суббота, 30 июля 2016 г.

Silaha əl atmaq nəyə lazımıydı?

Bakıda islamçıları deyil, nardaranlıların həyat tərzini mühakimə edəcəklər

Eldar Zeynalov, Bakı
29 IYUL 2016 - 12:20

Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Taheh Bağırzadə və onun tərəfdarlarının işi üzrə məhkəmə başlayıb. Onlara qarşı qətl, Konstitusiya quruluşunu devirmək, qanunsuz silah saxlama və s. daxil olmaqla ən ağır ittihamlar irəli sürülüb. İş üzrə həbs edilən 72 nəfərdən ancaq 18 nəfəri müttəhimlər kürsüsündədir. Məhkəmə iclasları zalında dəmir qəfəsə təxminən bu qədər adam yerləşir. Belə görünür ki, hazırki məhkəmə prosesi məhkəmə seriyasına ümumi fon verəcək.

Çox güman ki, bu konkret müttəhimlərin hərəkətlərinin deyil, onların yaşadığı Nardaran qəsəbəsinin ənənəvi həyat tərzi üzərində məhkəməsi olacaq. Bakıdan bir qədər aralıda yeləşən, 9300 əhalisi və 5 məscidi olan bu qəsəbə "İranın anklavı" kimi tanınır. Qadağan olunmuş Azərbaycan İslam Partiyasının bir çox fəalları, şiə ilahiyyatçıları buralıdır. Burada, 2015-ci ilin əvvəllərində hazırda tərəfdarları mühakimə olunan Müsəlman Birliyi Hərəkatı (MBH) yaradılıb.

2002-ci ildə Nardaranda baş verənləri xatırlayıram: qiyam, polis blokadası, yanan polis avtomobillərindən qurulan barrikadalar, güllə izlərindən tutar qalmayan divarlar, nardaranlıların özləri üçün əvvəlcədən qazdıqları qəbirlər. Dəyənək və daşla silahlanan, həmrəyliklə birləşən əhali. Hadisələrin episentrindən 20-30 metr aralıda zərər dəyməmiş polis məntəqəsi. Hakimiyyət o vaxt həmin məntəqəyə od vurulduğunu və dağıdıldığını desə də, nardaranlılar özlərinin dövlət institutlarına hörmətini göstərərək, nə binaya, nə də polislərə dəydilər (özü də polis tərəfindən mühasirəyə alınan qəsəbənin içində)!

Vətəndaş cəmiyyətinin ekspertlərindən ibarət komissiya o vaxt belə bir nəticəyə gəldi ki, etiraz dini deyil, sosial mahiyyətlidir. Nəzarət altında olan bələdiyyəni nardaranlılara sırımaq cəhdlərinin boşa çıxdığını görən hakimiyyət onlara, oranjereya təsərrüfatlarına və balıqçılığa zərbə vurmaqla iqtisadi təzyiqlər göstərməyə başladı. Bu problem qismən həllini tapan kimi, nardaranlılar geri çəkildi.

O vaxtkı nardaranlılar ölümə hazırıydılar. İndiki Nardaran artıq fərqlidir və özü sakit qəsəbə həyətlərindən polisə gizlicə güllə atmağa hazırdır. Amma hadisələrdən sonrakı vəziyyət belə adamların çox olmadığını göstərdi. Bu, əsasən, evlərinə sığınan hürkmüş insanlardı və onları siyasətdən daha çox elektrik enerjisinə görə borcun silinməsi maraqlandırır.

Nardaranlılar yenə də əvvəlki kimi, dindar və inadkardılar. Amma artıq heç kim ölmək istəmir və dörd məscidin bağlanmasına, iki axundun və onlarla həmkəndlilərinin tutulmasına baxmayaraq, insanlar üç gün keçəndən sonra dağılışdılar.

26 noyabr 2015-ci ildə polis əməliyyatı üçün qəsəbəyə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açılanda bu iki Nardaran arasında yaranan uçurum dindarlarla islamçıları bir-birindən ayırdı. Dindar Allaha, özünə və müdrik padşaha pənah gətirir. İslamçı isə islam inqilabına və dünyəvi hakimiyyətin şəriət idarəçiliyi ilə əvəz olunmasına ümid edir. Buna görə də təsadüfi deyil ki, Nardaranda islamçıların təsiri altında uzun müddət bələdiyyədən tutmuş hətta yanğın söndürmə stansiyasına qədər istənilən dünyəvi institutun yaradılmasına qarşı çıxırdılar.

Atışmadan bir ay əvvəl MBH sədri ""biz Azərbaycanda islam inqilabının olmasını və konstitusiya quruluşunun dəyişdirilməsini istəmirik" deyəndə yalan danışırdı. Qonşu İranda ölkənin dini lideri Xamneinin nümayəndəsi əyatullah Moctahid Şabestari əminliklə bildirdi: "Nardaranda baş verənlər qeyri-mütəşəkkil, inqilabi hərəkatdır".

Azərbaycanın konstitusiya quruluşuna hörmət din və dövlətin bölgüsünün tanınmasında, qanunlara riayət olunmasında ifadə olunmalıdır. Belə ki, "Qeyri-hökumət təşkilatları" haqqında qanun onlara siyasətlə məşğul olmağı qadağan edir. "Dini azadlıq haqqında" qanuna əsasən nə QHT, nə də xarici islam universitetlərinin məzunları dini fəaliyyətlə məşğul ola bilməzlər (Bağırzadə 6 il İran və İraqda təhsil alıb). MBH-nin 2015-ci ilin oktyabr ayında seçkiləri boykot etməklə bağlı çağırışı isə ümumiyyətlə QHT mandatına zidd idi.

