воскресенье, 25 июня 2017 г.

Nargin adası

Аdada hərbi əsir düşərgələrinin yaradılmasının 100-illiyinə. 

Bizdə hesab olunur ki, Azərbaycan Birinci Dünya Müharibəsində iştirak etməyib. Birinci Dünya Müharibəsinin geniş miqyasda qeyd edilmiş 100-illiyi ölkəmizdən yan keçdi. Halbuki Birinci Dünya Müharibəsində azərbaycanlılardan təşkil olunmuş "Vəhşi diviziya" da vuruşmuşdur. Elə Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakıya girişi də Birinci Dünya Müharibəsi tarixinə "Bakı uğrunda döyüş" kimi düşüb. Birinci Dünya Müharibəsi tarixinin xüsusi səhifəsini "Üçlər İttifaqı" ölkələrindən (Almaniya və müttəfiqləri) əsir düşənlərin Azərbaycanda saxlanılması təşkil edir. 

Düşərgənin yaradılmasının təşəbbüskarı sanitar və təxliyyə hissəsinin Ali rəisi şahzadə A.P.Oldenburqski olmuşdur. 27 yanvar 1915-ci ildə, o, Bakı qarnizonunun rəisi admiral Y.V.Klyupfelə "daimi yaşayış yerindən sürgün edilmiş bir neçə min itaətsiz müsəlmanın yaxud əsir türklərin" Xəzər adalarından birində yerləşdirilməsi fikri ilə müraciət etmişdir. 
A.P.Oldenburqski

19 fevralda şahzadə mühəndislər, qubernator və Bakının polis rəisi ilə birgə admiralın düşərgə üçün yararlı bilib tövsiyə etdiyi Nargin adasını (Böyük Zirə) ziyarət etmişdir. Uzunluğu 3100 m, eni 170 m-dən 770 m-ə qədər olan adada mayakdan, qayalardan və çox sayda ilanlardan (onlara görə adaya "İlan adası" da deyilirdi) başqa heç nə yox idi. Hər şey materikdən gətirilirdi. Lakin tikinti artıq 1915-ci ilin iyun ayının 18-də bitmişdi. 

İndi burada rəhbərlik və işçilər üçün 2, xəstələr üçün 4, əsirlər üçün 18 barak, 6 mətbəx, çörəkxana, 3 anbar, dükan , hamam, ocaqxana, camaşırxana, maşın binası, dəmirçixana, dəniz suyu üçün beton sistern, tövlə, içməli su üçün 4800 vedrə tutumunda 4 sistern, yanğınsöndürən alətlər üçün çardaqlar, 30 sajınlıq iskələ, telefon, elektrik stansiyası, həmçinin su kəməri və kanalizasiya var idi. 1916-cı ildə kilsə tikilmiş, bütün ada üzrə elektrik çəkilişi başa çatmışdı. Dərzi və pinəçi emalatxanaları işləyirdi. 1916-cı ildə ada haqqında rus təbliğat filmi çəkilmişdir. Filmdə iskələ, çoxsaylı baraklar, mətbəx, elektrik dirəkləri, məhbusların xarici görkəmi və fiziki vəziyyəti görüntülənmişdir. 

İlk əsirləri alaçıqlarda hələ tikinti işləri gedə-gedə məskunlaşdırmışdılar. 1915-ci il martın sonlarında Nargində artıq 208 əsir (5 həkim, 5 zabit və 198 aşağı rütbəli) var idi . Düşərgənin rəsmi açılışından sonra 1915-ci il iyulun axırlarında burada 3761 əsir (onlardan 118-i zabit) yerləşdirilmişdi. Türk əsirlərindən başqa onların arasında 16 Avstriya-Macarıstan hərbi əsiri, həmçinin həbs edilmiş mülki şəxslər: 745 Türkiyə , 45 İran, 76 Rusiya, 1 Almaniya və 1 Avstriya-Macarıstan təbəəsi var idi. Düşərgə həm əsirlərin daimi saxlanıldığı, həm də göndərilmə və karantin yeri kimi istifadə edilirdi. 

Əsirlər Rusiyaya dəmiryolu vaqonlarında Rusiya əsgərlərinin mühafizəsi altənda daşınırdı. Əsgərlərin çoxu əsirləri 3 günlük yol boyunca ac və susuz qoymağa qadir olan ermənilərdən ibarət idi. Odur ki, təyinat məntəqəsinə çatanda vaqonların hər birində ən azı 10-15 nəfər ölmüş əsir olardı. Tiflisdən Sibirə yola düşən qatarlar Bakıda dayanır və əsirlərin bir qismini Zığ burnunda əvvəl karantinə boşaldır, ardınca da Narginə yollayırdılar. Sibirə yol aldıqca əsirlərin sayı 1915-ci ilin avqustundan noyabrınacan 3955-dən 2563-ə düşdü. 

