четверг, 16 февраля 2017 г.

Azərbaycanda siyasi məhbus siyahılarının tarixi

JAMNEWS FEVRAL 14, 2017

Onları kim və necə hesablayır?

Siyasi məhbus mövzusu Azərbaycanda ən aktual və "ağrılı" mövzulardan biridir. Həm beynəlxalq təşkilatları, həm yerli fəalları, həm də vətəndaş cəmiyyətini həmişə neçə nəfərin siyasi məhbus olması məsələsi narahat edib. Bəs bu siyahıları kim və necə tərtib edir?

________________
AŞPA-nın qətnaməsinə əsasən, “siyasi məhbus” anlayışının tərifi

İnsan aşağıdakı hallarda siyasi məhbus sayılır

• Onun tutulması Avropa İnsan Hüquqları Konvensiyası və onun protokollarında yer alan əsas zəmanətlərdən birinin birbaşa pozulması ilə həyata keçirilibsə;

• onun həbsdə saxlanması barədə qərar sırf siyasi səbəblərdən, heç bir cinayətlə əlaqəli olmadan verilibsə;

• onun siyasi motivlərlə bağlı olaraq həbsdə saxlanması müddəti və ya saxlanma şəraiti cinayətə proporsional deyilsə;

• insan siyasi motivlər səbəbindən başqa şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanılıbsa;

• onun saxlanması açıq-aşkar ədalətsiz olan çəkişmələrin nəticəsidirsə və bunun hakimiyyətin siyasi motivləri ilə bağlı olduğu görünürsə.
_______________

Yerli hüquq müdafiəçiləri tərəfindən hazırlanan son siyahıda 119 ad var. Bu, jurnalistlər, gənc fəallar, siyasətçilər və daha çox da dindarlardır (86 nəfər). Bir nəfər də hüquq müdafiəçisi var.

Deyəsən bu mövzu Azərbaycanı onun bütün ən yeni tarixi boyu təqib edərək, spekulyasiya və ehtimallar yaradır. Bəziləri deyir ki, indi insanları daha çox həbsə atırlar, digərləri əksini söyləyir. Bu məsələyə aydınlıq gətirmək üçün bir neçə tanış hüquq müdafiəçisinə zəng edirəm.

Onlardan biri gənc hüquqşünas Rəsul Cəfərov artıq özü də siyasi məhbus həyatını yaşayıb. Deyir ki, bu məsələnin əvvəldən indiyə qədər olan tarixi ilə maraqlanıramsa, mənə köməyi dəyməyəcək, çünki 1991-ci ildə aşağı siniflərdə oxuyub. Kolleqası Anar Məmmədli ilə əlaqə saxlamağı məsləhət görür. Məmmədli ondan bir az daha yaşlıdır və hüquq müdafiəsi hərəkatına hələ 2000-ci illərdə qoşulub. Onu da həbsdən bu yaxınlarda azad ediblər.

"Başlanğıcda üç nəfər varıydı – Leyla Yunus, Arzu Abdullayeva və Eldar Zeynalov", – o deyir.

Hər şey necə başlayıb

Eldar Zeynalovun ofisi böyük və boşdur. Bir vaxtlar bura darısqal və səs-küylü bir yeriydi, qızğın iş gedirdi. İndi divar boyu tozlu qovluqlar, köhnə qəzetlər olan dolablar düzülüb. Son illər ərzində çox
şey dəyişib (misal üçün, qrant almaq çətinləşib), işləmək də çətindir, demək olar ki, mümkün deyil. Əvvəllər, hüquq müdafiəçilərinin həvəslə xatırladığı ağır doxsanlarda isə vəziyyət başqa cürüydü.

Zeynalov içində qeydlər, məktublar, fotoşəkillər və köhnə qəzetlər olan qovluqları çıxarır.

Qovluqlardan birində, üzdə sanki solğun flomasterlə yazılan məktub var 

Əslində isə bu, flomaster deyil, məhbus onu qanı ilə yazıb. "Siyasi məhbusdur?", – deyə xəbər alıram. "Yox, sadəcə məhbus, 90-larda olan köhnə hadisədir, pis davranışla bağlı şikayət".

Postsovet dövründən sonrakı ilk illərdə siyasi məhbus adlana biləcək şəxslər azıydı. Onlar 1992-ci ildə oldu – keçmiş prezident Mütəllibovun bir neçə tərəfdaşı – onun prezidentliyi dövründə Dövlət Təhlükəsizliyi Komitəsinə başçılıq edən Vahid Hüseynov və komitənin şöbələrindən birinin rəisi Sadıx Əliyev.