Bağırzadə öz məqsədlərini gizlətməyib də. 2015-ci ilin iyul ayında azadlığa çıxandan dərhal sonra teoloq "kiçik həbsxanadan böyük həbsxanaya" çıxdığını və "qətiyyətlə" mübarizəni davam etdirəcəyini bildirdi: "Bizim düşüncəmizdə, ilahiyyatçı siyasətçi də ola bilər, siyasətçi ilahiyyatçı da ola bilər. Ümumiyyətlə dinin siyasətdən uzaq olması baxışımda səhv bir məntiqdir. İslam tarixini oxusanız, 19-cu əsrə qədər Azərbaycan tarixində dövlət quruculuğunda müsəlman hüququndan istifadə olunub."

Mənim üçün aşkar olunan silah və narkotiklərdən daha vacib olanı odur ki, MBH Konstitusiyanın verdiyi azadlıqlardan sui-istifadə edərək, bizi bu azadlıqların olmadığı XIX əsrə qaytarmaq istəyirdi.

Bağırzadənin bu proqram bəyanatı onun Hərəkatın loyal olması ilə bağlı sonradan səsləndirdiyi məcburi bəyanatın üzərindən xətt çəkir. Bu ərəfələrdə polislər teoloqu Yevlaxda məscidə buraxmır. O, saxlanılır və bəzi məlumatlara görə, polis tərəfindən fiziki zorakılığa məruz qalır. Buna etiraz olaraq Sabunçuda başlayan iğtişaşlar zamanı MBH tərəfdarları həbs edilir.

Bundan başqa, loyallıqla bağlı bəyanatlar sonrakı hadisələr zamanı da öz təsdiqini tapmadı. Sual olunur, Konstitusiyaya riayət edən demokratların silah nəyinə gərəkdir? Axı Bağırzadənin bundan əvvəl 2013-cü ildəki həbsi zamanı da sürücüsünün üzərində tapança aşkar edilmişdi. Amma o vaxtlar silah susurdu, indisə onun qurbanları 2 polis zabiti və 5 mülki şəxs (o cümlədən də başqa şəhərlərin sakinləri) oldu. Silah-sursat MBH-nin tərəfdarlarının Nardaran, Gəncə və digər regionlarda həbsləri zamanı da tapıldı.

Kimsə bunun "qəsdən qoyulduğunu" deyə bilər. Amma suallar yenə də qalır: bəs onda Nardaranda polisə nədən və ən əsası niyə atəş açılmışdı? Axı silah saxlamağa görə həbs müddəti elə də böyük deyil, indi isə onları ömürlük həbs cəzası gözləyir.
Hansısa qanunlar və ya məmurların əməlləri dindarların hüquqlarını pozursa, bunu silaha deyil, məhkəməyə müraciət etməklə həll edirlər. Axı indi hətta Avropa İnsan Haqları Məhkəməsinə belə müraciət etmək mümkündür.

"Kasımaxunov və Saybatalov Rusiyaya qarşı" işində Avropa Məhkəməsi qeyd edib ki, "siyasi təşkilat ancaq iki halda qanun və ya konstitusiya qurumlarının dəyişdirilməsi üçün işləyə bilər: birincisi, bunun üçün istifadə olunan vasitələr hüquqi və demokratik olmalıdır; ikincisi, təklif olunan dəyişikliyin özü fundamental demokratiya prinsiplərinə uyğun olmalıdır. Yəni liderləri zorakılığa təhrik edən və ya demokratiyaya hörmət etməyən ya da demokratiyanın, demokratiyada qəbul olunan hüquq və azadlıqların pozulmasına yönələn siyasəti irəli sürən siyasi partiya bu əsasla tətbiq olunan cəzalara qarşı Konvensiya tərəfindən müdafiə olunmağa iddia edə bilməz".

Nardaran hadisələri qanunvericiliyin sərtləşdirilməsinə güclü təkan verdi. Bu hadisələrdən artıq bir həftə sonra Azərbaycanda "Dini ekstremizmlə mübarizə haqqında" qanun qəbul edildi. Bu il iyulun 18-də isə prezident Konstitusiyanın 24-cü maddəsinə düzəliş təklif etdi, bura aşağıdakı cümləni əlavə etmək təklif olundu: "Hüquqlardan sui-istifadə yolverilməzdir". Məşhur rusiyalı inqilabçı Plexanov bu yerdə deyərdi: "Bunu əvvəlcədən gözləmək olardı. Buna görə əlinə silah almaq da lazım deyildi".

Siyasətçilərin illərlə manipulyasiya etdiyi nardaranlıların qarşısında tarixin yeni səhifəsi açılır. Hakimiyyət 25 ildə görülməyən işləri bitirir: daxili yolların təmiri başa çatıb, məscidlərin dövlətlə münasibətləri qurulur, elektrik enerjisi və qaz təchizatı yaxşılaşdırılır, işə düzəlməkdə kömək etməyə söz verirlər. Hətta dünyəvi Bilik evi də yaradılıb. Bu yaxınlarda Nardarana səfər edən ölkə prezidenti deyib ki, qəsəbənin infrastrukturu "lazımi səviyyədə olmalıdır".

Tam məntiqə uyğundur ki, burada həm də polis və Dövlət Təhlükəsizliyi Xidmətinin şöbələri də açılıb. Bunun nə ilə - stabillik və qayda-qanun, yoxsa total polis nəzarəti ilə nəticələnəcəyini vaxt göstərəcək. Amma həm hakimiyyət, həm də nardaranlılar müdriklik göstərsələr, daha yaxşı olar.

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.