Azərbaycanda penitensiar sistemdə islahatlar residiv cinayətkarlığın azalmasına gətirib çıxarmır
2022 Sentyabr 27 ( Çərşənbə axşamı ) 07:35:50
Kamal Əli
Azərbaycan koloniyalarında və həbsxanalarında islahatlara dair nikbin hesabatlar
Azərbaycanda cinayət cəzalarının icrası üzrə dövlət penitensiar sistemində islahatların aparılması və humanistləşdirilməsilə bağlı rəsmi səviyyədə çox danışılır. Xüsusilə qadın həbsxanalarında (4 saylı koloniya) və yetkinlik yaşındakı cinayətkarların saxlanma yerlərində aparılan islahatlar, məhkumların təhsilinin və peşə hazırlığının artırılmasına diqqət yetirilməsi barədə çoxlu məlumatlar dərc olunur. Məhkumların ictimai təşkilatlarla görüşləri, məhkumlara psixoloji, tibbi, hətta kosmetoloji yardımların göstərilməsi barədə məlumatlar verilir. Rəsmi məlumata görə, cəzaçəkmə yerləri təmir olunur, yeni müəssisələr tikilib istifadəyə verilir, məhkumların qohumları ilə görüşü üçün daha rahat yerlər yaradılır.
Ədliyyə Nazirliyinin saytı bildirir ki, islahatlar Ədliyyə Nazirliyinin istintaq təcridxanalarını da əhatə edir. Məhkumlar üçün iki böyük müalicəxana fəaliyyət göstərir ki, bunlardan biri ağciyər xəstəlikləri (vərəm, koronavirus infeksiyası) olan məhkumların müalicəsi üzrə ixtisaslaşıb. Bu klinikalarda müalicə olunmaq imkanı olmadığında xəstələr mühafizə altında respublika xəstəxanalarına aparılır.
2022-ci ilin aprelində ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Azərbaycanda penitensiar sistemdə islahatlar əsas məsələlərdən biridir. O, “islahatları” sadalayarkən yalnız yetkinlik yaşına çatmayanlar və qadın məhbuslar üçün iki yeni müəssisənin tikildiyini, həmçinin prezidentin əfvlərini ölkənin humanizm ideyalarına sadiqliyinin göstəricisi kimi qeyd edib.
Penitensiar Xidmətin yüksək vəzifəli əməkdaşları xarici və beynəlxalq təşkilatlarla görüşlərdə iştirak edirlər, inkişaf etmiş ölkələrdə aparılan islahatlar təcrübəsini mənimsəyirlər. 21-22 iyun 2022-ci il tarixində Sevilyada (İspaniya) Avropa Şurasının təşkilatçılığı ilə həbsxanaların və probasiya xidmətlərinin rəhbərlərinin 27-ci illik konfransı keçirilib. Konfransda Azərbaycanı ədliyyə nazirinin müavini Ceyhun Həsənov, Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov və nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov təmsil ediblər. Konfransda azadlıqdan məhrumetmə yerlərində qadınların əməyi, məhkumların cəmiyyətə reinteqrasiyası, məhkumların psixoloji sağlamlığı, penitensiar sistem müəssisələrinin dizaynı və infrastrukturuna dair məruzələr dinlənilib. Azərbaycandan olan iştirakçılar ölkəmizdə aparılan islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ- hüquqi aktların qəbulu, yeni, beynəlxalq səviyyəyə uyğun penitensiar müəssisələrin tikintisi barədə məlumat veriblər.
2010-cu ildə Bakıda Azərbaycanda penitensiar sistemdə islahatlara dəstək üzrə ikiillik layihənin icrası ilə bağlı konfrans keçirilib. Layihə Avropa Şurasının himayəsi altında Norveç hökumətinin maliyyə yardımı ilə həyata keçirilib. Penitensiar müəssisələrin işçiləri üçün treninqlər keçirilib, məhkumların saxlanma şəraiti, onlara tibbi xidmətin göstərilməsi yaxşılaşdırılıb.
