среда, 5 июля 2017 г.

Narginin sirrləri: Frankenşteynin dəhşətləri

Adətən, Nargin adasında (Böyük Zirə) 1915-18-ci illərdə saxlanılan məhbuslardan danışarkən, yalnız türk hərbi əsirlərini xatırlayırlar.

Halbuki "ölüm adasında" həm hərbi əsirlər, həm də Antanta ilə münaqişəyə girən "Üçlər İttifaqı"nın yaxud "Mərkəzi dövlətlər"in - Almaniyanın, Avstriya-Macarıstanın, Bolqarıstanın həbs edilmiş mülki şəxsləri saxlanılırdılar. 

Bakı buxtasının girəcəyində yerləşən Nargində 1915-ci ilin iyununda sanitar və təxliyyə hissəsinin Ali rəisi Şahzadə A.P.Oldenburqskinin şəxsi təşəbbüsü ilə tikilmiş düşərgə istifadəyə verilmişdi. 

Müharibə boyunca ada həm daimi yerləşdirilmə, həm observasiya, həm də göndərilmə məntəqələrinin funksiyalarını yerinə yetirirdi. Başlanğıcda burada "daimi yaşayış yerindən sürgün edilmiş bir neçə min itaətsiz müsəlmanın yaxud əsir türklərin" məskunlaşdırılması nəzərdə tutulmuşdu. 

Lakin artıq 1915-ci ilin iyulun axırlarında 3761 məhbusun arasında 16 Avstriya-Macarıstan hərbi əsiri, həmçinin 2 nəfər həbs edilmiş mülki şəxs - Almaniya və Avstriya-Macarıstan təbəəsi var idi. 1916-cı ildə xristian kontingentin artmasını nəzərə alaraq kilsə də tikmişdilər. 

Alman və Avstriya-Macarıstan əsirlərinin saylarının az olması Qafqaz cəbhəsində əsasən türk ordularının döyüşməsindən irəli gəlirdi. Lakin Almaniyanın və Avstriya-Macarıstanın həmin vaxtlarda İranda əhalini üsyanlara, sabotaja təhrik edən və Antanta ölkələrinin qoşunları haqqında məlumat toplayan kəşfiyyatları fəaliyyət göstərirdilər. 
Oskar von Niedermayer
Məsələn, 1916-cı ildə ingilislər ruslara hərbi əsir qismində almanlardan (aralarında məşhur kəşfiyyatçı Oskar fon Nidermayer də var idi) , avstriyalılardan, türklərdən, farslardan (almanların və türklərin tərəfini tutan keçmiş jandarmlar) ibarət 66 nəfərlik bir qrup yollamışdılar. 

Bütün məhbuslar əsgər müşayiəti ilə Bakıya, oradan da Narginə göndərilmişdi. Nidermayerin uzun və maraqlı casus tərcümeyi-halı 1948-ci ildə Vladimir həbsxanasında ölümlə bitdi. 

1917-ci il fevral inqilabından sonra alman və avstriya-macarıstan əsirlərinin Nargin adasına axını gücləndi. Bununla yanaşı Qafqaz cəbhəsində döyüşlər dayandı və türk əsirlərinin gəlişi səngidi. 

Rus tədqiqatçısı K. Paxalyukun məlumatlarına görə 10 iyun 1917-ci ildə alman və avstriya-macarıstan əsirlərinin sayı minə çatdı.

Yumşaq desək, hətta zabitlər kimi imtiyazlı qrup üçün belə əsirlik həyatına əl verməyən vaxtlar idi. İnqilabi xaos və iqtisadi krizis şəraitində düşərgədə ən zəruri təchizatlarda problemlər kəskinləşmişdi. 

Misal üçün, 15 may 1917-ci ildə düşərgənin komendantı Qafqaz hərbi dairəsinin qərargah rəisinə məruzə etmişdi: "Hal-hazırda Bakı şəhərində çörəyə və una kartoçkaların tətbiq edilməsi nəticəsində Nargin adasında yerləşən əsir zabitlər şəhərdən çörək ala bilmirlər, bu səbəbdən də məndən əsir əsgərlər üçün nəzərdə tutlmuş normada çörəyin onlara pul müqabilində buraxılmasına izn verməyimi rica edirlər (öz tərəfimdən hər gün 2 funt (800 q - E.Z.) qara çörəyin satışını mümkün görürəm)".

Eyni zamanda adanın 4 mindən 10 minə artmış əhalisi bəsit quruluşlu (taxtalardan daxmalar tipli) baraklarda yerləşirdi. Barakların pəncərələri şüşəsiz idi, özləri də pis dezinfeksiya edilirdi. Yayda qızmar günəş yandırır, qışda da qızdırıcılara tələbat yaranırdı. Yanacaq isə həmişə olmurdu. 

Gün ərzində adambaşına yarım vedrə şirinləşdirilmiş su istehsal olunurdu. Ancaq qazanlar üçün də yanacaq tələb olunurdu. O, isə fasilələrlə gətilirdi. İnanmaq olmur ki, bütün Rusiya üçün neft istehsal edən Bakının adasında 1917-ci ilin sonlarında mazut qıtlığı yaşanırdı! 