Siyasi məhbuslara qarşı növbəti və ən böyük repressiyalar dalğası 1993-cü ildə, Heydər Əliyev hakimiyyət başına qayıdandan sonra başladı. Xalq Cəbhəsinin hakim partiya olduğu dövrlərdə hökuməti təmsil edənlər (hər halda onların bəziləri) həbsxanaya salındı. Onların arasında keçmiş
müdafiə naziri Rəhim Qazıyev də varıydı, onu Qarabağ münaqişəsi zamanı Şuşa şəhərinin verilməsində ittiham etdilər.

Amma o vaxtlar (1993-cü ildə) hələ siyasi məhbusların sayı o qədər çox deyildi ki, onların siyahıları hazırlanaydı. Elə hüquq müdafiəsi hərəkatının özü də yenicə yaranmağa başlayırdı.

Eldar Zeynalov:

"Həmin illərdə də məhz siyasi qurbanların müdafiəsinə həvəsi ilə seçilən Azərbaycan hüquq müdafiəsi hərəkatının müasir ənənəsi yarandı. Adi insanların problemləri, gender məsələsi, homofobiya və digər hallar uzun müddət kadr arxasında qalıb. Burada da təəccüblü heç nə yoxdur, çünki o vaxtlar məhz Xalq Cəbhəsi üzvləri ilk hüquq müdafiəçiləri oldu. Yəni ilk hüquq müdafiəsi hərəkatı müxalifətin özünü müdafiə üsulu kimi meydana gəldi".

Hüquq müdafiəçisi və keçmiş siyasi məhbus Anar Məmmədli:

"Birinci siyasi məhbus siyahıları 90-cı illərin ikinci yarısında yarandı, bu zaman Azərbaycanın AŞPA-ya üzv olması barədə söhbətlər getməyə başlamışdı. Bu siyahılarda müxtəlif vaxtlarda 50-70 nəfərin adı hallanıb. Siyahıları həm siyasi hərəkatlar, həm də hüquq müdafiəçiləri tərtib edirdi. Bu siyahıların artıq 15 ildən çox mövcud olmasına baxmayaraq, nə o vaxtlar, nə də indi hökumət ölkədə ümumiyyətlə bu cür məhbusların olduğunu etiraf etməyib".

Beləliklə, siyahılar 1995-ci ildə yaranıb və məsləkdaşları həbsxanalarda olan Xalq Cəbhəsi Partiyasının üzvləri tərəfindən tərtib olunub. Həmin siyahılarda 50-dən çox adamın adı hallanıb, bu da əsasən, həmin partiyanın tərəfdarları və ya partiya üzvü olmayan müxalifətçilər olub.

Əslində isə Eldar Zeynalovun sözlərinə görə, həmin vaxt silahlı qiyam iştirakçılarını da nəzərə alsaq, siyasi məhbusların sayı artıq xeyli daha çoxuydu. Misal üçün, Azərbaycanın cənubunda Talış-Muğan Muxtar Respublikasını yaratmağa cəhd edən Əlikram Hümbətov və daha 20 nəfər.

Sonra da 1994-cü ildə dövlət çevrilişi cəhdi edən baş nazir Sürət Hüseynov və onun 20 tərəfdaşı da həbsxanaya atıldı. 1995-ci ildə isə daxili işlər nazirinin müavini Rövşən Cavadovun başçılığı altında xüsusi təyinatlılar qrupu Qarabağda hərbi əməliyyatların dayandırılması ilə razılaşmadı ki, bu da Bakıda silahlı qarşıdurmanın baş verməsinə gətirib çıxardı, nəticədə Cavadov öldürüldü, onun 576 tərəfdaşı isə həbs edildi. Bundan başqa, 1996-cı ildə İslam Partiyası ilə bağlı birinci iş açıldı (bu partiyanın üzvləri və liderləri hazırda "Müsəlman birliyi" hərəkatının üzvləri ilə birlikdə həbsxanadadır).

Eldar Zeynalov:

"Beləliklə şəxsən mənim siyasi məhbus siyahımda 2000-ci il üçün artıq 900 nəfərin adı varıydı. Düzdür, bütün problem kimin siyasi məhbus hesab olunması ilə bağlıydı. "Amnesty International"ın tərifi kifayət qədər genişdir və bu tərifə görə, çoxları, o cümlədən də silahlı siyasi qiyam qaldıranlar da siyasi məhbus hesab edilə bilər".

Bununla belə, 1998-ci ildə AXCP-nin siyahılarında hələ də siyasi məhbus kimi cəmi 50 nəfər varıydı.

Bəs necə hesablamaq lazımdır?

Kimlərin siyasi məhbus hesab olunması ilə bağlı xeyli sayda tərif var.

