Azərbaycanın sovetləşdirilməsindən sonra qan davası adətləri hətta kommunistlərin də arasında qalmaqda idi.
1926-cı ilin dekabrında ÜİK(b)P-nın Mərkəzi Nəzarət Komissiyası (MNK) Azərbaycandan teleqram alır ki, Bakı Dairə Xalq Məhkəməsinin səyyar sessiyası Göyçay qəzasının Kürdəmir kəndində vaxtilə 16 kəndlinin qətli ilə başlayan düşmənçiliyi "ədalətsiz, qərəzli hökmü ilə bərpa edib". Bildirilirdi ki, Kürdəmirin 200 kəndlisi təşviş içindədir və kənddən qaçmağa hazırlaşır.
Moskva narahat idi. Ona görə də məsələnin araşdırılmasına dair tələbnamə Zaqafqaziya Diyar Nəzarət Komissiyasına, ordan da Azərbaycan Kompartiyasının Mərkəzi Nəzarət Komissiyasına (AK(b)P MNK) göndərildi. Şikayətdə söhbət kommunistlərin əməllərindən getdiyinə görə AK(b)P MNK Pronin, Kazımov və Matveyevdən ibarət komissiya yaratdı. Komissiya hadisə yerinə yollanıb çox sayda şahid dindirdi.
Tezliklə paytaxt komissiyasına aydın oldu ki, söhbət "Nikolayın vaxtından" bu yana davam edən əsil vendettadan gedirmiş.
İntriqanın mərkəzində hansısa Mustafa Heydər oğlunun fiquru dururdu. Həmkəndlilərinin ifadələrinə görə onlarla kürdəmirlinin dostu ya da qohumu olan bu adam çar dövründə qətl və soyğunçuluqla məşğul imiş. 10-12 illik sürgün həyatında bərkiyib doğma yerlərə qayıdan Mustafa "musavat dövründə" heç bir siyasi partiyaya qoşulmur, "özünü qoçu kimi aparırmış, hamı da ondan qorxurmuş".
Lakin sovet höküməti gəldi. Katorqa görmüş adam sovet hakimiyyətinə "sosial cəhətdən yaxın element idi". 1920-ci ildə Mustafa kompartiyaya üzv olur və milis rəisi vəzifəsinə təyin edilir. Görünür, keçmiş "qoçu" işə kompromissiz və sərt başlayıbmış.
Beləliklə, 1921-ci ildə, o, barama oğurluğunun üstünü açır və haraya satıldığını öyrənir. Məlum olduğu kimi, Mustafa bununla cinayətkarın qohumları və kompartiyanın fəalları olan Qədirovların və Musayevlərin yolunu kəsir. Onlar da zəmanənin qaydalarına uyğun qisas alırlar: Mustafanın cinayətkar keçmişini üzə çıxardıb onun partiya sıralarında xaric edilməsinə nail olurlar. Təbii ki, bundan sonra o milis rəisi vəzifəsindən də qovulur. Həmin vaxtdan rayonda baş verən qətl və soyğun hadisələrini Mustafanın qohumlarından görürmüşlər.
Mustafa borclu qalmır və , düşmənlərinin fikrincə, "bütün partiya üzvlərinə kin bəsləyir", onu partiyadan xaric etdiklərinə görə "ləkələməyə" çalışırmış. "Ləkələmək" deyərkən də bu qrup bütün kommunistlər barəsində onları nüfuzdan salacaq məlumatın toplanması nəzərdə tutulurdu. Xüsusən də bir zamanlar Kürdəmirin Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmış Rizvan Ömərov haqqında. Mustafa onun cinayətlərinin (kəndlilərin döyülməsi və təcavüz) üstünü açdı. Ömərovun vəzifəsi əlindən alındı, özü də həbs edildi. Ömərov daha sonra məhkəmədə bəraət qazansa da, bir də heç vaxt inzibati vəzifələrə təyin olunmadı- bu da çox şeydən xəbər verirdi.
Təbii ki, bu hadisə Ömərovun Mustafaya sevgisini artırmadı. Əvəzində partiyasız statusuna rəğmən partiya özəyinin bir hissəsini onun tərəfinə çəkdi. Qismən bu onunla bağlı idi ki, Qədirovla Ömərovun qrupu öz sui-istifadələri ilə məşhur idi - məsələn, birinin dükanından mal götürüb pulunu verməyə də bilərdilər. Ola bilsin ki, bu həm də partiyadaşların partiyaya üzvlük hesabına karyera qurmağı və yoxsulluqdan varlılığa keçməyi bacaran adamlara paxıllığı idi.. Bu versiyanı Azərbaycan Kommunist Partiyasının Göyçay Qəza Komitəsinin Təşkilat İdarəsinin rəhbəri M. Mirsəliyev səsləndirmişdi.
Nə isə ki, kənddə yerli kommunistlərin səylərilə intriqalar və qarşıdurmalar yarandı. Bu fonda 1922-ci ilin iyul ayının 21-nə keçən gecə Kürdəmir kəndində Rizvanın qohumunun -kompartiya üzvü komsomolçu Şirəli Ömərovun - naməlum şəxslər tərəfindən qətlə yetirilməsində Mustafanın qrupundan şübhələndilər.