Əsirlər arasında ölüm halları kəskin artmışdı. Bu da Bakı bolşeviklərinin rəhbəri, ixtisasca həkim olan Nəriman Nərimanovun diqqətini çəkdi. O, 1917-ci ilin payızında Bakı şəhər dumasından göndərilmiş təhqiqat komissiyası ilə adanı ziyarət etdi. Təsadüfi deyil ki, komissiyanın tərkibində azərbaycanlılardan başqa alman həkim və danimarkalı diplomat da var idi. 

1917-ci ilin noyabr-dekabr aylarında düşərgənin lazareti xəstələrlə dolub-daşırdı deyə qalanlarını adi baraklarda sağlam məhbuslarla bir yerdə saxlayırdılar. Musavatçıların "Açıq söz" qəzeti 30 noyabr 1917-ci il tarixli məqaləsində ölüm hallarının aşağıdaki statistikasını vermişdi: 

1917-ci ilin mayında 660 xəstədən cəmi 1-i, iyunda 900-dən 18-i, iyulda 1300-dən 20-i, avqustda 1000-dən 39-u , sentyabrda 1000-dən 34-ü, oktyabrda 2700-dən 265-i, noyabrın 25 günündə 3300-dən 617-i tələf olmuşdur. 

Şəhər komissiyalarının məlumatlarına görə 1917-ci ilin dekabrında günə 40 nəfər ölürdü. Odur ki, N.Narimanov haqlı olaraq adanı məqbərlə müqayisə etmişdi. 

Alman arxivlərində həqiqətən də Nargində ölənlərin siyahısında sıravi İohann Petrusyakın (1 avqust 1917-ci ildə ölüb) , sıravi İohann Buntsendalın (10 sentyabr 1917), sürücü Anton Bramayerin (12 oktyabr 1917), ehtiyatda olan German Şultsenin (1 noyabr 1917), sıravi Ervin Şnayderin (18 dekabr 1917), unter-zabit Georq Keslerin (24 dekabr 1917), ehtiyatda olan Vilhelm Remiunqun (29 yanvar 1918), könüllü Robert Banaskivitsin (fevral 1918) , sıravi Paul Şererin (aprel 1918) və s. adlarına rast gəlmək mümkündür... 

Əlbəttə ki, siyahı təkcə bu adlardan ibarət deyil, çünki alman və avstriya-macarıstan qurbanlarının əksəriyyəti saxlanma yeri göstərilmədən sadəcə "rus əsirliyində vəfat edənlər kimi" təqdim olunur. 

Qeyd edim ki, Rusiyanın başqa yerlərində də əsir həyatı asan olmayıb. Məsələn, 1916-cı ilin qışında Ardatov düşərgəsində epidemiyadan 600 nəfərdən 200-ü öldü. 10 mindən 17 minə qədər məhbusun saxlanıldığı Qazaxıstanın Totsk düşərgəsində isə 1915-ci ilin payızında günə 80 nəfər, noyabr-yanvar aylarında 120 nəfərədək adam ölürdü. 

1917-ci ilin avqustunda Müvəqqəti hökümət Totsk düşərgəsində yatalaq epidemiyasının xüsusi təhqiqatını aparmağa məcbur oldu. Komissiya aşkarlamışdı ki, bu qədər uzun sürən ( demək olar , bir il) epidemiya qeyri-məqbul sanitar şəraitdə, qida və geyim qıtlığından, baraklardakı sıxlıqdan tüğyan etmişdir. Nargində də ölüm hallarının səbəbləri eyni idi. 

Azərbaycanlıların əsirlərə xeyirxah münasibətini vurğulamaq üçün qeyd edim ki, rus əsirliyindən qaçan alman və avstriya zabitləri əksər vaxt cəbhədən keçən Bakı-İran yolunu seçirdilər. 

1918-ci ildə əsirlər artıq Tiflisə (orada almanlar var idi) qaçmağa üstünlük verirdilər, amma yenə də Bakıdan keçib gedərək. Vyanadaki hərbi arxivdə bir çox belə bəxti gətirən qaçaqların xatirələri yer almışdır. 

Məsələn, baş leytenant Dionis Purkartxofer və leytenant Nikolaus Markus 1917-ci ilin iyununda Rostovdaki düşərgədən qaçmışlar. Purkartxoferin dediyinə görə , o, 25 iyul 1917-ci ilə qədər azərbaycanlıların yanında gizlənərək Bakıda qalmışdır. 

Onlara sığınacaq verən adamlar Mərkəzi dövlətlərin qələbəsinə və Rusiyanın dağılmasına tərəf çıxan və silahla yaxşı təmin edilən hansısa gizli təşkilatın üzvləri olublar. 

Zabit öz izahatlarında müsəlmanlardan fərqli olaraq ermənilərin türklərə və onların müttəfiqlərinə düşmən və satqın münasibəti bəslədiyini qeyd etməyi lazım bilib. 

Bununla yanaşı Petroqradda hakimiyyətə gələn bolşeviklər 5 dekabr 1917-ci ildə Mərkəzi dövlətlərlə sülh bağladılar. Diplomatik əlaqələr yarandı və əsir mübadiləsi haqqında məsələ qaldırıldı. 