Bundan başqa, rəqəmlərlə bağlı da problem yaranır, çünki hələ də bəzi siyasi məhbuslar azad edilir, digərləri isə həbs edilir. Beləliklə, Azərbaycanda siyasi məhbuslar daimi hərəkətdə olan bir hadisədir.

Beləliklə meyarlar barədə. Azərbaycanın ölkədə ümumiyyətlə siyasi məhbusların olmadığını bildirən rəsmi tərəfi AŞ ilə görüşlər zamanı tez-tez bu meyarların olmadığına diqqət yetirib.

Eldar Zeynalov:

Ancaq 2012-ci ildə Avropa Şurası siyasi məhbus anlayışının tərifinə həsr olunan qətnamə qəbul edib, bu da nə qədər qəribə olsa da meyarların yaradılmasına təkid edən dövlətimizin tələbkarlığı sayəsində edilib.

Anar Məmmədli:

"Amnesty International" təşkilatı tərəfindən müəyyən olunan meyarlar ən nüfuzlu meyarlar sayılır, onlar artıq altmış ildən çoxdur ki, mövcuddur, bir çox hüquq müdafiəçiləri məhz bu meyarlara istinad edir. "Human Rights Watch" təşkilatının meyarları da etibarlı sayılır, BMT-dən olan müşahidəçilər də öz qiymətlərini verir.

"Amnesty International"ın siyasi məhbus tərifi çox genişdir. Bu tərifə görə: "İşində mühüm siyasi element olan istənilən məhbus siyasi məhbus adlandırılır. Bu, məhbusun hərəkətlərinin motivasiyası, hərəkətlərin özü və ya hakimiyyəti onu həbs etməyə vadar edən səbəblər ola bilər".

Eldar Zeynalovun sözlərinə görə, bu meyar altına həm də silahlı qiyam cəhdi edənlər də düşür, bu isə 400 insandır və onlar hələ də həbsdədir.

Avropa Şurasının meyarları isə daha ciddidir. Burada beş maddə var, dördüncü maddədə isə deyilir ki, "terror cinayətlərinə görə şəxsi azadlığından məhrum olunan insanlar dövlət qanunvericiliyi və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq, həmin cinayətlərə görə ittiham və həbs olunublarsa, siyasi məhbus sayıla bilməz".

Avropaya pəncərə

Zeynalov bu dəfə içində köhnə qəzetlər olan daha bir qovluğu açır. "Zerkalo", "Bakinskiye vedomosti", "Realnı Azərbaycan" artıq çoxdandır ki, yoxdur. Bu, qəzetlərin 2000-ci illərin əvvəlləri və ortalarında çıxan saylarıdır. Burada da xatırlanası şeylər var.

Həmin dövrü yeni mərhələ hesab etmək olar. O vaxtlar məhkəmə islahatları aparılırdı, işin bir neçə instansiyadan keçdiyi çoxpilləli məhkəmə yaradılırdı. Bundan başqa da ölkə Avropa Şurasına üzv olmağa hazırlaşırdı və deməli siyasi işlər digər ədalətsiz hesab olunan qərarlarla birlikdə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) düşmək imkanı alırdı.

Ümumilikdə 1995-ci ildən 2000-ci ilə qədər hər il ölkədə siyasi məhbusların sayı azalırdı. Çoxları – həm dinc müxalifətçilər, həm də aşağı rütbəli keçmiş qiyamçılar amnistiya ilə çıxırdı. ABŞ Dövlət Departamenti özünün hər illik hesabatında yazırdı ki, Azərbaycanda siyasi məhbusların sayı azalıb və bu "demokratiyaya tərəf atılan növbəti addımdır".

2001-ci ildə isə, ölkənin Avropa Şurasına daxil olması ərəfəsində ilk kütləvi əfv baş verdi. Siyasi məhbus siyahıları qısalırdı.

Onun qısalmasına daha bir səbəb də varıydı. İş orasındadır ki, Azərbaycan AİHM-ya üzv olana qədər bütün instansiyaları keçən işlər Avropa Məhkəməsində araşdırılmır.

Misal üçün, Azərbaycan Hüquq-Müdafiə Təşkilatları Federasiyasının məlumatlarına görə, 2002-ci ildə tərtib olunan siyahıda 107 nəfər varıydı, özü də hamısı son iki il ərzində həbs olunmuşdu. 2011-ci ildə isə demək olar ki, hamısı artıq azadlıqda idi.

Ən yeni tarix

Elə həmin vaxtlarda, 2000-ci illərin əvvəllərində hamımıza tanış olan parlament və prezident seçkiləri zamanı həbslər ənənəsi yarandı. Köhnə siyasi məhbusları buraxıb, yenilərini tuturdular.

