суббота, 15 июля 2017 г.

Narginin sirrləri: Matros Pankratovun kabusu


1918-ci ilin sentyabrında Bakının "Sentrokaspi Diktaturası"ndan azad olunmasından sonra sayılı həftələr ərzində əsirlərin mübadiləsi həyata keçirildi. Nəticədə Nargin boşaldı. 

O dövrün çoxsaylı xatirələrindən belə anlaşılır ki, oraya hətta mübadilə zamanı "unudulmuş" və Salyan kazarmalarında saxlanılan erməni əsirlərini belə yerləşdirmirdilər. 

Nargin əvvəlki kimi öz mayakı ilə gecələr ətrafa göz vururdu, lakin artıq hərbi obyektə çevrilmişdi. Oraya silahlar gətirilmişdi. Ancaq baraklar hələ də sökülməmişdi. Bir dəfə bu silahlar az qala işə düşəcəkdi... 

1920-ci il martın sonlarında Petrovskdan gələn Denikin flotiliyası Narginə yan aldı. Flotiliya Azərbaycan hökümətinə təslim olub onun donanmasına xidmətə keçmək istəyirdi. Silah-sursatı Azərbaycana satmaq nəzərdə tutulurdu. 

Təslim zamanı problem yaşanarkən baş nazir eskadra komandirini Nargin adasının silahları ilə təhdid etdi. Ağ donanmanın gəmilərinin bir hissəsi qaldı, digər qismi yenə də iran limanı Ənzəliyə yola düşdü. 

28 aprel 1920-ci ildə XI Qızıl Ordu Bakını işğal edərək özü ilə "Fövqəladə Komissiya" və "qırmızı terror" gətirdi. Terrorun ən bariz təmsilçisi XI ordunun xüsusi şöbəsinin rəisi matros Semyon Andreyeviç Pankratov oldu. Azərbaycan kommunistlərinin gələcək lideri Mircəfər Bağırov da onun rəhbərliyi altında xidmət etmişdir. 

Pankratov hələ Bakıdan öncə də Həştərxanı ram etməsi ilə məşhurlaşmışdı. Sosialist mühacir Melqunov bu haqda belə xatırlayır: " Martın 19-da Həştərxanın işçiləri tətilə başladılar. Onların mitinqi qoşunlar tərəfindən mühasirəyə alınmışdı. Əsgərlər işçilərə pulemyotdan atəş açdılar və qumbara atdılar. Qaçmağa çalışanları süvarilər təqib edib yerindəcə öldürürdülər. Şəhərdə kütləvi həbslər başlandı. Moskvaya üsyan barəsində teleqram vuruldu. Trotski "amansızcasına cəzalandırmaq" əmrini verdi və S.M.Kirovun, çekist-matros Pankratovun, quldur Çuqunovun rəhbərliyi altında edamlar başlandı. Barjalara və paroxodlara yerləşdirilənlərin çoxunu boyunlarından daş asıb suda boğurdular. "Qoqol" paroxodunda bir gecədə 180 nəfəri suda boğdular. Güllələnənləri qəbiristanlığa aparmağa çatdırmırdılar. Birdən ayıldılar ki, yalnız "proletariatı" qırıb çapırlar. "Üsyan" səhnəsinə daha sanballı görkəm vermək üçün "burjuy"lar lazım oldu. Beləcə varlı məhəllələrin sakinləri də reydlərə və cəzalara məruz qaldılar. Bu azğınlıq aprelin axırlarına kimi davam etdi. 4 minə yaxın adam məhv edildi".

Pankratov Azərbaycan Fövqəladə Komissiyasına qısa müddət başçılıq etdi: 1920-ci ilin may-iyun aylarında. N.Nərimanov Azərbaycana gələndən sonra Hərbi-İnqilabi Komitəyə şikayətlənirdi ki, Fövqəladə Komissiya güllələnmələri Hərbi-İnqilabi Komitə ilə razılaşdırmadan həyata keçiririr. 

Nəticədə Pankratov Azərbaycan Fövqəladə Komissiyasındaki işləri "milli kadr" Baba Əliyevə təhvil verib XI Qızıl Ordunun Xüsusi Şöbəsinə geri qayıtdı. 

Bu hadisə şayiələrlə bəzədildi. Tiflisdə dərc edilən "Gürcüstan" menşevik qəzeti 30 may 1920-ci ildə yazırdı: "Fövqəladə Komissiya ehtiyatla qırğınlara başladı, lakin sonradan qızğın fəaliyyətə keçib kütləvi həbslər həyata keçirdi. Komissiyanın matros Pankratovun başçılığı altında gördüyü işlər "daha uğurlu" idi. Ancaq Nərimanovun Bakıya gəlişindən sonra Semyon Pankratov zərərsizləşdirildi".