Baron fon Botmer 1918-ci ildə Almaniyanın Moskvadakı səfirliyində fəaliyyəti haqqında öz xatirələrində 20 iyulda birgə komissiyanın əsirlərin mübadilə məsələsi ilə bağlı keçirdiyi iclasda Remzi paşanın Nargin adasında baş verən hadisələrə dair çıxışını qeyd edir: "Orada yerləşən əsirlərin taleyi artıq üç ildir ki,bizi hiddətə gətirir". 

1918-ci ilin martında Rusiya Mərkəzi dövlətlərlə sülh sazişi bağladı. Tiflisdə danimarkalı və isveçli diplomatların , qaçaq əsirlərin vasitəsilə məhbuslar haqqında məlumat toplamağa başlayan alman və avstriya-macarıstan nümayəndəlikləri yarandı. 

Qafqaz hərbi dairəsinin gərargahının məlumatlarına görə o an üçün yəni 25 mart 1918-ci ildə Nargində və Zığda 7 min əsir əsgər və 78 zabit var idi.

Onların arasında danimarkalı konsul E.Birinq 1918-ci ilin aprelində 3.235 alman və avstriya-macarıstan əsiri müəyyən etmişdi: 115-i Nargində (30 alman daxil olmaqla) , 900-ü (250) Zığda karantində, 1600-ü (400) hospitallarda, 620-i (120) məcburi işlərdə. Məlumatlardan belə çıxır ki, bu qrupa aid əsirlərin 49 %-dən 77%-ə qədəri xəstə idi. 

İsveçli kapitan Rozen 5 may 1918-ci ildə fransızlara Bakıda 3000 alman və avstriya-macarıstan , həmçinin 6000 türk əsiri olması barədə xəbər ötürmüşdü. Gizir Ernst Slavik 22 may 1918-ci ildə Avstriya-Macarıstan hərbi nazirliyinə və 17 may 1918-ci ildə Tiflisdəki hərbi əsirlər üzrə komissiyaya 3000 alman və avstriya-macarıstan hərbiçisinin (onlardan cəmi 1-i zabit idi) Bakıda saxlanılması haqqında məlumat çatdırmışdır. 

Türküstanda məhkum edilmiş macarıstanlı gizir Deze Nad Tiflisə xəbər vermişdir ki, Bakıda 2 min avstriya-macarıstan əsiri var. 

Onu da qeyd etmək lazımdır ki, 1917-ci il oktyabr çevrilisindən sonra bolşeviklər hərbi əsirləri sovet hakimiyyətini dəstəkləyən internasionalistlərin sıralarını dolduracaq insan resursu kimi dəyərləndirirdilər. Nargin adasında da bu səmtdə iş aparılırdı. N.Nərimanovun adaya gəlişi təsadüfi deyildi. 

Belə ki, macar əsirlərinin 1917-ci ildə üsyanı (üsyanın təşkilatçılarından Yanoş Tsintsar sonralar Bakı milisində işləmiş və 1937-ci ildə repressiyaya uğramışdır), adada Ş.Xodinqerin başçılığı ilə əksəriyyəti macar internasionalistlərindən ibarət Qırmızı qvardiya dəstəsinin yaradılması haqqında cüzi məlumatlar var. 

Lakin dəstənin 1918-ci il mart hadisələrində iştirakı barədə heç bir bilgi yoxdur. Bunun sırf əsirlikdən qurtulmaq və evə qayıtmaq üçün işlədilmiş bir fənd olması da istisna edilmir. 

Bakını mühasirəyə alan Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə bütün əsirlərin, həmçinin almanların və avstriya-macarıstanlıların azad olunmasını tələb etdi. Onları qarşılamaq məqsədilə Bakıya şəhərin türklər tərəfindən alınmasından 11 gün sonra Qafqazda Avstriya-Macarıstan nümayəndəliyinin rəhbəri Georq fon Frankenştayn şəxsən gəldi. 5 oktyabr 1918-ci ildə , o, Vyanayada Xarici İşlər Nazirliyinə Nargində sinqadan, malyariyadan və distrofiyadan 2500 avstriya-macarıstan əsirinin öldüyünü və cəmi 1000 nəfərin sağ qaldığını xəbər verir. 

Alman və avstriya-macarıstan məhbuslarının Bakı tarixçəsi beləcə sona çatır. Əlavə olaraq deyim ki, almanlar 20 il bundan qabaq Bakıda İkinci Dünya Müharibəsində əsir düşmüş 80 hərbiçinin qəbiri üzərində abidə qoymuşdusa, nədənsə Nargin adasında 1915-18-ci illərdə həlak olmuş alman və avstriya-macarıstan hərbi əsirlərinin xatirəsi bu vaxtacan ucaldılmayıb. 

Məqalənin hazırlanması zamanı rus, türk, azərbaycan, avstriya və alman müəlliflərinin tədqiqat materiallarından istifadə olunmuşdur. 

Eldar Zeynalov

19.09.2015

Tərcüməçı: Mətanət Paşasoy

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.