Penitensiar müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparılıb, bu sistemdə psixoloqlar qrupu yaradılıb, havalandırma və təbii işıqlandırmanın yaxşılaşdırılması məqsədilə kameralarda pəncərələr genişləndirilib. Məhbusların qida rasionu yaxşılaşıb, onların telefon danışıqları, qohumları ilə görüş və bağlama almaq imkanları artıb, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin sosial adaptasiyası istiqamətində addımlar atılıb. Beynəlxalq humanitar təşkilatların köməyilə bu müəssisələrdə vərəmin yayılmasının qarşısının alınması üçün mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Elə həmin dövrdən Probasiya Xidmətinin - məhkumun evinin hüdudlarında azadlığın məhdudlaşdırılması formasında, onun hərəkətinin elektron izlənilməsilə cəza sistemi -yaradılmasına başlanılıb.
Residiv cinayətkarlığın yüksək olduğu digər Azərbaycan reallığı
Azərbaycanın penitensiar sisteminin bütün sahələrində vəziyyətin durmadan yaxşılaşması barədə məlumatlarla paralel olaraq, tikanlı məftillər arxasında real həyatın başqa tərəfi, başqa dünya var. Turan-a məhkumların qohumlarından, ailə üzvlərindən, cəzaçəkmə yerlərində olan, habelə azadlığa çıxan vətəndaşlardan telefon zəngləri və məktublar daxil olur. Bu müraciətlərin heç birində müsbət məlumat yoxdur.
Həbsxana dəhşətlərini yaşayanlar məhbusların döyülməsi, pis qidalanma, kameralardakı sıxlıq, həbsxana və koloniyaların bütün işçilərinin rüşvətxorluğu, yayda içməli suyun, qışda isə otaqların soyuq olması barədə bildirirlər.
Lakin Azərbaycan Penitensiar Xidmətinin öz funksiyasını - residivin (əvvəllər məhkum olunmuşlar tərəfindən təkrar cinayətlərin törədilməsi) səviyyəsinin azaldılmasını yerinə yetirmədiyini qeyd etməmək olmaz. Görünür, buna görə də rəsmi sənədlərdə residivin statistikasına dair məlumat yoxdur. Hüquq-mühafizə orqanları ölkədə cinayətkarlığın, əsasən də təkrar cinayətlərin dinamikasını izləmək üçün illər üzrə müqayisəli məlumatları vermir. Təkcə onu bilirik ki, Azərbaycanda məhbusların sayı 20-23 min nəfər arasındadır.
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın koordinatoru, hüquq müdafiəçisi Səadət Bənənyarlının məlumatına görə, Azərbaycanda residivin səviyyəsi 50% təşkil edir.
Azərbaycan Hüquq-Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov Turan-a müsahibəsində daha yüksək rəqəm söyləyib. Onun sözlərinə görə, məhkumların 60%-ə yaxını azadlığa çıxdıqdan sonra yenidən dəmir barmaqlıqlar arxasına düşür.
Onun sözlərinə görə, on il öncə cinayətlərin təkrar törədilməsilə bağlı vəziyyət analoji idi, ümumilikdə heç nə dəyişməyib. “Əvvəllər rəsmi şəxslər bu rəqəmin 65% olduğunu deyirdilər. Bu rəqəm heç vaxt mübahisəli olmayıb. Sovet dövründə bu göstərici 30% idi”. Zeynalov hesab edir ki, məhkumların yalnız üçdə biri həbsdə olduğu müddətdə yenidən tərbiyə olunur.
Müxtəlif ölkələrdə residiv anlayışı altında bu terminin fərqli anlamı var: təkrar cinayət məsuliyyətinə cəlb edilmə, təkrar hökm və azadlığa buraxıldıqdan sonra bir, iki və ya beş il müddətinə yenidən azadlıqdan məhrum edilmə. Haradasa statistikaya şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma şərtlərinin pozulmasına görə məhkumun həbsxanaya qaytarılmasını daxil edirlər, haradasa yox. Məsələn, istifadə edilən ölçülərdən asılı olaraq, Norveçdə residivizm 14%-dən 42%-ə qədər təşkil edə bilər. 2010-cu ildə Böyük Britaniya Ədliyyə Nazirliyi İngiltərə və Uels, Şotlandiya və Niderlandda residivizmi müqayisə etməyə cəhd edib və aşağıdakı rəqəmlər alınıb: il ərzində təkrar hökm müvafiq olaraq azad edilənlərin 45,1, 44,3 və 38% faizini təşkil edib. 2009-cu ilin yayından 2011-ci ilin noyabrınadək Latviyada residivizm belə olub: həbs cəzasını çəkmişlərin arasında 51%, şərti olaraq vaxtından əvvəl azadlığa buraxılanlar arasında 26%, şərti cəza alanlar arasında 16%, - Strateji Araşdırmalar Mərkəzindən (RF) Olqa Şepeleva öz məqaləsində yazır.
