbaltlaq) təhvil verilənədək mövcud olub. Bundan sonra Solovetsk adalarında Belbaltlaqın düşərgə bölmələrindən biri və xüsusi təyinatlı Solovetsk həbsxanası fəaliyyət göstərib. Solovki məhbuslarının arasında əvvəlkitək yenə də xeyli sayda Azərbaycan sakini var idi. Onlardan bəzilərinin taleyi faciəvi olmuşdur. 

Belə ki, 1937-ci ilin oktyabr ayında Solovetsk düşərgəsinin 1111 dustağını barjalara doldurub 200 nəfərlik dəstələrlə adaya yolladılar. Bir daha da bu insanları görən olmadı. Uzun zaman şayiələr dolaşırdı ki, "Solovetsk etapının" barjalarını dənizdə batırıblar. 


Danışılanlar gerçəyə oxşasa da, həqiqətin daha qorxunc olduğu ortaya çıxdı. "Memorial" cəmiyyəti 1995-ci ildə barjaların Kem şəhərinə çatdığını, daha sonra məhbusların qatarla Medvejeqorska etap olunduğunu aydınlaşdırdı. Burada onları istintaq təcridxanası üçün nəzərdə tutulmuş taxta binada yerləşdirmiş, "dindirmiş" və Leninqrad vilayət Xalq Daxili İşlər Komissarlığı (NKVD) İdarəsinin xüsusi olaraq bunun üçün yaradılmış üçlüyü tərəfindən güllələnməyə məhkum etmişlər. Üçlüyün üzvlərinin adları məlumdur: Leonid Zakovski, NKVD-dən Vladimir Qarin və prokuror Boris Pozern. 

Solovetsk etapında qurbanlardan çoxu Leninqrad Daxili İşlər İdarəsinin inzibati-təsərrüfat işləri üzrə müavini , dövlət təhlükəsizlik kapitanı Mixail Matveyevin boynundadır. 1938-ci ildə o həbs edilmiş və vəzifə səlahiyyətlərini aşdığına görə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətinə məhkum edilmişdir. Matveyev icra etdiyi ölüm hökmləri haqqında geniş ifadə verir və onları kifayət qədər humanist icra etməməkdə təqsirləndirilir. 

Əyni-başı soyundurulmuş və əli-qolu bağlı məhkumları yük maşınlarında Sandarmox meşə vadisindəki edam yerinə daşıyır, oraya çatdıqda qəbrin kənarında dizi üstə qoyub güllələyirmişlər. Lakin ilk gündəcə onları nələrin gözlədiyini başa düşən dustaqlar qaçmağa cəhd göstərirlər. Bundan sonra prosedur dəyişir: artıq məhbusları bir-bir 4х4 ölçülü və dərinliyi 2 m. olan çalaya itələyib yerə uzadır və ənsəsindən güllələyirlər. Sonralar həmin çalalar edam olunanların məzar yeri olur. 

1997-ci ilin yayında Sandarmoxun 10 hektarlıq ərazisində Rusiya "Memorial" cəmiyyəti tərəfindən tədqiqat aparılmış və 236 qardaşlıq məzarı aşkar edilmişdir. Arxiv məlumatlarına əsasən 1937-ci ilin avqust ayının 11-dən 1938-ci ilin dekabr ayının 24-nə kimi burada 58 milliyyətə və 11 konfessional qrupa mənsub 9500 nəfərdən çox adam güllələnmiş və dəfn edilmişdir. Rusiyanın şimal-qərb hissəsində Sandarmox Stalin repressiyalarının qurbanlarının ən böyük kütləvi məzarlığı sayılır. 

Hazırda yerli muzeyin arxivlərindən güllələnməyə məhkum edilmiş 51 Azərbaycan sakininin, həmçinin 10 nəfər də "Solovetsk etapı"nda olan həmvətənlimizin adı məlumdur . Onların arasında ADR parlamentinin deputatı Cavad bəy Məlikyeqanov, molla Əbdüləli Fətəliyev, mühəndis Hüseyn Zeynalov, traktorçu Şirin Əhmədov, çilingər Hacıağa Ağayev, bağban Cavad Quliyev, şirniyyatçı Əbdürəhman Məhəmmədov, sərhədçi zabit Əbdüləli Məmmədov, həmkarlar ittifaqı xadimi-neftçi Nikolay Matveyev, əmək düşərgələrinə sürgün edilmiş (qolçomaqlıqdan salınmış) almanlar: Stefan və Paulina Qurr, Valdemar Kun, Erix Tsayzer olub. Bakıdan 1936-cı ildə Solovkiyə 5 illik həbs cəzası ilə göndərilmiş 4 nəfər trotskist də olub. Və onlarla sıravi, çox güman ki, siyasətdən uzaq məhbus.

ADR-in parlament üzvü C. Məlikyeqanov 

Bir çox hallarda məhkum siyahılarında onların nədə ittiham olunduğu göstərilməyib. Lakin digər bölgələrdəki (misal üşün, Vorkutadakı) vəziyyət barəsində məlumat hesaba alınarsa, ehtimal etmək olar ki, yeni hökmlərin və güllələnmələrin səbəbi 1937-ci ilin yayından etibarən qanunvericiliyə edilən dəyişikliklər, həmçinin siyasi məhbusların,ilk növbədə "trotskistlərin" (aralarında heç bir fərq qoyulmadan kompartiyada sol müxalifətin bütün qrupları belə adlandırılırdı) tez-tez keçirdiyi etiraz aksiyaları idi. 