Dekabrda şahzadə Oldenburqski düşərgənin vəziyyətini "ortadan aşağı" səviyyədə qiymətləndirir və düşərgəni faktiki olaraq bağlayırlar. 1916-cı ilin yanvarında düşərgədə karantin məqsədi ilə türk ordusunun cəmi 2 zabiti və 160 əsgəri saxlanılırdı. Şahzadənin ziyarətindən bir ay sonra bütün baraklar qızdırılmış, sobalar qurulmuş, işıq çəkilmiş, suyun xlorlanması üçün qurğular qoyulmuşdur. Zığdaki karantin də qaydaya salınmışdı. 

Düşərgə yenidən istifadə olunmağa başlamış və 1916-cı ilin martında dolmuşdu (4500 əsir). Mart-aprel aylarında 2 min nəfərlik barakların tikintisi başladılır. Bütün il boyu yeni baraklar tikilir və 1916-cı ilin noyabrında düşərgə artıq 10 minə yaxın, xəstəxana baraklarını da hesaba qatsaq, 11.500 nəfər adam sığdıra bilərdi. 1916-cı il boyunca buraya 18.028 əsir gətirilmişdi. Onların əksəriyyəti müxtəlif işlərdə istifadə edilirdi. 

1918-ci ilin martında Rusiya sülh bağladığı vaxtda Nargində və Zığda 78 əsir zabit və 7 min əsgər var idi. Düşərgənin məişəti haqqında çox az məlumat var. Aşağı rütbəlilər və zabitlər müxtəlif baraklarda saxlanılırdı. Zabitlərin bir sıra imtiyazları var idi: onlara məvacib verilirdi (həmin pula onlar dükanda və bazarda alış-veriş edə bilərdilər), həmçinin zabit yığıncağı təşkil edilmişdi. Zabitləri şəhərə müşayiətsiz buraxırdılar. 

Əyləncələrdən ada haqqında sənədli filmdə ancaq şərq döyüşü, rəqslər və dənizdə üzmə göstərilmişdi. Klub və məscid yox idi. 1916-cı ildə tikilmiş kilsə azsaylı xristianlar üçün nəzərdə tutulmuşdu. Əyləncədən çox diqqət kəşfiyyat işinə və müxtəlif etnik qruplara məxsus əsirlərin bir-birinə qarşı qızışdırılmasına ayrılırdı. 

1915-ci ildə yoxlama göstərmişdir ki, "əsir türklərin müşahidəsi onlara dərin nifrət bəsləyən əsir erməni zabitlərinin vasitəsi ilə aparılmışdır". Qeyd edim ki, 1915-ci ilin iyulunda burada 182 erməni (onlardan 10 nəfər mülki şəxs) var idi. Bir başqa agent isə - türkiyəli alban podporuçik Ömər Səlim - əlindən gələni etmişdi ki, hakimiyyət xeyriyyəçilərin adaya gəlişinə qadağa qoysun. 

Səhərlər növbətçi əsirlər baraklar üçün çörək və çənlərdə gətirilmiş bulanıq su alırdılar, axşamlar isə "alaq toxumuna bənzər" buğda, təmizlənməmiş kartof, qumlu və daşlı şorba . Bütün bunları 5-10 nəfərlik qruplarla ümumi kasada yeyirdilər. 1915-ci ildə adada paxla yetişdirməyi təcrübədən keçirtmişdilər, hətta barakların damlarında yulaf əkməyə də cəhd etmişdilər. 

Lazım olan hər şey sahildən gətirlirdi. Bunun üçün 3 gəmi istifadə edilirdi. Fırtınalı günlərdə adaya nəqliyyat göndərilmirdi və əsirlər qidasız, susuz qalırdılar. 1915-ci ilin martında fırtınanın 6 yarımtikili barakı uçurtması, həmçinin barjaları dağıtması faktı fırtınaların gücü, elə barakların da keyfiyyəti haqqında çox şey deyir. 1916-cı ilin mayında külək damları və çörəkxananın kərpic borusunu aşırtmışdı. 