Prezident seçkiləri zamanı Hüquq-Müdafiə Təşkilatları Federasiyası artıq 51 nəfər saydı. 2011-ci ildə isə elə həmin təşkilatın məlumatlarına görə, onların sayı artıq 60 idi.

Siyasi məhbusların təbiətdə dövriyyəsində dönüş nöqtəsi 2014-cü ilin unudulmaz yayı oldu, bu zaman həbsxanaya hüquq müdafiəçiləri-siyahı tərtibatçılarının özləri – Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Anar Məmmədli düşdü.

Leyla Yunusuz özü Hüquq-Müdafiə Təşkilatları Federasiyasının İdarə Heyətinin üzvü kimi, iyulda, öz həbsindən bir neçə gün əvvəl 108 nəfərdən ibarət siyahı tərtib etmişdi.

Son siyahı

Bu gün Azərbaycanda 119 siyasi məhbus var, amma bu siyahı da nominaldır. Bir tərəfdən bu siyahıya ötən il Nardaran qəsəbəsinə xüsusi əməliyyatın keçirilməsi üçün gələn polisə silahlı müqavimət göstərən "Müsəlman birliyi"nin nümayəndələri daxildir. Nəticədə 6 nəfər, o cümlədən iki polis əməkdaşı ölüb. "Müsəlman birliyi"nin lideri Taleh Bağırov – dini nahaq yerə dövlətdən ayırıblar və ən yaxşı idarə üsulu şəriətdir – kimi fikirləri ilə məşhurdur.

Digər tərəfdən, bu siyahıda 90-lardan həbsdə olan və deməli AİHM-nin qərarlarına ümidi olmayanların adları yoxdur.

Eldar Zeynalov:

"Bu siyahı mübahisəlidir və bir çox mənada konsensus nəticəsində tərtib olunub. Referendum ərəfəsində çoxları konstitusiyanın "hüquqlardan sui-istifadə" ilə bağlı maddələrindən birinin dəyişdirilməsinə görə narazılıq edirdilər, halbuki eyni maddə Avropa Şurası insan hüquqları və əsas azadlıqlarının müdafiəsi konvensiyasında da var. Din xadimlərinin məsələsində bu prinsip ondan xəbər verir ki, insanlar öz azadlıqlarından başqalarının azadlıqlarını boğmaq üçün istifadə edir, Azərbaycan ərazisində dini dövlət yaratmaq istəyi də əslində o deməkdir".

Hüquq müdafiəçiləri arasında başqa fikir də mövcuddur: heç kim "Müsəlman birliyi"nin dövlət çevrilişi etmək niyyətində olduğunu sübuta yetirməyib. Bu işlə bağlı keçirilən məhkəmələr qapalı idi, buna görə də "Müsəlman birliyi"nin fəallarının dini icmanı terror qruplaşmasından ayıran həddi keçib-keçmədiyini demək çətindir.

Hazırda Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupuna tanınmış hüquq müdafiəçiləri – Samir Kazımlı, Xalid Bağırov, Anar Məmmədli, Rəsul Cəfərov və başqaları daxildir.

Rəsul Cəfərovun dediyinə görə, siyahılar ildə bir neçə dəfə tərtib olunur, çünki həbsdə olan siyasi məhbuslar azadlığa çıxır, onların yerini isə yeni siyasi məhbuslar tutur.

"Bizim əsas vəzifəmiz informasiya toplamaq və bizə təqdim olunan hər bir işi araşdırmaqdır, – Rəsul Cəfərov deyir, – bu keyslərin siyasi məhbus anlayışının kriterilərinə nə dərəcədə cavab verib-vermədiyini müəyyən etmək lazımdır. Çox vaxt elə olur ki, konkret insana qarşı əsassız məhkəmə qərarı çıxarılıb və başqa şəkildə hüquqları pozulub, amma işin özü siyasi motivli deyil, bu zaman da biz sadəcə yaxşı vəkil tapmağa və ya işi mətbuatda işıqlandırmağa çalışırıq. Adətən işlər bizə etibarlı hüquqşünaslar, dostlar və qohumlar vasitəsiylə çatır, onlar da bizə danışır ki, bax bu adam, siyasi fəal həbs edilib. Biz iş üzrə maksimal sayda sənəd toplamağa çalışırıq və işi nəzərdən keçiririk".

Cəfərovun sözlərinə görə, növbəti siyahı fevralın sonu, martın əvvəllərində sona çatdırılıb, açıqlanacaq: "Hələliksə bununla bağlı vahid qərar yoxdur. Martda, Novruz bayramında növbəti əfv gözlənilir, biz də ümid edirik ki, əfv olunanlar arasında siyasi məhbuslar da olacaq".

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.