Abbasov Müseyib Abbas oğlu 

İş ondadır ki, 6 iyun 1937-ci ildə RSFSR CM-in 58-ci maddəsinə 14-cü bənd əlavə edildi - "Əksinqilabi sabotaj" . Bundan belə hər bir etiraz aksiyası yaxud işdən imtina "hakimiyyəti və dövlət aparatının fəaliyyətini zəiflətmək məqsədi ilə müəyyən vəzifələrin qəsdən yerinə yetirilməməsi və ya bilərəkdən lazımi qaydada yerinə yetirilməməsi" kimi tövsif edilə bilərdi. Cəza dərəcələri əlavə 1 il müddətinə azadlıqdan məhrum etmədən başlayaraq güllələnməyə qədər dəyişirdi. 

Bu da öz-özlüyündə tikintidə fayda verməyəcək əmək qabiliyyəti olmayan və ixtisassız dustaqların hansı səbəbə Solovkidə edam etapına salınmasını izah edir. Kimisi səhhətinə görə ağır iş görməkdən boyun qaçırırdı, kimisi deputat Melikyeqanov kimi qoca idi (o zaman onun 60 yaşı var idi), kimisi də, çox güman ki, inşaatda yararsız olan peşəyə sahib idi (molla yaxud şirniyyatçı kimi) və ixtisası üzrə olmayan işi yerinə yetirməkdən imtina edirdi. 

Öz növbəsində "trotskistlər" adətən əksinqilabi təşviqat aparmaqda və gizli məhbus təşkilatları yaratmaqda təqsirləndirilirdi. Sandarmoxda güllələnənlərdən 4-ü bu qəbildən idi: Abbasov M.A., Ayvazov A.S., Samatoyev N.İ., Stepanov A.S. Adı çəkilənlərdən son ikisinin həbsdən əvvəl Bakı Sol Müxalifət Mərkəzinin üzvü olması, Samatoyevin isə orada stalinistlərlə kompromisə getməyən, onlara qarşı ən dözümsüz qanadı (desistləri) təmsil etməsi onları ittiham etmək istəyini daha da alovlandırırdı. 

Qeyd edək ki, güllənənlərdən bəziləri (Əli Əliyev, Mədət Əliyev, Qriqori Orlov və digərləri) qaçmaqda təqsirləndirilirdi (RSFSR CM-in 82-ci maddəsi ilə) . Lakin ən ağır zamanlarda belə bu əmələ görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu. Aydındır ki, üçlük onları başqa da nədə isə günahlandırıb, məsələn, qaçışı sabotaj kimi dəyərləndirib. 

Axırıncı dəfə 27 noyabr 1938-ci ildə 11 nəfər Azərbaycan sakini olmaqla 189 məhbus güllələnmişdi. 16 noyabr tarixindən etibarən SSRİ Xalq Komissarları Sovetinin və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin direktivi ilə üçlüklərə, hərbi tribunallara və SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasına göndərilmiş işlərin bu instansiyalarda xüsusi əmrlər və ya digər sadələşdirilmiş qaydada baxılmasına xitam verildi. Lakin üçlüklərin 17 noyabr tarixinə qədər çıxardığı qərarlar haqqında heç nə deyilmirdi , buna görə də NKVD-nin bəzi idarələri məsuliyyəti öz öhdəsinə götürərək (yaxud da xalq komissarının gizli razılığı ilə) daha əvvəl məhkum edilənləri güllələyirdilər. 

NKVD-nin başçısı L.P.Beriya dekabrın 22-də vurduğu teleqramda üçlüklərin və NKVD-nin digər instansiyalarının 17 noyabra kimi icra edilməmiş bütün ölüm hökmlərini qüvvədən düşmüş, əlavə istintaqa qaytarılmalı və məhkəmə aidiyyəti üzrə göndərilməli olduğunu elan edir. Beləliklə, hətta stalinsayağı "ədalət mühakiməsi" nöqteyi-nəzərindən də güllələnən son 11 nəfər nəinki qanunsuz məhkum edilmiş, həm də edam olunmuşdular. 

Bu gün musavatçılar və kommunistlər, mollalar və ateistlər, zadəganlar və kəndlilər memorial meşə qəbristanlığına çevrilmiş Sandarmoxun qardaşlıq məzarlarında əbədi rahatlıq tapıblar . Meşədə müxtəlif konfessiyalar və etnik qruplar: ruslar, polyaklar, ukraynalılar, yəhudilər, estonlar, litvalılar tərəfindən çox sayda abidələr qoyulub. Memorial açılandan bu yana təkcə bizim hökumətin bu 20 il ərzində bir abidə qoymağa "əli çatmayıb". 


Yaxşı ki, Kareliya müsəlmanları burada öldürülmüş bütün dindaşlarına milli mənsubiyyətinə fərq qoymadan üstündə rus və ərəb dillərində yazılar olan abidə ucaldıb. 

Eldar Zeynalov.

Orijinal mətni (Rus dilində):
https://eldarzeynalov.blogspot.com/2017/11/blog-post_5.html

Sandarmoxda qüllələnmiş Az.SSR-nın sakinlərin siyahısı:
https://eldarzeynalov.blogspot.com/2017/11/blog-post_83.html

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.