İçməli suyun qıtlığı əsil problemə çevrilmişdi. 1916-cı ildə norma adambaşına yarım vedrə olduğu halda gün ərzində 5 min vedrə verən bir neçə su şirinləşdirici qurğu qoyulmuşdu. Ancaq yenə də içməyə və xörəyə suyu barkaslarda daşımalı olurdular. Su şirinləşdirici qurğular çoxlu yanacaq tələb edirdi. Yanacaq təchizatında fasilələr zamanı isə su problemi yenidən kəskinləşirdi. 

Türklərdən sonra həmin "çirkli, üfunətli və dar" baraklarda 1920-ci ildə Vəhşi diviziyanın keçmiş unter-zabiti Xəlilov Ramazan saxlanılırdı: "Gündüzlər günəş bizi qaynar soba kimi yandırıb-yaxırdı, heç bürkülü gecələrin də köməyi olmurdu. Bəzən yeməyə heç nə tapmırdıq, susuzluğumuzu isti və çirkli sularla yatırmalı olurduq. Bütün sutkanı birələr aman vermirdi, gecələr siçovullar qaçışırdı. Ağcaqanad dişləməsindən və qaşınmadan məhbusların üzləri tanınmaz hala düşəcək qədər şişirdi. Əllər, ayaqlar və bütün bədənlər qırmızı suluqlar içində olurdu, sanki gicitkan dalamışdı. Tezliklə ayaq üstə güclə dayanan məhbusların ölümünə səbəb olan mədə-bağırsaq xəstəliklərinə tutulduq". 

Zığ yarımadasında 80 xəstə və 250 sağlam əsir qəbul edə bilən karantin fəaliyyət göstərirdi. Rus həkimlərinin olmaması səbəbi ilə karantində və düşərgənin özündə əsir həkimlərdən istifadə olunurdu. Nargində hospitalda 5 feldşer, 2 şəfqət bacısı və 8 sanitarla birgə 5 əsir həkim işləyirdi. Lakin ümumi qeyri-insani şərait ucbatından tibbi yardım effektiv deyildi. İlan sancmaları ilə yanaşı düşərgə infeksion xəstəliklərin alovlanmasından əziyyət çəkirdi. 

Artıq 1915-ci ilin yayında burada hətta komendantın həyat yoldaşının belə yoluxduğu səpmə yatalaq yayıldı. Bir neçə aya 128 xəstə əsirdən 60-ı öldü. Oktyabrda yatalaq epidemiyası azalmağa doğru getdi, lakin vəba başladı. 1916-cı ilin martında yenə səpmə yatalaq halları qeydə alındı. 1916-cı ilin mayında vəbadan həftə ərzində 36 nəfər öldü. Avqust-sentyabr aylarında yatalaqdan və vəbadan 14 əsir öldü. 

1917-ci ilin fevral inqilabından və 1917-ci ilin martında şahzadə Oldenburqskinin istefasından sonra əsirlərin vəziyyəti pisləşdi. Əsirlər hökümət tərəfindən atılmış hala düşdülər və adanın ən zəruri təchizatlarında fasilələr başlandı. Bakıda ərzaqların kart sistemi ucbatından zabitlər onları bazarda almaq imkanından məhrum oldular. 

Nəticə etibarilə xəstələnmə və ölüm halları artdı. 1917-ci ilin mayında 660 xəstə əsirdən 1 nəfəri ölmüşdüsə, iyunda 900-dən 18-i, iyulda 1300-dən 20-i, avqustda 1000-dən 39-u, sentyabrda 1000-dən 34-ü, oktyabrda 2700-dən 265-i, noyabrın 25 gününə 3300-dən 617-i öldü. Adanın yüksəkliyində daimi açıq çala var idi. Oraya ölmüş əsirləri atır, üzərlərinə də qalın əhəng qatı tökürdülər. Quyu meyitlərlə dolduqda üstünü basdırırdılar və dərhal yenisini qazırdılar. 

Əsirlərin, ələlxüsus da mülki şəxslərin ağır şəraiti yerli müsəlman əhalisini qəzəbləndirirdi. Yerli mətbuatda yardım çağırışları dərc edilirdi. Xüsusi fəallığı Bakı müsəlman xeyriyyə cəmiyyəti (Cəmiyyəti-xeyriyyə) və Möhtaclara kömək cəmiyyəti göstərirdi. Onlar Bakı sakinlərindən ianə toplayır və əsir zabitlərin şəhərə buraxılışına icazə almağa nail olurdular. 