Lakin məqalə çıxan vaxtlarda Pankratov nəinki zərərsizləşdirilməmişdi, hətta hakimiyyətinin zirvəsində idi. 26 avqust 1920-ci ildə Az.KP MK Siyasi Bürosu Azərbaycanda üsyanların ləğvi məsələsini müzakirə edərkən bu məqsədlə yaradılmış "dördlüyə" Xüsusi şöbədən Pankratov da daxil oldu. 

1921-ci ildə, o, XI Qızıl Ordunun tərkibində Tiflisdə gürcülərə (hətta, bəlkə də, onu "zərərsizlışdirən" qəzet işçilərinə) tutulan divanda iştirak edirdi. Bu hadisədən sonra onun izləri itir. 

Əksər vaxtı Semyon Pankratovla onunla eyni soyadı daşıyan Vasili Fyodoroviç Pankratovu səhv salırlar. Və bu da səbəbsiz deyil. Vasili Fyodoroviç də matros olub, 1923-26-cı illərdə Zaqafqaziyada Birləşmiş Dövlət Siyasi İdarəsinin səlahiyyətli nümayəndəsinin müavini və Qafqaz Qızıl Ordusunun Dövlət Siyasi İdarəsinin Xüsusi Şöbəsinin rəisi vəzifələrində çalışıb. 1926-cı ildə trotskist kimi vəzifədən azad edilib. 

Qovulduqdan sonra təsərrüfat işləri ilə məşğul olub, öz baxışlarından heç vaxt imtina etməyib və sonda da güllələnib. 

Xaricdə dərc edilən "Müxalifətin bülleteni"ndə Trotski onun adını "oktyabr ənənələrinin ən dəyərli və şücaətli nümayəndəsi" və "bizim burada haqqında danışa bilmədiyimiz dəhşətli və əzablı istintaqın qurbanı" kimi qeyd edir. 

Həştərxan təcrübəsi Bakıda Pankratovun işinə çox yaradı. Burada , o, "yoldaş Lyuba" adlı bir nəfər sadistlə birgə insanları şəxsən güllələməkdən çəkinmirdi. ÇK-nın (Fövqəladə Komissiyanın) görüləcək hələ çox işi var idi. 

1920-ci ilin aprelində hakimiyyətin ələ keçirilməsi qansız-qadasız ötüşdüsə də, lakin tezliklə bolşeviklərin müstəmləkə siyasəti Gəncədə, Şuşada, Zaqatalada, Qarabağda, Lənkəranda və digər bölgələrdə bir sıra üsyanlara səbəb oldu. 

1920-24-cü illərdə 54 genişmiqyaslı silahlı iğtişaş baş verdi. Üsyançıları və onları dəstəkləyən mülki əhalini çox vaxt elə yerindəcə, istintaqsız və məhkəməsiz amansızcasına edam edirdilər.

1920-ci ilin aprelindən 1921-ci ilin avqust ayına qədər Azərbaycanda 48 min adam "qırmızı terrorun" qurbanı oldu. Onların dörddə biri Gəncə üsyanında (26-31 may 1920) həlak oldu.

Sovet Rusiyasında olduğu kimi Bakıda da 17 may 1920-ci ildə Az.KP-nın siyasi bürosu əmək düşərgələrinin (konslagerlərin) yaradılması barədə qərar qəbul etdi. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin konslagerlərin yaradılmasının əsasını qoyan 1919-cu il tarixli dekretində məcburi əmək düşərgələrinin təşkili və idarəsi Quberniya Fövqəladə Komissiyalarına həvalə edilmişdi. 

Həmin düşərgələrə Fövqəladə Komissiya idarəsinin şöbələrinin, inqilabi tribunalların, xalq məhkəmələrinin və digər sovet orqanlarının qərarları əsasında məhkum edilmiş şəxslər göndərilirdi. 

Dekretə əsasən bütün quberniya mərkəzlərində (adəti üzrə "müstəqil" inqilabi Azərbaycanın da paytaxtı onlara aid edilmişdi) 300 nəfərlik düşərgələr yaradılmışdı. 

Dustaqlardan çoxunun yeni hökümət qarşısında heç bir günahı yox idi, sadəcə olaraq sinfi təqiblərə məruz qalaraq həbs edilmişdilər. 

Rusiyada ilk düşərgələr adətən hərbi əsirlərin mübadiləsindən sonra boşalmış Birinci Dünya Müharibəsi düşərgələrinin yerində salınırdı. Bu səbəbdən də ehtimal olunur ki, Bakıdakı düşərgə Nargində yerləşirdi. Həm də artıq orada lazımi infrastruktur da yaradılmışdı. 

Gəncə üsyanından sonra onun iştirakçılarından 23 zabit ( 6 general daxil olmaqla) Narginə düşdü. Misal üçün, bolşeviklərin əsir aldığı general-mayor Feyzulla Mirzə Qacar Bakıya göndərilmiş və Nargində güllələnmişdir. 