Karolin Didi “Azadlıqdan məhrumetmə və residivizm: xarici təcrübə” adlı məruzəsində residivizmin profilaktikası baxımından Almaniya, Hiderland və Norveçdə həyata keçirilən resosializasiya və reabilitasiya proqramlarını təhlil edib. Məlumatlar göstərir ki, ayrı-ayrı proqramlarda iştirak edən qruplarda residivizmin səviyyəsi azalır. Yəni, hər konkret proqramın məzmunu mühüm rol oynayır, ona görə də onların dizaynına çox səliqəli yanaşmaq lazımdır.
Uğurlu proqramlar keçmiş məhbuslar tərəfindən böyük ehtimalla residivizmə səbəb olan aşağıdakı risk faktorları ilə işləyir: savadsızlıq, ümumməktəb təhsilinin olmaması, uğurlu işə düzəlmə üçün hər hansı peşəkar bacarığın olmaması, qanuni məşğulluq təcrübəsinin olmaması; həbsdən öncəki və ya azadlığa buraxıldıqdan sonra işədüzəlmədə uğursuzluqlar; öz mənzilinin və ya daimi yaşayış yerinin olmaması; cinayətkar fəaliyyətə erkən qoşulma, qanuna tabe həyat təcrübəsinin olmaması; sosial təcrid və zorakılıq, o cümlədən ailə zorakılığı təcrübəsi; narkotik maddə asılılığı, alkoqolizm, toksimaniya; psixi sağlamlıqla bağlı problemlər.
“Azərbaycanda çox vaxt residivistləri Bakıətrafı, 8 saylı islah müəssisəsinə yerləşdirirlər. Əsasən oğurluq, qarət, dələduzluq və narkotik maddə alverinə görə oraya düşürlər ”, - Eldar Zeynalov qeyd edib.
O, Azərbaycanda penitensiar islahatların effektivliyini tənqid edir: “Bu gün sağaltmayan, əksinə şikəst edən həbsxanalara münasibəti dəyişmək lazımdır. Cinayətlərin təkrarlanması indi sovet dövründə olduğundan iki dəfə çoxdur. Amma saxlanma şəraiti də yaxşılaşıb və sovet Cinayət Məcəlləsinin bir çox qanun pozuntuları dekriminallaşdırılıb”.
Həbsxanalarda əmək cinayətkarların islah edilməsinin yoludur
Həbsxanaların humanistləşdirilməsinin hələ ki niyə mənfi nəticə verdiyini anlamaq üçün məhkumların islah edilməsi üzrə əsas vasitələrin siyahısına baxmaq lazımdır (Cəzaların İcrası Məcəlləsinin (CİM) 8.2-ci maddəsi). Onların sayı altıdır: cəzanın icrası və çəkilməsi qaydası (rejim); tərbiyəvi iş; ictimai- faydalı əmək; ümumi təhsil; peşə təhsili və peşə hazırlığı; ictimai təsir.
Onlarda ictimai- faydalı əmək demək olar ki, yoxdur. Koloniyaların özlərinin təsərrüfat xidmətləri üzrə işlər yox, ölkədə tələb olan məhsulların istehsalı nəzərdə tutulur. Qadın koloniyasında işçi geyimi tikirlər, xalça toxuyurlar, 2-3 digər koloniyada üzüm üçün dirəklər, əsgər barakları üçün çarpayılar, məktəb partaları, yaxud dəmir darvazalar düzəldirlər. Bu, Azərbaycanda məhbusların sayı ilə müqayisədə cüzidir. Koloniyaların sənaye zonaları boş qalıb, onların çoxunu yaşayış zonalarına çeviriblər, digərlərində bir neçə dəzgah var ki, onlarda işləmək artıq öhdəlik yox, imtiyazdır, belə ki, "əməyə şüurlu münasibət" vaxtından əvvəl azadlığa yol açır. Bu arada CİM-də layiqli əməkhaqqının təmin edilməsi və pensiya stajının hesablanması daxil olmaqla, əmək münasibətlərini tənzimləyən onlarla maddə var. Vicdanla qazanmaq imkanı həbsxanaya düşmüş bir adamın özünə hörmətini saxlayır, onu ailəsinə "yük olmaqdan” xilas edir, uşağının doğum günündə hədiyyə almasına şərait yaradır. Çalışmaq imkanı olmayan məhbus özünə siqaret belə ala bilmir və istər-istəməz sosial baxımdan asılı adama çevrilir.