Hakimiyyət dərhal qətli siyasiləşdirib kəndə Qəza İcraiyyə Komitəsinin sədri Eyyubov, xalq hakimi Sadıxov və milis rəisi Məmmədovun tərkibində komissiya yolladı. Komissiya Əbdül Bağı Bağıyevin başçılığı ilə kommunistlərdən ibarət silahlı dəstə yaratdı. Dəstə tərəfindən Mustafa Heydər oğlu daxil olmaqla 40-a yaxın şübhəli həbs edildi.
Mustafanın və qohumu Musa Məlikovun bəxti onda gətirdi ki, onları dəmir yolu ilə Göyçay həbsxanasına apardılar. Onlar həbsxanada əmin-amanlıqda - qətlə yetirilənin qohumlarının əli çatmayan yerdə idi. Qalanlarının belə şansı olmadı.
30 iyulda həbsxanaya göndərilməsi üçün növbəti 16 nəfər gətirildi. Lakin onların çatdırılmasında təbii (bəlkə də, qəsdən) gecikmə baş verir. Stansiyada boş vaqon olmadığından Bağıyev dustaqların çatdırılmasını 8 nəfərdən ibarət süvari mühafizə dəstəsinə tapşırır. Məhbusları iki-iki bağlayıb hər birinə mühafizəçi təyin edib Göyçaya piyada yollayırlar. Bir müddət dustaqları mühafizəçidən başqa həm də Kürdəmirdən partiya dəstəsinin üzvləri müşayiət edir, lakin sonra onlar dala qalırlar.
Məhbuslar mənzil başına yetişmirlər. Axırda da bəlli olur ki, Qarabucaq yolayrıcında mühafizəçilər tərəfindən güllələniblər. Daha sonra mühafizəçilər hadisə haqqında heç kəsə xəbər vermədən yaxınlıqdakı kənddə arxayın çay içib dincəlirlər. Yalnız ertəsi gün tezdən mühafizə dəstəsi Göyçaya gəlmiş və baş verənlər haqqında qəza komitəsinin məsul sədri Hacıyevə xəbər vermişdir. O da yazılı raport tələb etmişdir. Avqustun 1-də milislər hadisə yerinə gəlmiş, müstəntiq, həkimlər və digər şəxlər protokol tərtib etmişlər.
Mühafizəçilərin iddiasına görə 16 nəfər qaçmağa cəhd edərkən güllələnmişdir. Deyilənlər həqiqətə oxşamırdı, çünki dustaqlar bir-birinə bağlanmış və piyada idilər, mühafizəçilər isə atlı idilər və asanca onlara çatıb dayandıra bilərdilər, heç deyilsə bəzilərini. Şübhəsiz ki, qisas alınmışdır.
Kənddə şayiələr yayılmağa başladı. Ələlxüsus da, kürdəmirlilər hesab edirdilər ki, 16 nəfərin güllələnməsində təkcə mühafizəçilər yox həm də qətlə yetirilmiş Şirəlinin qohumu Rizvan Ömərov, həmçinin keçmişdə atası məhbuslardan biri tərəfindən öldürülmüş Əbdürrəhman Ümidov da iştirak etmişlər. Beləliklə, söhbət vendettadan, özü də savadsız, cahil kəndlilər tərəfindən yox kommunistlərin həyata keçirdiyi vendettadan gedirdi.
Tezliklə Mustafa Heydər oğlu qətldə əli olmadığını sübuta yetirib azadlığa çıxdı. Bunun əksinə isə 8 nəfər mühafizəçidən 5-ini məhkəməyə verdilər. Özbaşına güllələməyə görə 20 mart 1924-cü ildə Bakı Dairə Xalq Məhkəməsi Ağa Mürsəl oğluna, Dünyamalı Hacı oğluna, Fətulla Ağa-Əli oğluna, Xankişi Eyvaz oğluna və Nurəli Ələsgər oğluna ölüm hökmü oxudu, üstəlik Oktyabr inqilabının 5-ci ildönümü münasibətilə verilən əfvin onlara şamil edilməsini də yasaqladı.
Məhkumların hamısı əslən Göyçayın Axtaçı və Carlı kəndlərindən olan kommunistlər idi. Çətin ki, onların kürdəmirlilərlə şəxsi haqq-hesabı olaydı yaxud da nüfuzlu birinin əmri olmadan bu cür özbaşınalığa cürət edəydilər. Lakin 20 ay sürən istintaq ərzində müstəntiq bu məqamı aydınlaşdırmamışdı.
Bununla da kəndlilərin qisasın təşkilatçısı hesab etdiyi Ümidovla Ömərov cəzadan yaxa qurtardı. Mustafa partiyadan xaric edilməsi ilə yanaşı həm də həbsinin də heyfini çıxmaq məqsədilə onlarla münaqişəyə davam edirdi.
