вторник, 11 июля 2023 г.

Eldar Zeynalov: “Penitensiar Xidmətin yeni rəisi məhbusları əməyə cəlb etməlidir”

Müsahibə
2023 İyul 11 ( Çərşənbə axşamı ) 17:48:36

Prezidentin sərəncamı ilə Azərbaycanda cəzaçəkmə yerlərini idarə edən dövlət qurumunun – Penitensiar Xidmətin (PX) rəhbərliyində dəyişikliklər edilib. Ədliyyə general-mayoru Ceyhun Həsənov ədliyyə nazirinin müavini, eyni zamanda Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Penitensiar Xidmətin rəisi postuna təyin olunmazdan əvvəl Həsənov Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Həsənovun işdən çıxarılmasının səbəbi və növbəti vəzifəsi açıqlanmır. Əvvəllər həmin idarənin əməliyyat rejiminin rəisi vəzifəsində çalışmış Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

Sərəncamdan öncə iyulun 7-də ədliyyə Nazirliyində kollegial müşavirə keçirilib. Müşavirədə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov korrupsiyanın aradan qaldırılması, dövlət qurumlarının işində şəffaflığın artırılması, dövlət qulluqçularının işində etik normalara riayət olunması, məhkəmə qərarlarının icrasının effektivliyinin artırılması və s. üzrə prezidentin qarşıya qoyduğu vəzifələrdən danışıb.

Azərbaycan Hüquq-Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov Turan-a müsahibəsində Penitensiar Xidmətin yeni rəhbərinin qarşısında duran vəzifələrdən danışıb.

- Penitensiar Xidmətin zabiti kimi Mirsaleh Seyidovun üstünlükləri nələrdir?

- Biz Penitensiar Xidmətin keçmiş rəisinin haraya təyin ediləcəyini bilmirik, bu səbəbdən nöqsanlarına görə cəzalandırılması barədə danışa bilmərik. Ola bilsin ki, , bu sadəcə kadr dəyişikliyidir. Ancaq əgər Penitensiar Xidmətin işində hansısa köhnə çatışmazlıqların aradan qaldırılması planlaşdırılırsa və bununla əlaqəli kadr təmizlənməsi baş verirsə, bu təyinat daha da yerinə düşür.

Ədliyyə polkovniki Mirsaleh Seyidov 2016-cı ildən penitensiar sistemdə əməliyyat-rejim işinə rəhbərlik edib, böyük agenturaya və hər koloniyada işçilərin davranışı və işlərin vəziyyəti barədə məxfi məlumatlara malikdir. Şübhəsiz ki, qazanılan təcrübə və toplanmış məlumatlar yeni rəisə kömək edəcək.

Bundan əlavə, o, seyidlərdəndir, yəni islam anlayışına görə, Məhəmməd Peyğəmbərin nəslindəndir. Bizim cəmiyyətdə bu, çox şey deməkdir. Mən penitensiar sistemdə iki seyid- zabit tanıyıram və hər ikisi də müəssisə rəhbərləri olaraq məhbuslar arasında "sərt, lakin ədalətli" rəhbər kimi yaxşı reputasiyaya malikdilər. Bəlkə də Seyidovun ata-baba kökləri ona dini məhbuslarla əlaqə qurmağa kömək edəcək.

Yeni rəis sələfindən – Ceyhun Həsənovdan "miras" qalan köhnə problemləri həll etməli olacaq. Cinayətkarlar arasında radikal fikirlərin təbliğini aparmağa çalışan dini məhbusların gözəçarpan təbəqəsilə yanaşı, məhbusların işlə təmin edilməsi kimi həll olunmamış problem də var.

İslah-əmək düşərgələri Baş İdarəsi haqqında müzakirələrdən bəri həbsxanalarda sənaye istehsalını istismar, alçalma aləti və s. hesab etmək adət halını almışdı. Heç kim maraqlanmırdı ki, sivil dünyada bununla bağlı işlər necədir. Odur ki, SSRİ-nin süqutundan sonra aparılan islahatlar zamanı lazımlı şeyi də məhv etdilər -koloniyalardakı sənaye zonaları demək olar ki, ləğv edildi. Bunun da öz məntiqi vardı: SSRİ-nin başqa respublikalarından minlərlə məhbus Azərbaycana qayıtdı və onları haradasa yerləşdirmək lazım idi. Yeni koloniyaların inşası üçün pul yox idi və bəzi keçmiş sənaye zonalarını yaşayış yerlərinə, yəni yeni koloniyalara çevirdilər. Ancaq sənaye zonalarının qaldığı yerlərdə də istehsal hər yerdə qurulmayıb.

Məhkumların məşğulluğu Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulsa da, məhkumların islah edilməsinin əsas metodlarından biri hesab olunur, reallıqda koloniya və ya həbsxananın təsərrüfat xidmətilə məşğul olan məhbusların yalnız 10%-i daimi, tamhüquqlu işə malikdir. Qalanları bütün günü işsiz gəzir, təkcə dövlətin yox, həm də onları bəsləyən ailələrinin hesabına otururlar.

Aydındır ki, müqəddəs yer boş olmur və əməklə dolu olmayan asudə vaxt digər, daha təcrübəli cinayətkarların təcrübəsini əldə etməklə doldurulur. Penitensiar Xidmət işçiləri həbsxananı bir növ "saxlama kamerası" kimi qəbul edirlər, ailəyə qaytarılmalı olan insan "yükü" hökm müddətində onlara təhvil verilib. Əslində, ilk dəfə həbsxanaya düşən adan cəmiyyətə islah olunmamış, korlanmış avara, qohumlarının hesabına yaşamağa öyrəşmiş asosial bir ünsür kimi qayıdır. Əgər o işləsəydi və uşaqlarına məktəbli forması, xanımına isə toy ildönümü üçün yeni paltar ala bilsəydi, nə özünə hörmətini və nə iş bacarığını itirməzdi.

- Niyə ölkənin müstəqilliyinin 30 ili ərzində Penitensiar Xidmətdə məhbusların əməyə cəlb edilməsilə istehsalat yaradılmayıb?

- 10 fevral 2017-ci ildə Azərbaycan Respublikası prezidenti " “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə sərəncam verib.

17 bənddən ibarət sənədin bəndlərindən biri “azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanları araşdırılsın, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması üçün tədbirlərin görülməsini” nəzərdə tuturdu. Yəni, əməyin bərpası və şəxsi biznesin həbsxana istehsalatına cəlb edilməsi nəzərdə tutulurdu. Altı ildən çox keçib, amma hələ də "imkanları öyrənirlər".

Kənd yerlərində yaradılması planlaşdırılan yeni koloniyaların məhbuslarını onlara tanış olan kənd təsərrüfatı əməyinə cəlb etmək olar. Xüsusilə də hakimiyyətin çağırışlarına baxmayaraq, "azad" sahibkarlar arasında entuziazm yaratmayan sahələrdə. Aydındır ki, dövlət hesabına mənzil, geyim, gündə üç dəfə yemək və pulsuz müalicə alan məhbusların əməyini məhsulu daha ucuz başa gələcək və rəqabət qabiliyyətli olacaq.

Bununla belə, cəzaçəkmə yerlərində adamların məşğulluq problemini həll etmək üçün heç bir iş görülməyib. Fikrimcə, prezidentin sərəncamının bu hissəsinin icrasında yeganə real problem bürokratiyanın qızıl qaydasıdır: "Əgər bir şey etməyə bilərsənsə, etmə!». Ola bilsin ki, Penitensiar Xidmətin yeni rəhbəri bu peşəkar sabotajı dəyişdirə bildi.

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.