Gəncənin hüdudlarından kənarda 6 iyun 1920-ci ildə 79 nəfər yüksək rütbəli azərbaycan zabiti həbs edilmişdi. Pankratovun göstərişi ilə onlar da Nargində güllələnmişdi. 

Onların arasında Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyov, general Əbdülhəmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl xan Ziaydxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı şəhəri polis idarəsinin rəisi Quda Qudiyev, millionçu Murtuza Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və digərləri vardı. Generallar Əliağa Şıxlinskini və Səmədbəy Mehmandarovu güllələnmədən kommunistlərin lideri Nəriman Nərimanovun havadarlığı xilas etdi.

Sovet hökümətinə xoş gəlməyən yüzlərlə insan Nargin adasına aparılmış və orada taleyinin həllini gözləyirdi. Üzeyir Hacıbəyovun memorial muzeyinin direktoru mərhum Ramazan Xəlilov da onların arasında idi. O, bunları danışırdı: "1920-ci ilin iyununda mən Vəhşi diviziya alaylarından birinin keçmiş unter-zabiti kimi XI Qızıl Ordunun Xüsusi Şöbəsinin əməkdaşları tərəfindən həbs edildim. Köhnə Polis küçəsində (indiki Yusif Məmmədəliyev küçəsi, ev 5)yerləşən həbsxananın ümumi kamerasında ay yarım qaldıqdan sonra mühafizə altında "əşyalarımla" Narginə göndərildim. Ada mənim lənətim oldu. Bizi çirkli, üfunətli və dar baraklarda əsir türklərlə bir yerdə yerləşdirdilər. Gündüzlər qızmar günəşin istisindən əziyyət çəkirdik. Heç bürkülü gecələrdə də rahatlıq tapmırdıq. Bəzən ac qalırdıq, susuzluğumuzu çirkli və isti su ilə yatırmalı olurduq. Bütün sutkanı birələr aman vermirdi, gecələr siçovullar qaçışırdı. Ağcaqanad dişləməsindən və qaşınmadan məhbusların üzləri tanınmaz hala düşəcək qədər şişirdi. Əllər, ayaqlar və bütün bədənlər qırmızı suluqlar içində olurdu, sanki gicitkan dalamışdı. Tezliklə ayaq üstə güclə dayanan məhbuslar ölümcül mədə-bağırsaq xəstəliklərinə tutuldu. Onları adanın şərq hissəsindəki quyularda beş-beş, altı-altı ( gün ərzində nə qədər dustaq ölsə) basdırırdılar. Kimə ki, Xüsusi şöbədə əşyasız yola düşmək əmr olunmuşdu,onları yaxınlıqdakı Qum adasına güllələməyə aparırdılar. Bu adada mən sentyabr ayına qədər qaldım və Nəriman Nərimanovun köməkliyi ilə azad edildim".

Belə bir fikir yayılmışdı ki, Narginə yalnız edam etməyə aparırlar. Buna baxmayaraq məhbuslardan bir qismi bir müddət sonra azadlığa buraxılırdı. 

Misal üçün, Rusiya arxivlərində vaxtilə Nargində cəza çəkmiş iki nəfər keçmiş hərbiçinin adlarını tapmaq mümkün olmuşdur. Əslən Tula quberniyasından olan çar, sonralar Ağ ordunun (çox güman ki, elə azərbaycan qoşunlarının da) sıralarında xidmət etmiş zadəgan, podporuçik Boris Nikolayeviç Litvinov. 

Ağların ordusunda xidmətinə görə 1920-ci ildə 1 il 3 ay müddətliyinə məhkum olunmuşdur. Azadlığa buraxıldıqdan sonra 1921-22-ci illərdə Qırmızı Orduda xidmət etmişdir. 

Ryazan quberniyasından yefreytor Andrey Maksimoviç Kurdyukov çar ordusundan tərxis olunduqdan sonra Azərbaycan ordusuna keçdi. Sovetləşdirmədən sonra həbs edilmişdir. Nargində konslagerdə saxlanılıb. Sonradan azad edilmişdir. Qazaxstanda xəstəxanada sanitar işləyib.

Uzun zaman adada mayakın gözətçisi qismində çalışan Pyotr Puxlyakov belə danışırdı: "Güllələnmələr haqqında heç nə deyə bilmərəm, amma adada həqiqətən təcridxana var idi: tikanlı məftillər arxasında tikilmiş bir neçə barak. Deyirdilər ki, orada "xalq düşmənləri" saxlanılır- trotskistlər. Müharibənin axırlarına yaxın onları apardılar, barakları yerlə yeksan etdilər, onların yerində əsgərlər üçün kazarma tikdilər". Qeyd edim ki, 1941-ci ildə almanlara yol göstərməsin deyə mayakı ləğv etmişdilər. Mayak bir də 1950-ci illərdə bərpa olunmuşdu. 