Dövlət başçısının 2017-ci il 10 fevral tarixli sərəncamında deyilir: “Azadlıqdan məhrum edilmiş şəxslərin ictimai- faydalı əməyə cəlb edilməsi, cəzaçəkmə müəssisələrində mövcud istehsalat sahələrinin bərpası və yeni sahələrin yaradılması imkanlarının öyrənilməsi məqsədilə sahibkarların bu fəaliyyətdə iştirakının stimullaşdırılması üzrə tədbirlər görülüb” .
Beş ildən çox vaxt keçib, bunun üçü pandemiya və müharibənin olmadığı vaxta düşüb. Amma heç bir iş görülməyib. Eynilə, on il ərzində (2007-2017-ci illər) azad edilmiş məhkumların sosial adaptasiyası haqqında qanun (digər məsələlərlə yanaşı həmin adamların yaşayış yeri və işlə təminatını da əhatə edirdi) sabotaj edilib.
“Mənim üçün icraçıların sabotajı göz önündədir”, - Zeynalov deyib. Koloniya rəislərindən biri Zeynalovun “bu müəssisənin rəhbəri kimi öz vəzifəsini nədə görür” sualına belə cavab verib: “Mənim koloniyam saxlama kamerasıdır, məhkumu mənə təhvil verirlər və mən müddətin sonynda onu sağ və sağlam geri qaytarmalıyam”. Belə minimalist yanaşmanın məhbusun əməyinə qətiyyən ehtiyacı yoxdur və məhbusu əşyaya, “sürüdəki qoyuna” çevirir. Belə olduğu halda “çoban” tabeliyində olanların “sağılıb”, “kəsilməməsi” üçün özünü necə saxlaya bilər?
Madam məhbuslar kölgə gəliri gətirirlər, təbii ki, vicdansız işçilər məhbusun sayının daha çox olmasında və bizim dövr üçün xoşagəlməz olan qadağaların saxlanmasında maraqlı olacaqlar. Əmək məhkumu müəyyən dərəcədə ailədən müstəqil edir, şəxsi xarakteristikasını yaxşılaşdırır (və deməli, vaxtından əvvəl azadlığa çıxmağa imkan yaradır), bununla da bir çox korrupsiya sxemlərini alt-üst edir.
Həmçinin məhbusların əməyinin yalnız sənaye əməyi (məsələn, əlcək tikmək və kağız üçün sancaq istehsalı) kimi qəbul edilməsindən imtina etmək və kənd yerlərindən olan məhbuslardan aqrar-sənaye sahəsində (fermalar və s.) istifadə imkanlarını nəzərdən keçirmək lazımdır. Bu, nəinki adamın kənd təsərrüfatı ilə əlaqəsini saxlayar, həm də azadlıqda onun işinə yaraya biləcək kənd əməyinin qabaqcıl metodları ilə tanış olmasına kömək edər. Məhkumların əməyi cəlb edilməklə dövlət müəssisələrinin yaradılması malların təkrar satışına üstünlük verən kəndlilərin məşğul olmaq istəmədiyi kənd təsərrüfatı sahələrinin problemini həll edir.
Məhbusların azadlığa buraxılana qədər və sonra cəmiyyətə inteqrasiyası
Məhbusun ailəsilə münasibətini çətinləşdirən daha bir aspekt evin cəza çəkdiyi koloniyadan uzaqda olmasıdır. Mən hələ pandemiyanın yaratdığı problemləri nəzərdə tutmuram. Amma təsəvvür edin ki, Qazaxdan olan qadın Bakıda qadınlar üçün yeganə koloniyasında ümumi rejimli cəza çəkir. Qanuna görə, hər həftə ona ziyarət edə bilərlər, ancaq bundan ötrü bütün ölkədən keçmək lazımdır. Və bunun nəticəsidir ki, 4 saylı koloniyadakı qadın məhbusların yarısına qohumları baş çəkmir (və ya müntəzəm olaraq baş çəkmir). Qobustan həbsxanası, vərəm xəstələri üçün 3 saylı koloniya, xüsusilə təhlükəli residivistlər üçün 8 saylı koloniya, hüquq- mühafizə sisteminin keçmiş işçiləri üçün 9 saylı koloniya eyni vəziyyətdədir.