1926-cı ildə Ümidova sui-qəsd edildi. Dərhal da Əli Əbdülrəhman oğlu, Samid Zərbəli oğlu və Həsən Seyid oğlu şübhə altına alındılar. Çünki güllələnənlər arasında Əlinin atası və əmisi, Həsənin qardaşı və qardaşıoğulları da var idi. İşə Mustafanı da qoşdular. Onu da həbs edilənlərlə yaxın olduğu üçün sui-qəsdin təhrikçisi hesab etdilər. Dördünü də qətlə cəhdə görə məhkum etdilər.
Bax elə onda da kürdəmirlilərin dəmiryolu işçisinə 2 rubla yazdırdığı teleqram peyda oldu. Təşəbbüskarı isə 16 nəfərin içində 10 qohumu güllələnən və sui-qəsddən sonra özü də bir müddət həbsdə olan Heydər Nuh oğlu idi. Teleqramı kimisi özü imzalamışdı, kimisinin də adını ərəb hərfləri ilə rus mətninin altında yazmışdılar.
200 kəndlinin "təlaşlı qaçışı"nı da mərkəz tez bir zamanda nüfuzlu komissiya yollasın deyə yazmışdılar. Əslində "16"-ların qohumlarından heç kəs heç yana qaçmamışdı və harasa köçməyə də niyyəti yox idi. Detallı hesablamadan sonra komissiya öldürülənlərin cəmi 86 qohumunu müəyyən etdi. Onlardan da çoxu imzasından ya da ərizəyə tərəfdarlıqdan imtina etmişdi.
Mustafanın və onun yoldaşlarının gühankar olub-olmaması da qaranlıq qaldı. Kimisi onun şərləndiyini düşünürdü, kimisi də cavabdan boyun qaçırırdı. Heydər Nuh oğlu isə hökmün əsassız olması haqqındakı cümləni mətni tərtib edən rusun boynuna yıxdı: "Görünür, ərizəni yazan səhv edib, Mustafanın və digərlərinin günahsız olması barədə yazıb. Mən belə bir şey nə demişəm , nə də bunu yazmağı xahiş etmişəm". Deyəsən, öldürülənlərin qohumlarını Mustafanın taleyindən çox öz təhlükəsizliyi maraqlandırırdı, çünki təqiblər səngimirdi.
Qalan məsələlərdə isə faktlar öz təsdiqini tapdı. Komissiya 22 mart 1927-ci ildə bunu öz nəticələrində qeyd etdi. Sənəddə kürdəmirli məsul işçilərin-Rizvan Ömərovla Cahan və Əbdüləli Qədirov qardaşlarının- işdən qovulduqdan sonra "16"-ların qohumlarını rahat buraxmayaraq intriqalarla məşğul olması təsdiqlənirdi. 16 kəndlinin muhakiməsiz güllələnməsindən sonra "kök salmış" qan davası faktı da qəbul edilirdi.
Bununla da komissiya heç bir tövsiyə vermədən işini yekunlaşmış hesab etdi. Sözün düzü, hər hansı tövsiyə vermək çətin idi - o dərəcədə bu vendetta yeni hakimiyyətin Azərbaycan əyalətini sürüklədiyi "işıqlı gələcək"lə uzlaşmırdı.
Bu işdə bolşeviklərin Azərbaycan reallıqlarını dərk etməməsi və planlarını iradə yolu ilə həyata keçirtmək cəhdi öz əksini tapdı. Gəlin dünənin qoçusunun partiya sıralarına qəbul olunub milis rəisi təyin edilməsini, dünənki dələduzun və təcavüzkarın rayon icra hakimiyyətinin başçısı təyin edilərək yem təknəsinə buraxılmasını, onun intriqaçıları və ictimai əmlakı talayanları öz ətrafında toplamasını, bir-iki partiya fəalının köhnə haqq-hesabı çürütmək niyyətinin mühakiməsiz edama səbəb olmasını və edam olunan həmkəndlilərinin 86 qohumunu sovet hakimyyətinin düşməninə çevirməsini xatırlayaq . Hətta cibdəki partiya bileti belə orta çağ adətləri ilə yaşayan adamları nə mələyə döndərə, nə də qabiliyyətlərini artıra bilmişdi. Ali təhsilli, təcrübəli milli kadrlar isə respublikadan sürgün edilir, təmizləmələr zamanı işdən qovulur, həbs edilirdilər...
Bu cür qanunsuzluğu istər çar, istərsə də ADR dövründə təsəvvür etmək çətindir. Lakin bir neçə il sonra 1920-21-ci illərdə olduğu kimi Azərbaycanda Nuxa üsyanının timsalında kəndli üsyanlarının yenidən alovlanması anlaşılandır. Amma bu artıq başqa mövzudur.
Eldar Zeynalov.
(Rus dilindən tərcümə elədi - Mətanət Paşasoy)
Версия на русском языке:
https://eldarzeynalov.blogspot.com/2017/03/blog-post_2.html
(Rus dilindən tərcümə elədi - Mətanət Paşasoy)
Версия на русском языке:
https://eldarzeynalov.blogspot.com/2017/03/blog-post_2.html
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.