Belə məlumat var ki, Qum və Bulla adalarında həqiqətən də çox sayda güllələnmiş insanların qalıqları tapılırdı. Lakin Nargin də bütün bunlardan kənarda qalmamışdı- söylənənlər yalan deyildi. 

Hər halda 1941-ci ilin iyulunda Narginə 1939-cu ildə Polşanın parçalanması zamanı həbs edilmiş 200 polşalı köçürüldü. Bu vaxt orada heç bir "trotskist" yox idi. Amma polyakların 1942-ci ilin fevralına kimi onlar üçün istehkamlar qurduğu hərbiçilər var idi. 

Polyaklardan biri - Yan Klimoviç xatırlayırdı ki, onların qazdığı üç çalanın üçündə də 70 sm dərinliyində atəş izləri olan sovet hərbi formasında dustaq qalıqları tapıldı. Hər çalada 200-dən çox cəsəd var idi. Və məhbus işçilər əmri yerinə yetirmək üçün cəsədlərin üzərində yeriməli olurdular. 

Qalıqların matros Pankratovla onun Lyubkasının qurbanlarına - azərbaycan zabitlərinəmi yaxud da 1930-cu illərin təzə qurbanlarınamı (polyak skeletlərdən yox cəsədlərdən danışırdı) aid olduğunu demək çətindir və hələ də sirr olaraq qalır. Görünür, bu məsələ artıq bir neçə ildir adada tikilməsi planlaşdırılan əyləncə müəssisələrinin layihə müəlliflərini çox da narahat etmir... 

Eldar Zeynalov.

P.S. Yeri gəlmişkən, Pankratovun çoxsaylı qurbanlarına (keçmiş qafqaz milli ordularının hərbiçiləri və Azərbaycanda sığınacaq tapmış keçmiş denikinçilər) Ryazan düşərgəsində də rast gəlinir. Lakin Nargində güllələnmiş azərbaycan zabitlərindən fərqli olaraq tale bu məhbuslara (çoxu ruslar idi) qarşı daha rəhmli olmuşdur. 

Məsələn, 3 saylı Gəncə piyada alayından poruçik Aleksandr Petroviç İvanov xüsusi şöbə tərəfindən Bakıda həbs edilib Ryazan konslagerinə, ordan da əmək cəbhəsinə göndərilmişdir. 3 saylı Şəki süvari alayından Qriqori Akimoviç İkonnikov da onunla eyni taleyi bölüşmüşdür. 

Gəncədə həbs edilib Ryazana göndərilənlər: podporuçik Aleksandr Qriqoryeviç Aqafonov; Azərbaycan ordusunun tağım komandiri Abuzər Səid Əliyev; bölük komandiri gizir Alimcanov Fisobzar (?) Şahbaz; əvvəl Gəncə quberniya hərbi komissarlığında qarovul bölüyündə xidmət etmiş, daha sonra eskadron komandiri olmuş xorunji (bayraqdar) İvan Yerofeyeviç Dorodnıy; atlı dağ divizionunun ştabs-kapitanı Pavel Fyodoroviç Andreyevski; podpolkovnik Matvey Pavloviç Andreyevski; topçu Vladimir Aleksandroviç Arnşteyn; hərbi intendant Vasili Vasilyeviç Babikov; poruçik İvan Merkuryeviç Bazarov; keçmiş podporuçik, Gəncə teatr truppasının artisti Serqey Nikolayeviç Draqoyev; təsərrüfat işləri üzrə kargüzar Fyodor Mixayloviç Zaytsov... 

Keçmişdə Ağ orduda xidmət etdiklərinə görə Bakıda həbs olunanlar: birinci Azərbaycan fəhlə-kəndli atıcı alayının sıravisi Yevgeni İvanoviç Qreve; keçmiş podporuçik əlil Aleksandr Mixayloviç Aptekman; Azərbaycan ordusunun 20-ci mühəndis batalyonunun komandir köməkçisi kapitan Aleksandr Serqeyeviç Alekseyev; Ağ və Azərbaycan ordularının zabiti Dmitri Vasilyeviç Juravlyov; keçmiş gizir, Bakı Dram Teatrının həvəskar artisti Yevgeni Nikolayeviç Aqurov, həmçinin çox sayda ağ denikinçilər.

Məqalənin hazırlanması zamanı İ.Rüstəminin, Ə.Nəzərlinin, Ş.Nəzirlinin, F.Nağdalıyevin, K.Lyaskoviçin , S.Melqunovun, X.Heydərovun və digərlərinin materiallarından istifadə olunub.

Tərcüməçi - Mətanət Paşasoy.

Rus versiyası:

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.