Uzaqlıq məsələsi tədricən düzəlir. Naxçıvan və Şəkidə penitensiar komplekslər yaradılıb. Onlar bir neçə ətraf rayona xidmət edirlər və həm istintaq təcridxanası, həm də qarışıq rejimli (ümumi və ciddi) koloniyalardan ibarətdir. Növbədə Gəncə və Lənkəranda, bəzi digər kənd yerlərində oxşar komplekslərin yaradılması var. Amma prosesi sürətləndirmək lazımdır.
Yeni rayonlararası həbsxanaların yaradılması da saxlanma şəraitinin yaxşılaşdırılmasına kömək edərdi. Sovet dövründə və sovet standartlarına uyğun tikilmiş indiki koloniyalar evdən uzaqda yerləşməsi, başçəkmələrin və bağlamaların çox az olması ilə yanaşı, yaşayış sahəsinə görə nəinki Avropa, hətta mövcud milli standartlara (Avropada 6-7 kv.m. və milli 4-5 kv.m-ə qarşı 2.5-3 kv.m.) da uyğun gəlmir. Elə Bakı da koloniyalardan azad olmuş olardı, onların bir çoxu artıq şəhərə girmişdi - bu yaxınlarda 4 saylı koloniyanın sıx əhalisi olan Qara Şəhərdən şəhərətrafı Zabrat qəsəbəsinə köçürülməsi razılıqla qarşılanıb.
Ancaq təkcə saxlanma şəraitinin yaxşılaşdırılması insanı yenidən tərbiyə edə və ya ondakı kriminal meylləri söndürə bilməz. Cəzanın sərtliyi (o cümlədən dözülməz saxlanma şəraiti) insanı yalnız qəzəbləndirə bilər, yenidən tərbiyə edə bilməz. Məhbuslar ictimai faydalı əməyə cəlb edilməsə, təbii ki, mənəvi deqradasiyaya uğrayar, üstəlik cəmiyyət onlara özündən asılı adamlar kimi baxır, penitensiar sistemdə isə korrupsiya üçün çoxsaylı boşluqlar qalır. Bax, penitensiar islahatlar bu mühüm problemi həll etməlidir, Zeynalov deyib.
Azadlıqda necə yaşamalı? Bəziləri yenidən həbsxananı seçir
Həbsxananın astanasından kənarda bütün bu müddətdə azad edilənləri gözləyən problemlər yığılır. İşi olmadığı halda zərərçəkmişə mülki iddia ödəməlidir. Yenidən öz ailəsini saxlamaq zərurətinə qayıdır. Yaxud həbsdə olduğu müddətdə ailəsini, hətta evini itirmiş biri özünə ev axtarmalı olur. Eyni zamanda, azadlığa çıxmış vətəndaşa işəgötürənə lazım deyil, belə ki, əmək vərdişlərini itirib, bəlkə də həbsxanaya qədərki peşəsi artıq köhnəlib və heç kimə lazım deyil. Bu cür vəziyyətdə adama gündə üç dəfə qidalandığı, geyindiyi və müalicə aldığı yerə qayıtmaq ən əlverişli görünə bilər. Əlillər və qocalar üçün asayişin olduğu, özbaşınalıqdan qorunduqları həbsxanada oturmaq azadlıqdan daha yaxşı görünə bilər. “Sosial məhbuslar” belə yaranır, -hüquq müdafiəçisi Eldar Zeynalov mövzunu davam etdirib.
Avropa Şurasının çoxsaylı tövsiyələri və hüquq müdafiəçilərinin kampaniyasından sonra 2007-ci il mayın 5-də “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun qəbul edilib. Orada “penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, onların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslərin törədə biləcəyi yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sisteminin”yaradılmasının vacibliyi göstərilib.
Bu qanun “sosial adaptasiyaya” görə məsuliyyəti bir sıra dövlət strukturlarının, o cümlədən Ədliyyə Nazirliyi, DİN, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Adaptasiya Mərkəzinin yaradılması haqqında Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli qərarının qəbuluna daha 10 il vaxt lazım olub. Və daha 1,5 il Qobustan rayonu ərazisində Dövlət Sosial Müdafiə Fondu yanında Sosial Adaptasiya Mərkəzi strukturunun təsdiqi barədə 1 səhifəlik qərarın razılaşdırılmasına gedib. Keçmiş məhbusların minimum bürokratik problemlərlə cəmiyyətə qayıtması üçün onlara şərait yaratmağa tələsməyiblər.