Fəxrəddin Ərdoğan adında bir nəfər qibtə hissi ilə xatırlayırdı ki, əsir zabitlər hər bazar günü Bakıya çatdırılar, oradan azərbaycanlı milyonçuların yolladığı avtomobillərdə mağazalara aparılar, xeyriyyə cəmiyyətinin hesabına əsirlər üçün lazım olan hər bir şey alınardı. Daşınma zamanı yaxud cəmiyyətin xəstəxanasında ölmüş əsirlərin müsəlman adəti ilə dəfnini də cəmiyyət öz üzərinə götürürdü. 

1915-ci ildə Ramazan bayramı günlərində 8 türk zabitinin və 2 aşağı rütbəlisinin qaçışı bu idilliyaya son verdi. Buna cavab olaraq adanın komendantını dəyişdirdilər və düşərgənin yeni rəhbərliyi qaydaları sərtləşdirdi. İlk növbədə xeyriyyə cəmiyyətlərinin adanı ziyarət etməsinə qadağa qoyuldu. 

1917-ci ilin noyabr-dekabr aylarında Bakı Fəhlə və Əsgər Deputatları Soveti və Bakı şəhər Duması adaya "Hümmət" partiyasının ixtisasca həkim olan üzvü Nəriman Nərimanovun da iştirak etdiyi təhqiqat komissiyalarını yolladılar. Onlar düşərgədə soyuqdan, acından, diareya və digər xəstəliklərdən günə 40 adam öldüyünü və yemək, su, dərman, yataq dəyişəkləri problemlərini aşkarladılar. Həkim yeməyi "yaxşı sahib heç itinə də belə şorba verməz" sözləri ilə qiymətləndirdi. Özü də adada 700 qoca və azyaşlı uşaq var idi. Ölüm halları hətta o vaxtacan vəziyyəti nisbətən yaxşı olan almanlar və avstriyalılar arasında da yayıldı. Nərimanov adanı məqbərə ilə müqayisə etdi. 

1917-ci ildə yerli hakimiyyətin təhqiqat komissiyalarının məruzələri əsasında bir sıra qərarlar alındı. Onların həyata keçirilməsini Bakıdaki siyasi və iqtisadi şərait çətinləşdirirdi. Bununla yanaşı müxtəlif mənbələrdə qeyd edilir ki,əsirləri, xüsusən də sıraviləri Oktyabr inqilabından sonra azad etməyə başladılar. Məlumdur ki, 1918-ci ilin mayın axırlarında ADR-in ordusunda təxminən 500 keçmiş türk əsiri var idi, lakin onların Nargin məhbusu olub-olmaması bəlli deyil. 

Şəkildə türk professoru Bingür Sönməz Böyük Zirə adasında həmvətənlilərinin faciəvi taleyini tədqiq edir 

Bakıya yaxınlaşan türklər Nargin əsirlərinin azad edilməsi tələbini 15 sentyabr 1918-ci il tarixli ultimatumun bəndlərindən birinə daxil etdilər. O an üçün onların sayı məlum deyildi. Rusiya tarixçilərinin məlumatlarına görə 3 il ərzində bu düşərgədən 25 min əsir keçmişdi. Müqayisə üçün deyim ki, Azərbaycanın bütün həbsxanalarında saxlanılan məhbusların sayı təxminən elə bu qədərdir. Ölüm hallarına gəldikdə isə, bu on minlərlə ölçülür. Hərçənd bu rəqəm sənədlərlə təsdiq edilməsə də, lakin Rusiya həbs düşərgələrindəki ölüm faizini nəzərə aldıqda şişirdilmiş sayılmaz . 



Azərbaycanda artıq bir neçə ildir ki, türk əsirlərinin sümükləri üzərində bu və ya digər əyləncə müəssisələrinin açılışı planları müzakirə edilir. Heç adada müxtəlif düşərgələrin qurbanlarına xatirə abidəsi də qoyulmamışdır. Halbuki bu yer əlavə 35 il də əsir və siyasi dustaqların saxlanılması üçün istifadə edilmişdir... 

Məqalənin hazırlanması zamanı rus, türk, azərbaycan və alman müəlliflərinin tədqiqat materiallarından istifadə olunmuşdur.

Eldar Zeynalov.
“Exo” qəzeti (12.09.2015)

(Tərcüməçi Mətanət Paşasoy)

Rus variantı buradadır:
http://eldarzeynalov.blogspot.com/2015/09/blog-post_12.html

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.