Bu qədər uzun müddətə yaradılmış sosial adaptasiya sistemi bu gün nə təklif edir? Adaptasiya prosesi həbsxanadan buraxılmadan öncə başlayır. Belə ki, adaptasiyanın prinsiplərindən biri onun könüllü olmasıdır, məhbusun barəsində lazım olacaq məlumatlar tədricən toplanır. Həbsxana və ya koloniya administrasiyası əsasən məhbuslardan hansının daimi yaşayış sahəsinin olmadığını, peşə təhsilinə, işə, tibbi və sosial yardıma ehtiyacı olduğunu, kimə müxtəlif sənədlərin lazım olduğunu aydınlaşdırır. Belə məhbuslar qeydiyyata alınır, onlara hüquq və azadlıqları, sosial adaptasiyanın mahiyyəti izah edilir.
Məhbuslar azadlığa çıxana qədər lazımi sənədlərlə təmin olunurlar, onlara müəyyən məbləğdə pul verilir, müvəqqəti yaşayış yerinə ehtiyac olduqda Sosial Adaptasiya Mərkəzinə göndərilirlər. Orada onlara hüquqi, psixoloji və informasiya yardımı göstərilir, təhsil və müalicə üçün göndərişlər verilir və işsiz kimi qeydiyyata alınırlar.
Əvvəlcə sosial adaptasiyaya ehtiyacı olmadığını güman edən və penitensiar müəssisəsində qeydiyyata düşməyən keçmiş məhbuslar, həmçinin xarici dövlətlərin həbsxanalarından azad edildikdən sonra Azərbaycana qayıdan vətəndaşlar 3 ay ərzində qeydiyyatdan keçib adaptasiya prosesinə qoşula bilərlər.
Belə hesab edirlər ki, sosial adaptasiya üçün bir il kifayətdir. Amma müstəsna hallarda bu müddət daha bir il uzadıla bilər. Rəsmi məlumatlardan da göründüyü kimi, yeganə Sosial Adaptasiya Mərkəzi eyni vaxtda 50 keçmiş məhbusa xidmət göstərir.
Bu, çoxdurmu? Bəs azadlığa çıxan məhbuslara kifayət qədər diqqət göstərilirmi?
Keçmiş məhbusların əksəriyyətinə müvəqqəti mənzil lazım olmur. Bununla belə, 2021-ci ilin sosial-demoqrafik göstəricilərinə əsasən fikir yürütsək, cinayətkarların 61%-i (ümumi 21 206 nəfərdən 12 936 nəfər) cinayət törətdiyi vaxt təhsil almayıb və çalışmayıb. Onların yarısı artıq əvvəllər mühakimə edilib, bu isə 50 nəfər yox, ikiqat çoxdur. Bəlkə də dövlət keçmiş məhbusların risk qrupu olduğunu nəzərə alıb, onlara iş təklif etsəydi, cinayətlər daha az olardı. Odur ki, belə sosial adaptasiya mərkəzləri daha çox olmalıdır, - E.Zeynalov deyir.
Residivlərin qarşısının alınmasında proqressiv dünya təcrübəsi
Avropa penitensiar qaydalarında məhkumların postpenitensiar adaptasiyasına həsr olunmuş bir sıra normalar ehtiva edilir. Qaydaların 107-ci maddəsinin 1-ci hissəsində deyilir ki, məhkumlar azad edilmədən öncə onlara penitensiar müəssisədə elmdən cəmiyyətdə qanuna tabe olan elmə keçidi təmin edən prosedurlar və xüsusi proqramlar şəklində yardım göstərilməlidir. Qaydalar bu məqsədə çatmağın yollarını müəyyən edir - əməli sosial dəstəklə birlikdə nəzarət altında azad edilməzdən öncə fəaliyyət proqramının hazırlanması.
https://scicenter.online/ispolnitelnoe-pravo-ugolovno-scicenter/mejdunarodnyiy-opyit-preduprejdeniya-retsidiva-172139.html
Finlandiyanın penitensiar müəssisələrində postpenitensiar cinayətlərin qarşısının alınması məsələlərilə məşğul olan əməkdaşların yerli bələdiyyələrin və digər dövlət, qeyri-dövlət qurumlarının təminat və məşğulluq orqanları ilə işgüzar əlaqələr qurması tələb olunur. Bu fəaliyyətin mühüm tərkib hissəsi cəzanın çəkildiyi müddətin saxlanılması və ya azadlığa buraxıldıqdan sonra yenidən yaşayış yerlərinin alınmasıdır. Sosial işçi məşğulluq orqanları ilə birlikdə təlim və ya iş üçün yer tapmağa, həmçinin məhkumun ailəsilə ünsiyyəti ilə əlaqədar məsələlərin həllinə yardım göstərməyə borcludur.
Almaniya həbsxanalarında “açıq” bölmələr var. Onlar ağır olmayan cinayətlərə görə nisbətən qısa müddətə mühakimə edilmiş şəxslər üçündür. Digərlərini isə bu bölmələrə azadlığa çıxmazdan bir il öncə adi həbsxanalardan köçürürlər. Belə bölmələrdə məhkumlar öz paltarlarını geyinir, qohumları və tanışları ilə telefonla əlaqə saxlaya bilirlər. Özləri işə gedir və axşam geri qayıdırlar, üç-dörd nəfərlik otaqlarda yaşayırlar. Həftədə bir gün ailəsilə yaşamaq hüququ var. Zərurət yarandıqda cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin işə düzəlməsinə Ədliyyə Nazirliyinin sosial işçiləri tərəfindən köməklik göstərilir.
Azadlığa çıxdıqdan sonra ilk aylarda özünü və ailəsini dolandıra bilməsi üçün kifayət qədər məbləğ yığılana qədər həbsxanada cəza çəkdiyi müddətdə məhkumun qazancının üçdə biri tutulur.
Azadlığa çıxdıqdan sonra məhkumların işlə təmin olunması və adaptasiya problemlərinin həlli üçün administrasiya bu işçilərin əməyindən istifadədə maraqlı olan müxtəlif işəgötürənlərlə əlaqə qurur. Bu, nəinki sərbəst buraxılanların adaptasiyasını yaxşılaşdırır, həm də onların mövcud əmək vərdişlərinin saxlanmasına və yenilərinin əldə olunmasına kömək edir. Həmçinin islah müəssisəsinə məhkumların ailəsi və digər yaxınları ilə, əsasən də onların azadlığa buraxılması ərəfəsində əlaqə yaratmasını təmin etmək həvalə edilib.
Böyük Britaniyada bir ildən çox cəza çəkən bütün məhbuslar və yetkinlik yaşına çatmayanlar azadlığa buraxıldıqdan sonra cəza müddətindən asılı olaraq müşahidə altında olurlar. Böyük Britaniyada islah müəssisələri və probasiya xidməti ayrı qurumlardır. Məhbusların azadlığa çıxdıqdan sonra uğurlu adaptasiyası bu iki xidmətin əməkdaşlığının dərəcəsindən asılıdır. Burada aşağıdakı məsələ həll olunur: cəzadan azad edilməzdən öncəki dövrü azadlığa buraxıldıqdan sonrakı ilk dövrlə əlaqələndirmək.
Nəticə
Mövcud penitensiar sistem və həbsdən sonrakı adaptasiya şəraitində Azərbaycanda residiv göstəricilərinin azalması faktiki olaraq mümkün deyil. Başa düşmək lazımdır ki, penitensiar müəssisə cəza alətindən daha çox, məhkumun yenidən tərbiyə edilməsi, düşüncəsinin, davranışının dəyişməsi sistemidir. Əgər residivlər azalmırsa, ekspertlərin fikrincə, əgər statistika məsul dövlət xidmətləri tərəfindən gizlədilirsə, bu, həll olunmayan, amma retuş edilən problemlərin olmasından xəbər verir. Bu isə cinayətkarlığın, əsasən də residivlərin artmasına əlverişli şərait yaradır.
Vəziyyət cəza sistemi siyasətinə yenidən tərbiyə sistemi istiqamətində yenidən baxılmasını tələb edir. Bundan ötrü vəziyyətin dərindən təhlili, cinayətkarlığın azaldılması siyasətinə cəlb edilmiş bütün strukturların və xidmətlərin vahid zəncirinin yaradılması yolu ilə penitensiar sahədə və reabilitasiya sistemində islahatlara dair yol xəritəsinin qəbul edilməsi vacibdir.
https://astna.biz/ext/news/2022/9/free/pol-security/az/2683.htm